Məhkəmə qərarları › İş №2(060)-8286/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8286/2021

24.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8286/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 08.11.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 08.11.2016-cı il tarixdə Bakı şəhəri 31 saylı notaiat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə görə, guya Cavabdeh ona 08.11.2018-ci ilədək qaytarılmaq şərtilə 100.000 (bir yüz min) manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, cavabdeh ona həmin məbləğdə borc verməmiş, ümumiyyətlə heç bir borc verməmişdir. Göstərilən kredit müqaviləsi həqiqətən də onun tərəfindən imzalansa da, müqavilə aşağıda göstərdiyi səbəbdən bağlanmışdır: Belə ki, o, təxminən 2015-ci ilin avqust ayından 2016-cı ilin dekabr ayına kimi cavabdehin direktoru olduğu "xxxx" MMC-yə məxsus pivə aparatlarının Bakı şəhərində yerləşən obyektlərə, o cümlədən Pivnoy, Bar və kafelərin istifadəsinə verilməsi ilə bağlı işlərlə məşğul olmuşdur. Onun şirkətə məxsus olan, obyektlərə verdiyi avadanlıqlara görə məsuliyyətini təminat altına almaq məqsədi ilə cavabdehlə mübahisə predmeti olan 08.11.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Halbuki həmin müqavilə üzrə cavabdeh ona bir manat olsa belə verməmişdir. Hətta müqavilə bağlanan zaman notarius müqavilə predmeti olan pul vəsaitinin depozitə köçürülməsini və ya bank hesabı vasitəsi ilə ödənilməsini, əks halda müqavilənin heç bir önəminin olmayacağını bildirmişdir. Lakin cavabdeh bununla razılaşmamış, hətta notariusa “heç bir şey lazım deyil, əsas odur ki, əlimdə bir kağız olsun” söyləmişdir. Cavabdeh bununla bağlı bir neçə dəfə polis və prokurorluq orqanlarına müraciət etsə də heç bir nəticə əldə olunmamış, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Cavabdehin məqsədi bu yolla təkcə şirkətə məxsus olan, obyektlərə verilən avadanlıqlara görə məsuliyyəti təminat altına almaq deyil, eyni zamanda obyektlərin pulları gecikdirməsi ilə bağlı şirkətdə yaranmış vəsait çatışmazlıqlarının aradan qaldırmaq olmuşdur. Bildirir ki, 08.11.2016-cı il tarixli kredit müqaviləsi notariat qaydada bağlansa da onun Cavabdeh heç bir borcu yoxdur. Cavabdeh ona qarşı borc tələbinə dair iddia qaldırmış, o, da ona qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia versə də, onun iddiası təmin edilmiş, qarşılıqlı iddiası isə rədd edilmişdir. Belə ki, məhkəmə müqavilənin etibarsız hesab edilməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir. Sonradan ona izah edilmişdir ki, əslində o, borc müqaviləsinin etibarsızlığı tələbinə dair deyil, ləğvi tələbinə dair iddia qaldırmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildiri ki, oxşar müqavilələr cavabdehlə, sonuncunun direktoru olduğu MMC-də işləyən digər şəxslər arasında da bağlanmışdır. Bu xüsusat iddiaçının mübahisələndirilən müqaviləni formal əsaslarla bağladığı, borc pul məbləğinin verilmədiyi barədə göstərdiklərinin əsaslı olduğuna bir daha inam yaradır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçının qardaşıdır. O, tanışı Cavabdeh xahiş etmişdir ki, qardaşı Ramidi direktoru olduğu müəssisəyə işə qəbul etsin, sonuncu da Ramidi satış təmsilçisi olaraq işə qəbul etmişdir. Bir müddət sonra eşitmişdir ki, Ramid tərəfindən müəssisəyə aid malların pulu ödənilməmiş, borc yaranmışdır. Bununla bağlı araşdırma aparılmışdır. Ramid Zaurdan 100.000 manat borc pul almayıb, göstərilən müqavilə formal bağlanıb. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: Borc alan İddiaçı ilə borc verən Cavabdeh arasında bağlanmış 08.11.2016-cı il tarixli “Kredit Müqaviləsi”ndən görünür ki, borc verən borcalana 100.000 (bir yüz min) manat məbləğində borc verir, borcalan krediti 08.11.2018-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(060)-4841/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı-Cavabdeh-iddiaçı X2 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə və cavabdeh-İddiaçı-Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia tələbi üzrə cavabdeh İddiaçı 100000 (bir yüz min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(060)-4841/2019 saylı sorğusuna cavab olaraq 09.07.2019-cu il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu R.Hümmətovun 357 nömrəli, 04 iyul 2019-cu il tarixli məktubundan görünür ki, notariat ofisində quraşdırılan video müşahidə kameraları üzrə görüntülər yalnız son 2-3 ay müddət üzrə yaddaşda saxlanıla bilir, bununla da 3 il bundan öncə video görüntülər yaddaşda qalmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-4057/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4841/2019 saylı 26 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3099 saylı 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-4057/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12.10.2017-ci tarixli qərarın məzmunundan görünür ki, "xxxx" MMC-nin direktoru Cavabdeh MMC-nin keçmiş satış təmsilçisi İddiaçı tərəfindən işlədiyi müddətdə 46.000 manat məbləğində pulu ələ keçirilməsi barədə şikayət ərizəsi əsasında aparılmış aradışma nəticəsində cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, İddiaçı "xxxx" MMC-də 2016-cı ilin ayında 2016-cı ilin dekabr ayınadək satış təmsilçisi işləmişdir. Vəkil sorğusuna Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən verilmiş cavab və əlavə edilmiş sənədlər məhkəmə tərəfindən tədqiq edilmiş, mübahisələndirilən müqavilə üzrə pulun depozitə köçürülməsi ilə bağlı sənəd müəyyən edilməmişdir. Beləliklə, göründüyü kimi tərəflər arasında 08.11.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı (borc verən) 100000 manat məbləğində pul borc verməyi, cavabdeh (borc alan) həmin məbləği 08.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilənin onun tərəfindən imzalandığını, lakin pul məbləğinin cavabdeh tərəfindən ona verilmədiyini, cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini iddia edir və kredit müqaviləsinin ləğvini tələb edir. Cavabdeh lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaya etirazını və yazılı mülahizəsini məhkəməyə bildirməmişdir. Göründüyü kimi mübahisənin predmeti müqavilənin ləğv ilə bağlıdır. Bununla bağlı məhkəmə ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu baxımdan mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericiliyin göstərişindən göründüyü kimi müqavilənin əhəmiyyətli dərəcədə pozulması müqavilənin ləğv edilməsi əsaslarından biri kimi tanınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, borc vermək öhdəliyini üzərinə götürsə də, həmin öhdəliyi cavabdehin icra etmədiyini iddia edir və bununla da müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə ləğv edilməsini tələb edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, müqavilə əsas etibarı ilə şəxslər arasında müəyyən bir hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Bu baxımdan demək olar ki, iki tərəfin müqavilə anlayışını əmələ gətirən meyar öhdəlikdir. Belə ki, əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə iki tərəfli müqavilə deyilir. Borc müqaviləsi iki tərəfli müqavilədir. Məhkəmə hesab edir ki, araşdırılan məsələnin həlli baxımından kredit müqavilələrinin real və ya konsensual müqavilələr olması məsələsinə də aydınlıq gətirilməsi böyük əhəmiyyət kəsb edir. Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, «bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir». Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeyə görə kredit müqaviləsinin konsensual müqavilə olması «bir qayda olaraq» ifadəsi ilə şərtləndirilmişdir. Bu isə müqavilə bağlanarkən tərəflərin qarşılıqlı münasibətləri baxımından həmin müqavilənin real müqavilə kimi qiymətləndirilməsini istisna etmir. Belə ki, araşdırılan mübahisə üzrə qeyd edildiyi kimi borc müqaviləsi iki tərəfli müqavilə olmaqla müasir mülki hüquq sistemində olan yanaşmaya görə Borc alanın geri qaytarma öhdəliyinin yaranması üçün əvvəlcə borc verənin borc predmetini Borc alana verməsi lazımdır. Borc müqaviləsi bağlandığı andan yalnız Borc verən üçün öhdəlik yaranır. Qarşı tərəfin öhdəliyi müqavilənin bağlanması nəticəsində deyil, Borc verənin bu öhdəliyini yerinə yetirməsinin nəticəsi olaraq əmələ gəlir. Oxşar hüquqi mövqeyə muasir Rusiya Federasiyasının hüquq sistemində də rast gəlmək olar. Belə ki, adıçəkilən mülki hüquq sistemində qeyd olunur ki, Borc (kredit) müqaviləsi onun bağlanması üçün əşyanın verilməsi (ötürülməsi) vacib olan real müqavilələr sırasına daxildir. Borc müqaviləsi adətən nağd pulun və ya əşyanın borcalanın, yaxud onun göstərdiyi şəxsin sahibliyinə qəbul olunması anından bağlanmış sayılır. Eyni zamandı məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsində də bir qayda olaraq kredit müqavilələrinə real müqavilə kimi qiymət verilməsini görmək olar. Belə ki, vədəndaş və bank arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsinə dair iddia tələbləri üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, cavabdeh (vətəndaş) kredit məbləğinin ona verilmədiyini mübahisələndirdiyi halda, məhkəmələr tərəflər arasında müqavilə mövcudluğu ilə kifayətlənmir, pulun məxaric olmasını yoxlayır və pulun borcluya ötürülməsi təsdiqini tapmadığı halda bir qaydada olaraq həmin iddia tələblərinin rədd olunması barədə qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi mübahisələndirilən müqavilə üzrə borc məbləğinin borcalana verilməsini təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlmatdan görünür ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Müəyyən edilir ki, yoxlanılan mübahisə üzrə borc məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülmə olduğu halda həmin qaydada həyata keçirilməmişdir. Bunun bağlı notariat orqanı tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasına gələrək pul məbləğinin iddiaçıya verilməsi, bununla da müqavilə öhdəliyinin onun tərəfindən icra edilməsini təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Bu isə iddiaçının pul məbləğinin ona verilməməsi, borcun verilməsi barədə borc verənin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi barədə dəlillərinin inandırıcı olması qənaətinə gəməyə əsas verir. Bundan başqa, məhkəmə tərəflər arasında müqavilə bağlananadək yaranmış qarşılıqlı münasibətlərə də nəzər salmağı zəruri hesab edir. Belə ki, iş üzrə toplanmış sübutlardan göründüyü kimi tərəflər arasında işçi və işə götürən münasibəti olmuş, iddaçı cavabdehin direktoru olduğu müəssisədə satış təmsilçisi işləmişdir. Məhkəmənin qənaətincə müəssisənin direktorunun (cavabdeh) işçiyə (iddiaçı) göstərilən məbləğdə (100.000 manat) borc pul verməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmənin bu nəticəsini təkzib edən hər hansı sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 21 dekabr 2021-ci il tarixli Ədliyyə Nazirliyi Notariat İdarəsi tərəfindən verilmiş vəkil sorğusuna cavabdan görünür ki, Cavabdeh tərəfindən 25.05.2016-cı və 08.11.2016-cı il tarixlərdə Bakı şəhəri 31 saylı notariat ofisində, 20.12.2017-ci il tarixdə isə Abşeron rayon 1 saylı notariat ofisində kredit müqavilələri bağlanmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin əsaslığının sübutu olaraq qeyd olunan müqavilələrə istinad edərək oxşar müqavilələrin digər satış təmsilçiləri ilə də bağlanıdığını göstərimşdir. Tərəflər arasında qarşılıqlı münasibətlərə məcmuu halında qiymət verərək məhkəmə, mübahisələndirilən kredit müqaviləsinin iddiaçının işə qəbul olarkən məsuliyyətini təminat altına almaq məqsədi ilə cavabdehin təklifi ilə bağlaması və pul məbləğinin verilməməsi barədə göstərdiklərini inandırıcı və işin faktiki hallarına uyğun hesab edir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bütün bu qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, toplanmış və tədqiq edilmiş sübutlar cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi, bununlada müqavilə şərtinin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkəmə ədalət mühakiməsini təqdim edidmiş sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 08.11.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 08.11.2016-cı il tarixli Kredit müqaviləsi ləğv edilsin. İş üzrə ödənilmş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar