Məhkəmə qərarları › İş №2(060)-754/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-754/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-754/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanun Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X1 cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 (bundan sonra - iddiaçı) Sumqayıt Şəhər Bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 45 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında mövqe sxemi əsasında 5-ci küçədə yerləşən sahəsi 800 m2 olan 4 saylı həyətyanı torpaq sahəsinə dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin xx xxxxxx 2006-cı il tarixdən bağlanmış sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx xxxxxx 2006-cı il tarixli, 45 saylı iclas protokolunun qərarı ilə Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında mövqe sxemi əsasında 5-ci küçədə fərdi ev tikintisi üçün sahəsi 800 kvadrat metr olan 4 saylı həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin qərar qəbul edilməmişdən əvvəl cavabdehin müraciətləri əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafiq rəylər verilmiş və torpaq sahəsinin onun mülkiyyətinə alqı-satqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehin hesablaşma hesabına xx xxxxxxxx 2006-cı il tarixdə torpağın alqı-satqı haqqı olaraq 400 manat məbləğində pul ödənilmişdir. Bundan sonra cavabdehin yuxarıda göstərilən qərarı qəbul edilmiş, habelə torpaq sahəsi müvafiq təhkim aktı və inşaat pasportu tərtib edilməklə yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. Lakin bütün bu sənədlərin verilməsinə baxmayaraq, iddiaçı torpaq sahəsini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən həmin qərarın 2-ci bəndi ona məlum olmayan səbəblərə görə yerinə yetirilməmişdir. Qeyd edilən bənddə birbaşa göstərilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair akt tərtib olunmalı və həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınmalıdır. Ancaq həmin dövrdə müvafiq alqı-satqı aktı bələdiyyə tərəfindən tərtib edilmədiyindən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə 2015-ci ilin fevral ayında ləğv olunduğundan hal-hazırda torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, bələdiyyənin öz vəzifəsini sona qədər icra etməməsi səbəbindən iddiaçı torpağın alqı-satqı aktını əldə edə bilmir və müvafiq olaraq da həmin torpaq sahəsini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirə bilmir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, daşınmaz əşyalara dair alqı-satqı müqaviləsi yalnız yazılı şəkildə bağlandıqda etibarlıdır. Hal-hazırda tərəfər arasında belə bir müqavilə mövcud deyildir. Bu səbəbdən hazırkı iddia qanunvericiliyə zidd olduğundan təmin edilə bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Hal-hazırda həmin səlahiyyət bələdiyyəyə aid deyildir. Bu səbəbdən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı Sumqayıt Bələdiyyəsini cavabdeh kimi göstərərək onunla aralarında alqı-satqı müqaviləsinin bağlanmış sayılmasını xahiş edir. Azərbaycan Respublikası nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli Qərarə ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanlar siyahısına aid edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri ümumi hüquq münasibətlərindən yaranan münasibətlərdir. Belə ki, bu münasibətlərdə bir tərəfdə vətəndaş (fiziki şəxs), digər tərəfdə isə hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan dayanır. İşin müəyyən edilmiş hallından görünür ki, iddiaçı onun sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsini istəyir. Belə olan halda o, bu barədə ərizə ilə müvafiq inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən imtina cavabı aldığı təqdirdə isə həmin tələblə bağlı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı tələbə isə ümumi məhkəmədə baxıla bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 45 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında mövqe sxemi əsasında 5-ci küçədə yerləşən sahəsi 800 m2 olan 4 saylı həyətyanı torpaq sahəsinə dair onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin xx xxxxxx 2006-cı il tarixdən bağlanmış sayılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar