Məhkəmə qərarları › İş №2(060)-789/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-789/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-789/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və aliment tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 27 yanvar 2012-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olub. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2021-ci il tarixdə 551 nömrəli aktla qeydə alınmış nikah pozulub, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi müəyyən edilib. Hazırda xx.xx.2012-ci il-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013cü il təvəllüdlü X4 artıq iki ilə yaxındır ki, iddiaçının yanındadırlar. Onun bütün xərcləri iddiaçı tərəfindən ödənilir. Buna görə də məhkəmə qaydasında onun iddiaçının yanında qalmasının müəyyən edilməsi zərurəti var. Göstərilənlərə əsasən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının yanında qalmasının müəyyən edilməsi, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən ümumi övladları xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X4 üçün hər uşağa, hər ay 235 manat məbləğində alimentin Cavabdeh alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılması xahiş edilmiş, eyni zamanda ərizəsində bildirmişdir ki, birgə nikahdan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X7 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X5 oğlunun onun yanında qalmasının müəyyən olunması və uşaqların saxlanılması üçün hər uşağa hər ay 235 manat olmaqla iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv olunmuş və uşaqlar iddiaçının himayəsinə verilmiş, qarşı tərəfdən uşaqların saxlanılması üçün aliment tutulmuşdur. Lakin cavabdeh alimenti ödəməmiş və aliment üzrə böyük məbləğdə borc yığılmışdır. Lakin iddiaçı Sumqayıt İcra şöbəsində cavabdehə yığılmış alimentdən imtina barədə ərizə yazdırmış və bildirmişdir ki, o, uşaqların bütün maddi ehtiyaclarını qarşılayacaq və bu məsələ ilə bağlı cavabdehi narahat etməyəcəkdir. İddiaçı uşaqları yanına aparmış və uşaqları öz təsiri altına alaraq cavabdehə qarşı öyrətmiş və uşaqları onunla qalmaq istədiklərini cavabdehə bildirməklə yanına gəlməmişlər, cavabdeh də uşaqların bu fikrinə hörmətlə yanaşaraq onların iradəsi əleyhinə getməmiş, lakin bu məsələ araşdırılmalı və bunun məqsədəuyğun olub-olmadığı yoxlanılmalıdır. Uşaqlar qısa bir müddətdir ki, onun yanında yaşayırlar, lakin iddiaçı iddia tələbinddə guya uşaqların onun yanında 2 ilə yaxındır ki, qaldıqlarını qeyd edir. Əgər məhkəmə qətnaməsi ilə uşaqların iddiaçıda qalmaları məqsədəuyğun bilinərsə və uşaqlar cavabdehə gəlməkdən iimtina edərlərsə onda aliment cavabdehin aylıq əmək haqqının 1/3 hissəsi miqdarında və yaxud da sabit olaraq hər ay, hər uşağa 100 manat olmaqla, iki uşağa görə 200 manat məbləğində müəyyən edilə bilər, bundan artıq məbləğdə cavabdehin aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdeh işləyir, yeganə gəliri aldığı 520 manat əmək haqqıdır ki, AR AM-nin 76-cı maddəsinə əsasən aliment iki uşağa görə stabil gəlirin 1/3 hissəsi miqdarında olmalıdır. Bundan başqa cavabdeh qadındır və iddiaçı əgər uşaqları yanında saxlamaq istəyirsə, onların aylıq saxlanma xərcini cavabdehdən tam olaraq tələb etməməlidir, bir ata kimi o da uşaqların maddi ehtiyaclarını qarşılamalıdır. Necə ki, məhkəmə qətnaməsidən sonra cavabdeh uşaqların maddi ehtiyaclarını qarşılamış, lakin o, aliment üzrə ödənişlər etməmiş, borc yığılmış, lakin cavabdeh uşaqlarına görə həmin borcdan imtina etmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/8-Q-69-2805/2024 saylı arayışdan görünür ki, X7 oğlu 16 iyul 2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası isə Qədiməliyeva Nigar Zeynalabdin qızıdır.

8. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/8-Q-69-2801/2024 saylı arayışdan görünür ki, X3 28 oktyabr 2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası isə Qədiməliyeva Nigar Zeynalabdin qızıdır.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3281/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Qədiməliyeva Nigar Zeynalabdin qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2012-ci il tarixində Sumqayıt Nikah evində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçı Qədiməliyeva Nigar Zeynalabdin qızının yanında saxlanması, xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Qədiməliyeva Nigar Zeynalabdin qızına ödənilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixindən hesablanması, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatının cavabdeh İddiaçı tutularaq iddiaçı Qədiməliyeva Nigar Zeynalabdin qızına ödənilməsi, 10 manat dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 18 oktyabr 2024-cü il tarixində verilmiş AZ-İ № 500392 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Qədiməliyeva Nigar Zeynalabdin qızı arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə 28 oktyabr 2021-ci il tarixində 551 nömrə ilə qeyd edilmişdir.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-023440 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 108 saylı, 10 aprel 2025-ci il tarixli rəyindən görünür ki, komissiya tərəflər arasında yaranmış mübahisənin heç bir halda uşaqların sağlam fiziki və mənəvi inkişaflarına mənfi təsir göstərməyə səbəb olmamasını qeyd edərək, hesab edir ki, uşaqların digər valideyni ilə sərbəst ünsiyyətdə olmalarına maneçilik yaradılmamalıdır. Hər iki valideynin əsas vəzifəsi öz aralarında olan mübahisəyə baxmayaraq, uşaqlarını valideyn sevgisindən və qayğısından məhrum etməmələri olmalıdır. Komissiya hesab edir ki, uşaqların yaşını, fikirlərini, digər valideyni ilə ünsiyyətinə maneəçilik yaradılmaması şərtilə, xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X1 ataları İddiaçı himayəsində saxlanılmasına etiraz etmir.

13. Həmin rəydən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 oğlunun da fikirləri Komissiyada öyrənilmişdir. İsmayıl ilə aparılmış söhbət zamanı atasının yanında qaldığını və bundan sonra da onun yanında qalmaq istədiyini bildirmişdir.

14. Həmin rəydən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 da fikirləri Komissiyada öyrənilmişdir. Aparılmış söhbət zamanı atasının yanında qaldığını və bundan sonra da onun yanında qalmaq istədiyini bildirmişdir.

15. İş materiallarında olan müayinə aktına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7832/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar İddiaçı mənzil-məişət və həyat şəraiti müayinə edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında kirayədə yaşayır. Mənzil 2 otaqdan, mətbəxdən, 1 tərəfli eyvandan və sanitar qovşağından ibarətdir. Mənzil tam təmirlidir, mebel və digər zəruri əşyalarla təhciz edilmişdir. Evin su, qaz, işıq, internet və kanalizasiya sistemləri yaşayış normalarına uyğundur. Mənzildə uşaqların yaşaması və saxlanılması üçün şərait qənaətbəxşdir. Mənzilin yerləşdiyi ərazidə məktəb, bağça, poliklinika, digər sosial infrastruktur mövcuddur. Mənzildə İddiaçı ilə birgə övladları X7 oğlu (2012) və X3 (2013) yaşayır. İddiaçı fərdi işlə məşğuldur. Aylıq gəliri 700 manat təşkil edir. İddiaçı davranışı və mənəvi-əxlaqi keyfiyyətləri uşaqları onun himayəsinə verilməsinə zidd ola biləcək hal baş verməmişdir.

16. İş materiallarında olan müayinə aktına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7832/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar Cavabdeh mənzil-məişət və həyat şəraiti müayinə edilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh ünvan 2 ünvanında kirayədə yaşayır. Mənzil 2 otaqdan, mətbəxdən, 1 tərəfli eyvandan və sanitar qovşağından ibarətdir. Mənzil əla təmirlidir, mebel və digər zəruri əşyalarla təhciz edilmişdir. Evin su, qaz, işıq, internet və kanalizasiya sistemləri yaşayış normalarına uyğundur. Mənzildə uşaqların yaşaması və saxlanılması üçün şərait qənaətbəxşdir. Mənzildə Cavabdeh ilə birgə həyat yoldaşı Sədadətdin Günəş yaşayır. Cavabdeh davranışı və mənəvi-əxlaqi keyfiyyətləri uşaqları onun himayəsinə verilməsinə zidd ola biləcək hal baş verməmişdir.

17. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" MMC-də tikişçi vəzifəsində çalışır və aylıq maaşı isə 726,86 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan iki övladları var. Şəmkir Rayon Məhkəməsinin 2(060)-3281/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsinə verilməsi qət edilmişdir. Hazırda xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında yaşayırlar. İddiaçı iddia tələbinin təmin olunaraq, uşaqların anadan alınaraq onun himayəsinə verilməsini və aliment tələb etmişdir. Cavabdeh iddia tələbinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

21. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 7.4-cü və 7.5-ci bəndlərində göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmçinin, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

23. xx.xx.2012-ci il təvəllüdlü qızı X7 oğlu (13 yaşı var) Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normasına əsasən məhkəmə iclasında dindirilmiş, onun fikri dinlənilmiş və o bildirmişdir ki, atası ilə qalmaq istəyir. 3 ildir ki, atası və bacısı ilə birlikdə yaşayır.

24. xx.xx.2013-cü il təvəllüdlü qızı X3 (12 yaşı var) Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normasına əsasən məhkəmə iclasında dindirilmiş, onun fikri dinlənilmiş və o bildirmişdir ki, atası ilə qalmaq istəyir. 2022-ci ildən atası və qardaşı ilə birlikdə yaşayır.

25. Məhkəmə uşaqların mənafeyini, onların fikrini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissənə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

27. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri).

28. Həmin Məcəllənin 60.1, 60.2 və 60.4-cü maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

29. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinin 1-ci bəndinə görə bu məsuliyyət hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyətinin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmağından asılıdır.

30. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri).

31. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafelərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar.

32. Məhkəmənin qənaətinə görə, tərəflərin maraqlarının azyaşlı uşaqların maraqlarından üstün tutulması yolverilməzdir. 33.Göründüyü kimi istər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O,mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət, maddi-mənəvi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Valideynlər arasında uşaqla bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, maraqları və onların rəyi nəzərə alınmaqla həll edilməlidir. Hər bir halda uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməli, uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır. Yaddan çıxarmaq olmaz ki, hər bir uşaq təkrar olunmaz varlıqdır. Uşaqla bağlı mübahislər həll edilərkən əsas vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum dərəcədə təmin edə bilən valideyn seçilsin və bu zaman uşağın xarakteri, psixoloji vəziyyətinin səciyyəvi cəhətləri nəzərə alınsın. Əsas məqsəd uşağın daimi olaraq ana sevgisini, qayğısını, nəvazişini hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Heç şübhəsiz ki, hər bir uşaq doğma ana himayəsində bu kimi qayğı ilə əhatə olunmaqla hərtərəfli inkişaf edə bilər və fəal ictimai həyata hazırlanmış şəkildə böyüyər.

34. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 №- li, xx.xx.2016-cı il tarixli Qərarın 7.8-ci bəndinə əsasən məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.

35. Belə ki, iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilir ki, iddiaçının ata olaraq neçə müddətdir iki uşağına baxmaqla, onların tərbiyəsi və bütün qayğıları ilə tək məşğul olması valideyn kimi öz vəzifələrini yerinə yetirməsindən xəbər verir.

36. Məhkəmə uşaqların üstün maraqlarının müdafiəsi istiqamətində qərar qəbul edərək, işin bütün faktiki hallarını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, 10 yaşına çatmış - xx.xx.2012-ci il təvəllüdlü X7 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 atalarının yanında qalmaq istəmələri barədə fikirlərini, həmçinin uşaqların uzun müddət əvvəldən və hazırda da atalarının himayəsində olmasını, iddiaçı (ata) tərəfindən xx.xx.2024-cü il tarixdə hazırki iddia qaldırılanadək cavabdehin (ana) uşaqları barəsində hər hansı tələbinin olmamasını, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı himayəsində qalmalıdırlar. Yəni məhkəmə uşaqları atasına verilməsi ilə bağlı nəticəyə gələrkən ilk növbədə onların mənafeyini üstün tutmuşdur.

37. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

38. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

39. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

40. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

41. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat, 2025-ci ildə 400 manat müəyyən edilmişdir.

42. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, iddiaçının izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2012-ci il təvəllüdlü X7 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,30 misli həddində (345 x 0,30= 103,5 manat), 2025-ci il üzrə 0,30 misli həddində (400 x 0,30= 120 manat) sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

43. Belə ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində 470 manat miqdarında aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, eləcə də alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

44. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

45. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 20 noyabr 2024cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

46. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalmalı, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X7 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,30 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

47. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

48. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

54. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2012-ci il təvəllüdlü X7 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında qalsınlar. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X7 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinin, yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,30 misli həddində (345 x 0,30= 103,5 manat), 2025-ci il üzrə 0,30 misli həddində (400 x 0,30= 120 manat) sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar