Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7622/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 16.11.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşağa görə 175 manat ümumilikdə 350 manat sabit pul məbləğində aliment və uşağın 3 (üç) yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat maddi yardımın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, 16.11.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşaq 3 (üç) yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində maddi yardımın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 17.10.2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 16.11.2020-ci il təvəllüdlü X3 adlı övladları vardır. Ailə qurduqdan bir müddət sonra cavabdehlə münasibətləri pisləşmişdir. Nikahları pozulmasa da, münasibətləri gərgindir və onlara ayrı yaşayırlar. Cavabdeh övladının saxlanması üçün ona heç bir köməklik göstərmir. Cavabdeh övladının saxlanması üçün yardım edə biləcək gücdədir. Ona görə də iddia tələbinin qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmədə izahat verərək, bildirdi ki, iddia tələbini qəbul etmir, övladının saxlanması üçün lazım olanı edir. Məhkəmədən qətnamə qəbul edilərkən bu hallara diqqət yetirilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 17.10.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2445 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Mürşüdova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 16.11.2020-ci il təvəllüdlü X3 adlı övladları vardır. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 18.08.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 17.10.2019-cu ildə nikaha girmişlər. Tərəflərin birgə nikahdan 16.11.2020-ci il təvəllüdlü X3 adlı övladı olmuşdur. Hazırda iddiaçı Cavabdeh övladı 16.11.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşaq 3 (üç) yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində maddi yardım tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onunn əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətə layiq maraqlarını nəzərə alaraq, 16.11.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda belə nəticəyə gəlir ki, iddianın uşaqların 3 yaşına çatanadək 100 manat maddi yardım verilməsinə dair hissəsi mötəbər sübutlar təqdim olunmadığından, habelə cavabdehin kömək göstərməkdən imtina etməsi, eləcə də zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 27 avqust 2021-ci il tarixdən etibarən 16.11.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 27 avqust 2021-ci il tarixdən etibarən 16.11.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7622/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7622/2021
23.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver