Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8522/2021 10.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2055 manat pulun, mənəvi zərərə görə 400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi əvvəllər tanımışdır. İddiaçı ona məxsus qızıl-zinət əşyalarını satmaq fikri olmuş və cavabdeh onları alacağını bildirmişdir. İddiaçı cavabdehlə özünə məxus zəncir və üzük dəstini cavabdehə 2800 manata satmaq barədə razılaşmışdır. Cavabdeh qızıl-zinət əşyalarını götürmüş və iddiaçıya 745 manat pul ödəmiş, qalan pulu da yaxın vaxtlarda verəcəyinə vəd vermişdir. Lakin cavabdeh qalan 2055 manat məbləğində pulu qaytarmamışdır. İddiaçı dəfələrlə əlaqə saxlayaraq pulun ödənilməsini tələb etsə də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 3 ildir ki, cavabdehi tanıyır. Cavabdeh gözəllik salonunda işləyir. Onlar cavabdehin iş yerində tanış olublar. İddiaçı qızıl-zinət əşyalarını satmaq istədiyini ona bildirib. Cavabdeh qızılları almaq üçün həyat yoldaşı kimi təqdim etdiyi şəxslə birlikdə iddiaçının evinə gəlmiş, qızılları götürmüş, sonra müəyyən qədər ödəniş etmişdir. Tərəflərin razılaşdıqları qiymət təxminən 3000 manatdan bir qədər artıq təşkil etmişdir. Aylıq 400-500 manat ödəməsi ilə bağlı razılığa gəlmişlər. Cavabdeh əvvəllər ödənişləri yerinə yetirmiş, 2800 manat borcu qalanda isə ödənişləri yerinə yetirməmişdir. Cavabdeh daha sonra xəstə olduğunu, ödənişləri yerinə yetirə bilmədiyini bildirmişdi. İddiaçı cavabdehə inandığı üçün qəbz imzalatmamışdır. Halhazırda cavabdehlə əlaqə saxlamaq olmur. Cavabdeh ünvanını dəyişib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1975-ci ildə, Qazax rayonu, Poylu kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, yataqxana-2 ünvanında qeydiyyatdadır. İş materiallarına audiodisk və “vatsap” mesajlaşma sistemindən çıxarış əlavə edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. Cavabdeh keçən ilin dekabr ayında həyat yoldaşı ilə birlikdə onların evinə gəlmiş və qızıl-zinət əşyalarını götürmüşdür. Cavabdehə inandıqları üçün qəbz imzalatmağa ehtiyac duymamışlar. Cavabdehlə qızıl-zinət əşyalarının qiymətini 2800 manata razılaşmışlar. Cavabdeh bir qədər ödənişlər etmiş və 2055 manat borcu qalmışdır. Daha sonra heç bir ödəniş etməmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Hazırkı iş üzrə iddiaçı cavabdehə 2800 manat dəyərində qızıl-zinət əşyalarını nisyə satdığını, cavabdehin həmin əşyaların dəyərindən 745 manat ödəniş etdiyini və qalan məbləği ödəməkdən imtina etdiyini bildirərək, həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəllədə həmçinin göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (600.4.). Hazırkı halda cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlandığını və cavabdehin həmin müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). İddiaçı öz tələbinin sübutu kimi məhkəməyə audiodisk və “vatsapp” mesajlaşma sistemindən çıxarış əlavə etmişdir. Audiodiskdə ikisi qadın və biri kişi səsi olmaqla 3 səs yazısı mövcuddur ki, həmin səs yazılarının kimə məxsus olduğu müəyyən edilmir. Səs yazılarında iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri barədə hər hansı söhbət getmir və bu səs yazıları iddiaçının tələbini təsdiq edən sübut kimi qəbul edilə bilməz. “Vatsapp” yazışmasında isə iddiaçı kiməsə “sənin mənə borcun 2745 manat qaldı” mesajını yazmışdır ki, bu da iş üzrə sübuti əhəmiyyət kəsb etmir. İş üzrə şahid ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin şahid iddiaçının həyat yoldaşıdır və iş üzrə marağı olan şəxsdir. Eyni zamanda iddia ərizəsində qeyd edilənlərlə iddiaçının məhkəmə iclasında verdiyi izahat, həmçinin şahid ifadəsi arasında bəzi ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlə qızıl-zinət əşyalarının qiymətini 2800 manata razılaşdıqlarını, cavabdehin 745 manat ödəniş etdiyini və 2055 manat borclu qaldığını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında qızıl-zinət əşyalarının alqı-satqı qiymətini cavabdehlə əslində 3000 manatdan da qiymətə müəyyən etdiklərini bildirmiş, əşyaların konkret qiymətini deməyə çətinlik çəkmişdir. İş üzrə şahid Qiyas Quliyevin ifadəsi isə iddia ərizəsinə uyğun olmuş, şahid öz ifadəsində qızıl-zinət əşyalarının qiymətinin 2800 manat dəyərində müəyyən edildiyini bildirmişdir. Mülki Məcəllədə həmçinin nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmine dilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi ziyana görə 2055 manat, mənəvi zərərin əvəzi olaraq 400 manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8522/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8522/2021
10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver