Məhkəmə qərarları › İş №2(060)-7591/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7591/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7591/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 həddi-büluğa çatana kimi saxlanması üçün hər bir uşağa ayda 150 manat sabit pul məbləğində alimentin, ümumilikdə 300 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi icra olunsa da, onlara icraçı təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, barışıq sazişinə əsasən alimenti ödəyir. Bəzən ödənişlərdə gecikmələr olsa da, daimi olaraq alimenti ödəyir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş materiallarla müəyyən olunur ki, tərəflər arasında 12 fevral 2024-cü ildə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və tərəflər öz aralarında müəyyən şərtərlə razılığa gəlmişlər. Həmin barışıq sazişinin şərti olaraq Cavabdeh ilə İddiaçı münasibətlərindən doğulmuş övladları xx.xx.2017-ci il doğumlu X5, xx.xx.2021-ci il doğumlu X1 üçün Cavabdeh hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimenti fevral ayından başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq İddiaçı ödəyəcəyinə razılıq əldə etmişdirlər. Hal hazırda iddiaçı həmin mediasiya prosesi zamanı tərəflər arasındakı mübahisənin predmeti olan və həmin prosesin nəticəsi olaraq barışıq sazişinin bağlandığı məsələ ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə desək iddiaçı tərəflər arasında mediasiya yolu ilə həllini tapmış məsələyə məhkəmədə yenidən baxılmasını istəyir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə mübahisəli məsələ ilə bağlı mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra yenidən iddia icraatı qaydasında həmin məsələyə baxılması imkanı nəzərdə tutulmamışdır. Belə ki, tərəflər arasında barışıq sazişi bağlandığından və mübahisəli məsələ həll olunduğundan artıq mövcud olmuş mübahisəyə məhkəmədə baxılması zərurəti də aradan qalxmış olur. Məhkəmədə iddia icraatı qaydasında o halda mediasiya nəticəsində bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq oluna və ya təsdiq olunmasından imtina oluna bilər ki, tərəflər arasında ilkin olaraq mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət olunsun, məhkəmədə icraat zamanı tərəflər öz aralarında mübahisənin mediasiya vasitəsilə həllinə dair razılığa gəlsinlər və mediasiya prosesinin tətbiqi nəticəsində barışıq sazişi bağlasınlar. Bu zaman məhkəmə tərəfindən həmin sazişin qanunazidd olduğu müəyyən edilmədikdə barışıq saziş məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilir, əks təqdirdə işin icraatı davam edir. Məhkəmə qeyd edir ki, məhkəmədə mübahisəli məsələ ilə bağlı iddia qaldırmamışdan öncə mediasiya vasitəsilə tərəflər arasında barışıq sazişinin bağlandığı halda yenidən eyni mübahisəli məsələ ilə bağlı iddia icraatı qaydasında məhkəmədə iddia qaldırılması yeni yaradılmış mediasiya institunun əhəmiyyətini də şübhə altına almış olur. “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Eyni zamanda tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanması onlar arasında artıq mübahisənin mövcud olmadığını ehtiva edir. Həmin proses nəticəsində bağlanmış barışıq sazişi könüllü icra müddətində icra edilmədikdə isə tərəfin hüququnun müdafiəsi vasitəsi kimi onun məcburi icra edilməsi üçün qanunvericilikdə xüsusi prosedur müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəsli ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi icra olunmadığı təqdirdə xüsusi icraat qaydasında həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi məsələsinə baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunsun ki, barışıq sazişinin könüllü şəkildə icra olunmadığı təqdirdə xüsusi icraat qaydasında həmin sazişin təsdiq olunması üçün ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, həmin sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar