Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7989/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2346/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış 9200 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 2346/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iddiaçıdan cavabdehin xeyrinə 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat aliment cavabdeh Osmanova (Həbibova) Rəqsanə Həbib qızının xeyrinə tutulur. Tərəflər rəsmi qaydada boşansa da, Osmanova (Həbibova) Rəqsanə Həbib qızı, İddiaçı Bakı şəhərində və Qazaxıstan Respublikasında olduğundan onun anası ilə bir evdə faktiki yaşamışdır. Məhkəmə tərəfindən qeyd edilən alimentin miqdarı təyin olunan vaxtdan, yəni xx.xx.2024-cü il tarixə qədər tələbkar borcun ödənilməsi barədə Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə müraciət etməmişdir. Belə ki, tələbkar Osmanova (Həbibova) Rəqsanə Həbib qızı İddiaçı anası ilə bir evdə yaşamış, İddiaçı atası keçmiş polis əməkdaşı olduğu üçün vəfat etdiyinə görə ona verilən pensiyanı və Seyfullaya məxsus qeyri-yaşayış sahəsinin, yəni çayxana kimi fəaliyyət göstərən yerə görə 150 manat kirayə pulunu Osmanova (Həbibova) Rəqsanə Həbib qızı almışdır. Buradan belə bir nəticə çıxır ki, İddiaçı uşaqlarının zəruri ehtiyaclarını və maddi təminatlarınl qarşılamışdır. 2024-cü ilin sonlarından Osmanova (Həbibibova) Rəqsanə Həbib qızı başqa bir şəxslə nikaha girdikdən sonra İddiaçı ailəsinə məxsus evdən çıxıb getmişdir. Bu səbəbdən 2017- 2024-cü illər müddətində alimentin alınması qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - 2(041)-2346/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(041)-125/2017 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılmışdır və xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləği ilə 100 manat miqdarında aliment tutularaq iddiaçı X3 ödənilməlidir. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Kürdəmir Rayon İcra Şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyev tərəfindən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. - Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədinə əsasən borclu İddiaçı tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu İddiaçı xx.xx.2023-cü il tarixdə bildirişi rəsmi qaydada aldığını imza edərək təsdiqləmişdir. - Kürdəmir Rayon Məhkəməsinin 3(041)-901/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya verilmiş xx.xx.2025-ci il tarixli, 282322/2 nömrəli cavab məktubundan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədinə əsasən İddiaçı 2 uşağın saxlanması üçün hər ay hər uşaq üçün 100 manat aliment tutularaq Osmanova (Həbibibova) Rəqsanə Həbib qızına ödənilməlidir. Borclu İddiaçı hər ay tələbkar Osmanova (Həbibibova) Rəqsanə Həbib qızına 100 manat aliment ödəyir. Hal-hazırda onun tələbkara ödənilməyən 9200 manat aliment borcu yaranmışdır. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədi üzrə borclunun xx.xx.2025-ci il tarixə 9200 manat aliment borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı silinməsini tələb etdiyi aliment borcunun qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, iddiaçı tərəfindən ödənilməyən borca görə icra məmuru tərəfindən müvafiq tədbirlər görülsə də, iddiaçı tərəfindən yaranmış aliment borcu ödənilməmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-7989/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7989/2025
23.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver