Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7554/2024 14.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı aliment və uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment və uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının onun yanında saxlanılmasına və hər bir övladlarının 18 yaşı tamam olanadək Cavabdeh əmək haqqından hər övladına 70 AZN olmaqla, cəmi 210 AZN sabit pul məbləğində alimentin alınıb ona ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, İİ Tərəf-Cavabdeh onların faktiki nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 (Bundan sonra uşaqlar) İ Tərəfin, yəni İddiaçı yanında qalmasına razılıq verir. İİ Tərəf uşaqlar yetkinlik yaşına çatana qədər hər ayın 1-dən 5-ə qədər uşaqların saxlanılması üçün ümumilikdə 200 (iki yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (100 manat) İ Tərəf ödəyir. Göründüyü kimi tərəflər xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin hər ay 200 manat müəyyən edilməsi barədə barışıq sazişi bağlayıblar. Hazırda Cavabdeh sözügedən barışıq sazişinin şərtlərini yerinə yetirmirsə İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xüsusi icraat qaydasında Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçı barışıq sazişinin şərtləri ilə razı deyilsə, onun etibarsız hesab edilməsi və ya sazişdə müəyyən edilmiş alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə də məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment və uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment və uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsinə baxılmasından imtina edilsin və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun . Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(060)-7554/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7554/2024
14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver