Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-790/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikahdan olan uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ilə cavabdeh - Cavabdeh nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X2 adlı övladları vardır. İddiaçı ilə cavabdehin xasiyyəti uyğun gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, oğlunun xərclərini ödəyə bilmədiyindən azyaşlı övladının onunla saxlanılmasına və cavabdehdən, ayda sabit pul məbləğində 50 manat alimentin kəsilməsini xahiş etmişdir.
2. İddiaçı bu barədə Sumqayıt 1 saylı mediasiya təşkilatına müraciət etmiş və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün xx.xx.2024-cü il tarixli arayış verilmişdir ki, məhkəməyə müraciət olunsun.
İddiaçının tələbi:
3. Birgə nikahdan anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X1 iddiaçının yanımda saxlanılmasına və cavabdehdən hər ay üçün 50 manat alimentin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
4. Cavabdehin iddiaya yazılı etirazı daxil olmamış, 16 dekabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, uşaq nikahdan sonra anadan olmuşdur. Ona aliment təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. 16 dekabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. AZ-İ 484963 №-li Azərbaycan Respublikası 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024cü il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 03-cü ayının 14-cü günündə 104 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Mahmudov, qadına isə Mahmudova soyadı verilmişdir.
9. AZ-V 002616 №-li doğum haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2024cü il təvəllüdlü X1 anası İddiaçı, atası Cavabdehdur.
10. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02355 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. (İddiaçı 50 manat mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir.)
11. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-161/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, iddiaçı Mahmudova (Cabbarova) Vüsalə İbrahim qızı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015- ci il tarixdə bağlanmış, 2292 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anaları Mahmudova (Cabbarova) Vüsalə İbrahim qızının yanında qalmaları, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə hər ay üçün 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Mahmudova (Cabbarova) Vüsalə İbrahim qızına ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir.
12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
14. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ. 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
16. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu:
5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
18. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
19. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
24. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynlə qalması məsələsini araşdıraraq qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmayan övladının onun himayəsində saxlanılmasını istəməsi və birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılmasının uşağın marağını pozması halı aşkar edilmədiyindən, həmçinin cavabdehin bununla bağlı etirazı mövcud olmadığından birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmalıdır.
25. Məhkəmə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində (§14) istifadə edilmişdir Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§16) dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
26. Məhkəmə aliment tələbini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.(§21) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). (§22, §18) Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
27. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikhaından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamının 1ci bəndinə uyğun olaraq, 2024-cü il üzrə ölkə üzrə mövcud olan 345 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.
28. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
29. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2024-cü il üzrə ölkə üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,14 misili (50 manat (tələb edilən aliment) x 345 (2024-cü il üzrə minimum əmək haqqı) = 0,**********318841; “0”-dan sona tam hissə yüzlüyədək yuvarlaşdırlıqda – 0,14) həddində tutulmalıdır.
30. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulmasının başlanğıcı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, (§17) iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
31. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,14 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli və alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. xx.xx.2024-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılsın.
3. xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,14 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. Alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın.
5. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin.
6. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aynur Behbudova