Məhkəmə qərarları › İş №2(060)-7720/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7720/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7720/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Pənah oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh Pənah oğlundan onun və himayəsində olan 14.01.1988-ci il təvəllüdlü ruhi xəstə qızı X2 ömürlük saxlanılması üçün hər ay hər biri üçün 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü il tarixdə X4 adlı şəxslə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. O, Lyubanı bir yaşında olan övladı Sergey ilə birlikdə Sumqayıt ərazisində səfil kimi yaşayarkən tapmışdır. Tapdığı gündən onu övladı ilə birlikdə yaşadığı evə gətirərək ailə kimi yaşamağa başlamışlar. Rəsmi nikah qeydiyyatından keçməsələr də, faktiki nikah münasibətlərində olmuşlar. Hətta Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə xx.xx.1972-ci il təvəllüdlü Sergeyi övladlığa götürmüş, ona öz soyadını vermiş, doğum haqqında şəhadətnaməsində Cavabdeh kimi yazılmışdır. Bununla bağlı bütün arxiv sənədlər cavabdehdə olduğu üçün onu iddia ərizəsinə əlavə etmək mümkün olmamışdır. Həmin vaxtdan cavabdeh evlənənə kimi bir yerdə yaşamışdırlar. 1998-ci il tarixdə Sergey onların tanımadığı, anasının və onun razılığı olmadan bir xanımla ailə həyatı qurmuşdur. Bu səbəbddən də mərhum həyat yoldaşı onu evdən qovmuşdur. O da cavabdeh səfil həyatı yaşamasın, kirayələrdə qalmasın deyə öz evində ona torpaq sahəsi ayırmış, Sumqayıt şəhər Corat qəsəbəsi, 534 saylı fərdi evin həyətinin bir hissəsində özü və ailəsi üçün ev tikməsi üçün şərait yaratmışdır. Bundan əlavə ailəsini saxlaması üçün salafan paketlərin aparatlarla istehsalı ilə məşğul olması üçün onu lazımi peşəyə yiyələndirmişdir. Onun 20.09.1984-cü il təvəllüdlü X5 və 14.01.1988-ci il təvəllüdlü X3 adlı iki övladı da var. Zaur adlı oğlu hal-hazırda həbsxanadadır. Qızı isə ruhi xəstədir, öz-özünü idarə edə bilmir. Ayda 3 dəfə qıcolmaları baş verir. Qıcolma zamanı anında yardım göstərilməsə özünə xəsarət yetirir, daima müayinə və müalicədədir. Hər ay Səhiyyə Nazitrliyinin 103 qaynar xəttinə dəfələrlə çağırışlarımız olur. Hal-hazırda qızının ayağı yıxılaraq sınmışdır. Əməliyyat olunsa da, əsa ilə gəzir. Özünün ciyərlərində ağır xəstəlikləri var, nəfəs almasında ağırlıq var, bronxları zədəlidir. Bu xəstə halıyla evi o, idarə edir, qızının da, özünün də paltarını yuyur, yeməyi bişirir, özlərinə o, baxır. Qızının vəziyyətinə və öz səhhətinə görə işləyə bilmir. Yaşa görə aldığı 300 manat məbləğndə olan pensiya ilə dolanırlar. Bu da onun və qızının dərmanlarına ancaq çatır, ay ərzində öz qida ehtiyac və tələblərinin ödənilməsində çətinlik çəkir. Bütün bunları təkbaşına qarşılıya bilmir. Hesab edir ki, cavabdeh yəni oğlu Sergey övladlıq borcunu, məsuliyyətini dərk etməli, onun, bacısının maddi və mənəvi tələbatlaırının ödənilməsində yaxından iştirak etməlidir. Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşma çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Qanunvericlikdə də qeyd olunmuşdur ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa, onlara qayğı göstərməyə borcludurlar və onlardan məhkəməyə müraciət edib, aliment tələb edə bilər. Ona görə də cavabdehə qarşı sabit pul məbləğində aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin göstərdi ki, verilmiş tələb daxilində işə baxılmasını xahiş edir. Qızı Zərinə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməyib, nə də o, qanunla nəzərdə tutulmuş qaydada Zərinənin üzərində qəyyum təyin edilməyib. Bununla yanaşı qeyd edir ki, qızı Zərinə xəstədir, tez –tez qıcolmaları olur, özünü idarə edə bilmir. Zərinənin daima müalicəyə və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Zərinə pensiya və digər sosial müavinət almır. Onun aldığı 300 manat pensiya isə həm özünün, həm də qızının ehtiyaclarını qarşılamağa yetmir. Cavabdeh olan oğlu isə onlara heç bir yardım etmir. O, qızı Zərinənin maddi təminatının ödənilməsi üçün araşdırılan iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 05 okytabr 2021-ci il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Elmin Mahmudov izahatında bildirmişdir ki, iddianı qəbul etmir, iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Belə ki, cavabdehin iddiaçının övladlığına verilməsini təsdiq edən heç bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa, cavabdeh fəhlədir və himayəsində uşağı vardır. Cavabdeh iddia edilən alimenti ödəmək üçün zəruri vəsaitə malik deyildir. Eləcə də iddiaçı özü yüksək məbləğdə pensiya alır. İddiaçının qızının ruhi xəstə və maddi yardıma ehtiyacı olması barədə göstərdikləri isə heç bir sübuta əsaslanmır. Məhkəmə tərəflərin izahatını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: X1 sonra prosesin davam etdirilə bilməməsi barədə 28.08.2021-ci il tarixli, №-2021- 001127 saylı arayışdan görünür ki, tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən 01.09.2021-ci il tarixli №1368 saylı arayışdan da görünür ki, İddiaçı və onun ailə üzvləri olan X3, Cavabdeh və X6 həqiqətən Sumqayıt şəhər Corat qəsəbəsi, 534 №li evdə yaşayırlar. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı yaşa görə 310 manat pensiya alır. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh fəhlə işləyir və əmək haqqı 280 manat təşkil edir. Bəliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin onun övladı olduğunu, yetkinlik yaşına çatmış övladların valideynlərinin qayğısına qalmağa borclu olduğuna əsaslanaraq valideyn olaraq ona və ruhi xəstə olan qızına aliment ödənilməsini iddia edir. Göründüyü kimi iddia iki– 1) iddiaçının valideyn olaraq özünə və 2) ruhi xəstə olan qızına aliment tələblərindən ibarətdir. Məhkəmə birinci tələb üzrə- iddiaçının valideyn olaraq özünə aliment tələbi ilə bağlı aşağıda şərh olunanları qeyd edir : Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi qanunverici mübahisə olunan alimentin ödənilməsini iki halın məcmusu ilə şərtləndirmişdir : valideynin əmək qabiliyyəti olmaması və maddi yardıma ehtiyacı olması. Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə, əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, ……….başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər üçün müəyyən edilmiş yaş həddi 63 yaşdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 162 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 78 yaşında olmaqla əmək qabiliyyəti olmaması işin mübahisəsiz halıdır. Lakin Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən övladın valideynlərə görə aliment ödəməsi üçün yalnız şəxsin əmək qabiliyyətinin olmaması yetlərli deyildir. Eyni zamanda onun maddi yardıma ehtiyacı olması öz təsdiqini tapmalıdır. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumu 162 manat həddində müəyyən edildiyi halda, 310 manat məbləğində pensiya alır. Qeyd olunan məbləğ iddiaçının minimum ehtiyaclarının ödənilməsi üçün ağlabatan məbləğ olmaqla, məhkəmənin iddiaçının maddi yardıma ehtiyacı olmaması qənaətinə gəlməyə əsas verir. Bundan başqa, iddiaçı xəstə olduğunu, müalicəyə ehtiyacının olduğunu və müalicə xərclərinin tələb olunduğunu göstərsə də bu halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tələbin təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən eləcə də tərəflərin maddi vəziyyətini və diqqətəlayiq maraqlarını nəzərə almışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin fəhlə işləməklə gəliri 280 manatdır. Məhkəmə cavabdehin ailə və maddi vəziyyəti ilə bağlı halları nəzərə alaraq hesab edir ki, cavabdehin aylıq gəliri (280 manat) iddiaçının aylıq gəlirindən (310 manat) az olmaqla, iddiaçının maddi yardıma ehtiyacı olması ilə bağlı dəlili əsassızdır. Məhkəmə ikinci– iddiaçının ruhi xəstə olan qızına görə aliment tələbini də əsassız hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı qızı Zərinə Zamanovanın ruhi xəstə olduğunu qeyd etsə də bununla bağlı, o cümlədən Zərinə Zamanovanın üzərində qəyyum təyin edilməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin göründüyü kimi Zərinə Zamanova 1988-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmış şəxsdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. MPM-nin 72.1-ci maddəsiən əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Məhkəmə MPM-nin 54.2-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək hesab edir ki, Zərinə Zamanovaya münasibətlə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən rədd olunmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə əsaən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə əglir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar