Məhkəmə qərarları › İş №2(060)-8194/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8194/2025

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8194/2025 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment və əlavə xərclərdə iştirak tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment və əlavə xərclərdə iştirak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikah qeydiyyatı ilə evlənmişlər. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Məmmədov Mehdi adlı oğlu anadan olmuşdur. Cavabdeh hazırda xaricdə yaşamaqla ailə ilə hər bir əlaqəni kəsib. İlk aylarda ayda 500 manat yardım göstərirdi, lakin o, boşanmağa razı olmadıqda və boşanma işi baxılmamış saxlandıqdan sonra 2025-ci ilin iyun ayından cavabdeh yardımı kəsdi və uşağın bütün tələbatlarını qarşılamaqdan imtina etdi. Cavabdeh xaricdə firmada işləməklə kifayət qədər yüksək əmək haqqı alır və onun uşağın bütün maddi tələbatlarını ödəməyə maddi imkanı vardır. Ona görə də cavabdehdən uşağın saxlanması üçün 300 manat aliment tutularaq iddiaçıya verilməlidir. Bundan əlavə, iddiaçının uşağı xəstədir və müalicəyə ehtiyacı var. Cavabdehlə bir yerdə yaşayarkən o, özü də bunu bilirdi və uşağın müalicə üçün həkimlərə getdiyini bilirdi. Hazırda cavabdeh Azərbaycandadır və uşağın psixoloqun yanına aparıldığını bilir, amma tam müalicə olması üçün xərclərdə iştirak etmək istəmir. İddiaçının isə hazırda uşağı təkbaşına müalicə etməyə maddi imkanı yoxdur. Bu halda isə cavabdeh də bu xərclərə cəlb edilməlidir. Uşağa həkimlər tərəfindən “autizm spektr pozğunluğu və psixi nitq inkişaf geriliyi” diaqnozu qoyulmuşdur. Bununla əlaqədar uşağın psixoloji mərkəzdə müalicə almaq zərurəti vardır. Uşaq həmin Mərkəzdə hər ay 20 dərs kursu keçməlidir ki, onların da aylıq qiyməti 1200 manat edir. Ona görə də cavabdehdən uşağın müalicə xərcləri üçün ümumi xərcin yarısı- hər ay 600 manat miqdarında müalicə xərcləri alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb edilərək cavabdehdən hər ay 600 manat müalicə xərclərinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdehin nümayəndəsi X4 məhkəmə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsi qanunsuz və əsassızdır. İddiaçı tərəfindən faktlar təhrif edilmiş, o, yalan məlumatlar verməklə öz niyyətinə çatmağa çalışır. Ona görə də onun iddiası aliment tələbinə dair hissədə qismən qanunvericilikdə nəzərdə tutulmuş halda 260 manat məbləğində təmin edilməli, uşağın müalicəsi ilə əlaqədar olaraq 600 manat pulun ona verilməsinə dair hissəsində isə rədd edilməlidir. Belə ki, uşağa həkimlər tərəfindən “autizm spektr pozğunluğu və psixi nitq inkişaf geriliyi” diaqnozu qoyulması özündə hər hansı bir həqiqəti əks etdirmir. Uşaqda belə bir xəstəlik yoxdur. Sadəcə olaraq əvvəllər onda nitq zəifliyi olsa da, bu hal artıq keçmiş, uşaqda heç bir nitq qüsuru yoxdur, hazırda uşaq normal danışır. Bundan başqa iddiaçı iddia ərizəsinə həkimlərə müalicə üçün 1200 manat pul ödənilməsinə dair heç bir sənəd əlavə edə bilməmişdir. Cavabdehdən pul qopartmaq niyyəti ilə belə bir yola əl atmışdır. İddiaçı işləyir, uşağını kənar şəxslərin himayəsinə qoyaraq, onun təlim tərbiyəsi ilə məşğul olmur. Qeyd olunanlar əsasən iddia tələbinin qismən (260 manat) təmin edilməsinə, qalan hissədə isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etiraz ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan “X8” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müayinə nəticəsi barədə rəydən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 psixi nitq inkişaf geriliyi əlamətləri aşkar olunur.

8. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İİ № 379229 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 08 yanvar 2020-ci il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 44 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.

9. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 iyun 2021-ci il tarixində verilmiş AZ-İV № 608341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15 mart 2021-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-02057 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.

11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı mühasib vəzifəsində çalışır və aylıq maaşı isə 430 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 08 yanvar 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment və uşağın müalicəsi üçün əlavə xərcinin tutulmasını tələb edir. Cavabdeh tərəf iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbinin “xx.xx.2021-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. “Azərbaycan Respublikasında 2025-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

20. “Azərbaycan Respublikasında 2026-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2026-ci il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

21. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

22. Belə ki, 2025-2026-cı illərdə minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.

23. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,65 misli həddində (400 x 0,65= 260 manat) sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

24. Məhkəmə iddia tələbinin “uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb edilərək cavabdehdən hər ay 600 manat müalicə xərcləri alınaraq ona verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

25. Belə ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

26. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

27. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

28. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər.

29. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

30. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

31. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

32. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müayinənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 “Psixi nitq inkişaf geriliyi əlamətləri aşkar olunur”. Eyni zamanda, bununla əlaqədar müalicə almaqdadır.

33. Məhkəmə qeyd edir ki, iddiaçı əlavə çəkilən xərclərin hamısını cavabdehdən tələb etsə də, müayinə zamanı çəkilmiş xərc hər iki valideyn tərəfindən qarşılanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən əlavə xərc kimi hər ay 100 manat məbləğində pul tutulması işin hallarına daha uyğundur.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

35. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment və əlavə xərc tutulması həmin tarixdən başlayaraq tutulmalıdır.

36. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

38. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

39. Həmin qanunun 9.4-cü bəndinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

40. Yenə də həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

41. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

42. Hazırda məhkəmə tərəfindən təyin olunmuş alimentin bir illik həcminə münasibətdə ödənilməli olan rüsum mediasiya prosesi zamanı ödənilmiş xərcdən çox olduğundan (yəni 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqı 400 manat, onun 0.65 misli 260 manat olduğundan və bir illik ödəmələrin məcmusu bir uşağa münasibətdə 3120 manat təşkil etdiyindən, həmçinin əlavə xərc kimi təyin olunmuş vəsaitin bir illik məcmusu 1200 manat olduğundan və ümumilikdə 1 il ərzində cavabdeh tərəfindən ödənilməli məbləğ 4320 manat təşkil etdiyindən ödənilməli olan rüsum məbləği 63,20 manat olmalı idi, lakin iş üzrə cəmi 60 manat mediasiya xərci ödənilmişdir) qanunvericiliyin tələbinə uyğun olaraq ödənilməmiş 3,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin və əlavə xərcin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 3,20 (üç manat, iyirmi qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar