Məhkəmə qərarları › İş №2(060)-7667/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7667/2021

17.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7667/2021 17.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 388A saylı fərdi ev ona məxsusdur. Bunu AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən RX Seriyalı ******* saylı çıxarış təsdiq edir. Həmin fərdi evi və torpağı 19.10.2005-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Müqavilə Sumqayıt şəhər 5 saylı Dövlət Notariat Kontorunda qeydə alınmışdır. Sözügedən evə görə ona qeydiyyat vəsiqəsi ilk dəfə 19 oktyabr 2005-ci ildə verilmişdir. Həmin fərdi evin yerləşdiyi torpaq sahəsi 0,0039 ha-dır (İnventar №-si 886). Fərdi ev torpaq sahəsinin 29,5 kv.m hissəsindədir. Torpaq sahəsinin 0,0019 ha hissəsi X2 tərəfindən zəbt edilmiş və orada 3 ədəd ev tikilərək kirayəyə verilmişdir. 2007-ci ildə Heybət Abbasov həmin evi əvvəlcə cavabdeh olan Cavabdeh kirayə vermiş, sonradan onun torpağını 9000 (doqquz min) manata ona satmışdır. Beləliklə mülkiyyətçisi olduğu 0,0039 ha torpaq sahəsinin 0,0019 ha hissəsini Cavabdeh qeyri-qanuni yolla zəbt etmişdir. Zəbt edilən torpaq sahəsinə görə Cavabdeh adına 18.03.2016-cı ildə RX Seriyalı ******* saylı çıxarış verilmişdir. Bununla Cavabdeh mülkiyyətçisi olduğu torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirmişdir və cavabdehin daşınmaz əmlakının ünvanı çıxarışda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388C kimi qeydə alınmışdır. Cavabdehə məxsus olan 0,017 ha torpaq sahəsi əslində ona məxsusdur. 16.12.2013-cü ildə qeydə alınmış RX Seriyalı ******* saylı çıxarışda ona məxsus torpaq sahəsinin ölçüsü 0,0039 ha göstərilmişdir. Hal-hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən 0,0020 ha qalmışdır. Əslində həmin torpaq sahəsinin 0,017 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Beləliklə cavabdeh halhazırda mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi 388C ünvanında olan fərdi evin və həmin evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmadığını bildiyi halda həmin evi və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən qeyri-qanuni zəbt edildiyindən onun adına verilmiş 18.03.2016-cı ildə RX Seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən qeyri-qanuni zəbt edildiyindən onun adına verilmiş 18.03.2016-cı ildə AR-sı ƏMDK yanında DƏDRX-i tərəfindən qeydə alınmış RX Seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişir ki, həmin mübahisəli sahə onun həyətidir. Torpaq sahəsinin 0,0019 ha hissəsi Heybət Abbasov adlı şəxs tərəfindən zəbt olunub. 3 kiçik ev tikib kirayə vermişdir. Sonra kirayə verdiyi evlərdən birini Cavabdeh satmışdır. Ona bu barədə RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddia tələbini müdafiə etdiyini bildirərək məhkəmədən çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələblərinə uyğun olaraq, işə Cavabdeh və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 11.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh Agağül oğlu izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının mübahisələndirdiyi torpaq sahəsini Abbasov Heybətdən aldığını, onun da iddiaçının ərindən aldığını bildirmişdir. Bu mübahisəyə bütün instansiyalarda baxılıb qanunamüvafiq qərarlar qəbul olunduğunu qeyd etmişdir. Sübutları məhkəməyə təqdim edərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatının dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən iş materiallarında olan tərəflərin təqdim etdikləri aşağıdakı sübutlara, məhkəmə iclasında tərəflərin çəkişmə prinsipi əsasında verdiyi izahatlarına istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 1 otaqlı 29.50 kv.metrdən ibarət 388 A №-li yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında 19.10.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 adına qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9101/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollesiyasının 2(105)-111/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9101/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2102/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollesiyasının 2(105)-111/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29.07.2020-ci il tarixli 10/610 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388 A saylı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 16.12.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 18.03.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (MM-152.1) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (MM-152.3) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. (MM-152.5, 152.6) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, İddiaçı ona məxsus mülkiyyətçisi olduğu torpaq sahəsinin Cavabdeh tərəfindən qeyri-qanuni yolla zəbt edilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən, iddia tələbi öz təsdiqini tapmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar