Məhkəmə qərarları › İş №2(060)-758/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-758/2025

10.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-758/2025 10.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 30 noyabr 2019-ci ildə faktiki nikahla ailə həyatı qurmuşdur. Cavabdehlə birgə faktiki nikahdan 1 övladları anadan olmuşdur. X3- xx.xx.2020-ci il təvəllüdlü. Aliment barədə ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdeh ilə xasiyyətlərinin tutmaması, bu səbəbdən onunla və ailəsi ilə birgə yaşamalarının mümkün olmamasıdır. Ailə qurduqları ilk günlərdən cavabdehlə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması, qayınanasının ailə işlərinə tez-tez yersiz müdaxilələr səbəbindən ailə münasibətləri tamamilə dağılmışdır. Artıq son 3 ildir ki, aralarında olan faktiki nikahı olmasına baxmayaraq, tamamilə bir-birilərinə yad adamlardırlar. Barışmaları mümkün deyildir. Səbəbi bu illər ərzində iddiaçını rəsmi nikaha salmamağı, azyaşlı övladının və özünün yaşadığı mənzilə qeydiyyata almamağı idi. Dəfələrlə cavabdehə bildirsə də, o, övladının saxlanması ilə əlaqədar stabil olaraq hər ay üçün aliment ödənişi etməmişdir. İddiaçı isə heç bir yerdə işləmir, aztəminatlı valideynlərinin köməkliyi ilə dolanır. Cavabdehin bir çox gəlirləri var. Dövlət işindən başqa cavabdeh mağazadan qazanc əldə edir, yetərincə məbləğdə gəliri olsa belə ailəyə yardım etmir. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixdə anadan olmuş övladı X2 iddiaçının yanında saxlanılması, oğlunun 18 yaşı tamam olanadək Cavabdeh əmək haqqından və əlavə gəlirlərindən hər ay 300 manat sabit pul məbləğində alimentin, 24 ay müddətində 3 yaşınadək övladına baxdığına görə iddiaçıya düşən və övladına aid ödəmədiyi pulların hesablanaraq alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 406038 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə, 621 № ilə qeyd edilmişdir.

7. İş materiallarında olan Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 531569 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02196 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 6 saylı DOST Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli 3-17-7/2-M-46204/2024 nömrəli işsizlik haqqında arayış təqdim etdiyi üçün mediasiya xərcindən azad edilmişdir.

9. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" QSC-də texnik, elektrik sistemləri vəzifəsində çalışır və aylıq maaşı isə 555,42 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olmamış, faktiki olaraq ailə qurmuşlar, faktiki nikahdan bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 300 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana qədər saxlanılması üçün maddi yardımın tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

14. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

15. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

17. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat, 2025-ci ildə 400 manat müəyyən edilmişdir.

18. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında saxlanılmalı, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,58 misli həddində (345 x 0,58= 200,1 manat), 2025-ci il üzrə 0,58 misli həddində (400 x 0,58= 232 manat) sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

20. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 19 noyabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında saxlanılmalı, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,58 misli həddində (345 x 0,58= 200,1 manat), 2025-ci il üzrə 0,58 misli həddində (400 x 0,58= 232 manat) sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,58 misli həddində, 2025-ci il üzrə 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar