Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7745/2025 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 07 iyun 2021-ci il tarixdə Cavabdeh ilə “ASAN-xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1208 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh hərbçidir. Nikahlarının ilk vaxtlarında münasibətləri yaxşı olsa da, sonradan ailə daxili problemlər yaranmışdır. Cavabdehin ailəsinə və övladına biganə yanaşdığı, valideyn öhdəliklərini icra etmədiyi, maddi və mənəvi cəhətdən övladına qayğı göstərmədiyi bildirilmişdir. Hal-hazırda onların ayrı yaşadıqları, uşağın azyaşlı olduğu və ona iddiaçının özünün baxdığı qeyd olunmuşdur. Uşağın günü-gündən tələbatlarının çoxaldığı vurğulanmışdır. Bundan əlavə, övladının səhhətində problemlərin olduğu bildirilmişdir. Hippokrat tibb mərkəzinin X5 Assosiasiyasının həqiqi üzvü, tibb üzrə fəlsəfə doktoru M. Tağızadə tərəfindən övladına baş-beyin nahiyəsində qeyri-proqressiv ventrikulomeqaliya diaqnozu qoyulmuşdur. Bununla əlaqədar, övladının mütəmadi olaraq həkim müayinələrindən keçdiyi və müalicə aldığı ifadə edilmişdir. Bir ana kimi əlindən gələni övladı üçün etdiyini bildirən iddiaçı, cavabdehin ata kimi məsuliyyətini dərk etməli olduğunu, övladının maddi və mənəvi tələbatlarının ödənilməsində yaxından iştirak etməli olduğunu və hər ay qanunda nəzərdə tutulmuş alimenti ödəməli olduğunu hesab etmişdir. Ona görə də müəllif məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 2025-ci ilin 01 noyabrdan hər ay cavabdehin rəsmi qazancından dörddə bir hissəsi qədər alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında sürücü-atıcı əsgər vəzifəsində çalışır, 1691 manat əməkhaqqı alır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəyə bilməyəcəkdir. Bu səbəbdən, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ № 442587 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Qəhrəmanova Mehriban qızı 07 iyun 2021-ci il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 1208 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mədədova soyadı verilmişdir.
7. İş materiallarında olan AA5053560 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 10 dekabr 2022-ci il tarixində anadan olmuşdur.
8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01991 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat İMS xərci, 10 manat kargüzarlıq xərci ödəmişdir.
9. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı qızı satıcı vəzifəsində çalışır, aylıq əmək haqqı isə 400 manatdır.
10. İş materiallarında olan 005731 saylı şəxsi vərəqədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmətdədir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 07 iyun 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin rəsmi qazancının dörddə biri həcmində alimentin tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbinin “cavabdehdən hər ay uşağın saxlanılmasına görə maaşın və bütün gəlirlərin 1/4 hissəsi manat məbləğində aliment tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
17. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
18. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 2025-ci ilin 01 noyabrdan hər ay cavabdehin rəsmi qazancından dörddə bir hissəsi qədər aliment tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir
20. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
21. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
22. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva