Məhkəmə qərarları › İş №2(060)-758/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-758/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-758/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 25 avqust 2015-ci il tarixdə rəsmi nikah münsaibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahı Sumqayıt şəhər Qeydiyyat şöbəsində 432 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya göz açmışdır. Ailə qurduqları ilk illər mehriban yaşamış, bir-birilərinə hörmət etmiş və bəzi məsələlərdə qarşılıqlı olaraq razılığa gəlmişlər. Lakin sonradan Cavabdeh ailə qayğılarından uzaqlaşmış və həm iddiaçıya, həm də övladlarına qarşı laqeyd münasibət göstərməyə başlamışdır. Övladları artıq böyüyür və onların qayğıları da artır. Övladlarının artan qayğılarını qarşılamaq və onların tələbatlarını ödəmək tək ana olaraq gücü daxilində deyil. Cavabdeh bir ata olaraq öz vəzifə borcunu yerinə yetirmir və övladlarının saxlanılmasında yaxından iştirak etmir. Ona görə də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə cari ilin dekabr ayında müraciət etsə də, iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsi və həmin qərarın icrası 2024-cü ilə təsadüf edəcəkdir. Rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, hər ay, hər uşağa 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 25 avqust 2015-ci il tarixdə verilmiş AZ-İİ № 050295 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 25 avqust 2015-ci il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 432 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həmidova soyadı verilmişdir.

8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 06 may 2016-cı il tarixində verilmiş AZ-İİİ № 756034 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 xx.xx.2016-cı ildə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 04 oktyabr 2017-ci il tarixində verilmiş AZ-İİİ № 998337 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-02669 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğndə mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 25 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaqlar ananın himayəsindədirlər. İddiaçı uşaqların saxlanılmasında maddi çətinlik çəkir və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Cavabdeh iddia tələbi ilə razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

16. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

17. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, cavabdehin razılığını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, Cavabdeh övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.

18. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

19. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Nəticə hissəsi:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar