Məhkəmə qərarları › İş №2(060)-766/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-766/2021

05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-766/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin 50 faizinin bank hesabına köçürülməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin 50 faizinin bank hesabına köçürülməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9149/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin 50%-nin X2 xeyrinə, onun adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9149/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı xx xxxx 2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərimin 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı hərbi təqaüdçüdür və N saylı hərbi hissədə sex rəisi vəzifəsində çalışır və hazırda iddiaçının orta aylıq gəlirləri 2000 manatdan artıqdır. Belə ki, əmək haqqı 700 manat, təqaüdü isə 1334 manat təşkil edir. Bu isə, o deməkdir ki, hər ay iddiaçıdan 500 manatdan artıq aliment tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıdan tutulan alimentin məbləği ölkə üzrə yaşayış minimumunun 3 qatıdır. Sözsüz ki, iddiaçı övladının saxlanılmasını, yaxşı qidalanmasını və normal şəraitdə böyüyüb, tərbiyə almasını hamıdan çox istəyir və aliment ödəməkdən yayınmır. Amma onu da qeyd edir ki, iddiaçının övladı hələ yaşca balacadır, 12 yaşı vardır. 500 manat pul bu yaşda uşağın saxlanması üçün həddən artıq yüksək məbləğdir və demək olar ki, bu məbləğ bir ailənin aylıq dolanışıq xərcinə bərabərdir. Həmin məbləğin hazırda kor-koranə xərclənilməsi uşağın mənafeyinə və gələcək təminatına zərər vurur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar qəbul edə bilər. Hesab edir ki, tutulan alimentin 50 faiz məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmaladır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9149/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı xx xxxx 2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərimin 1/4 hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Aliment ödənildikdən 6-7 ay sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin 50%nin bank hesabına yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, övladının 12 yaşı var və övladı 6-cı sinifdə oxuyur. Uşaq hazırda dörd müəllimin yanına hazırlığa gedir və bir müəllimə o, ayda 50 manat pul ödəyir. Bundan başqa uşağın geyim xərci, yemək xərci, yol xərci və təhsil xərci getdikcə artır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9149/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərimin 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. İddiaçı iddia ərizəsində özü qeyd etmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 9149/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ondan xx xxxx 2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının və başqa gəlirlərimin 1/4 hissəsi miqdarında, yəni 500 manatdan artıq aliment tutularaq Cavabdeh ödənilir. Lakin cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, cavabdeh iddiaçıdan tutulan alimentin miqdarına uyğun olaraq uşağın geyim, yemək, təhsil və başqa xərclərini qarşılayır. Ona görə də, məhkəmə hesab edir ki, əgər iddiaçıdan tutulan alimentin məbləğinin 50%-i bank hesabına yönəldiyi halda, birgə nikahdan olan uşağın geyim, təhsil və başqa xərclərinin əvvəlki vəziyyətə uyğun olaraq ödənilməsində çətinliklər yaranacaq. Ona görə də, hazırki vəziyyətdə məhkəmə iddiaçıdan tutulan alimentin məbləğinin 50%-nin bank hesabına yönəldilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «X4» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin 50 faizinin bank hesabına köçürülməsi tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar