Məhkəmə qərarları › İş №2(060)-8661/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8661/2021

06.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8661/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment və maddi yardım tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment və maddi yardım» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11.12.2015-ci il təvəllüdlü X1 və 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat sabit pul məbləğində alimentin və 05.10.2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olanadək 100 manat sabit pul məbləğində maddi yardımın tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3551/2017 saylı 17 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğini dəyişərək cavabdehdən birgə nikahdan olan 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, birgə nikahdan olan 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və 05.10.2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olanadək 100 manat sabit pul məbləğində maddi yardımın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, iddia tələbini müdafiə edir, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3551/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi təmin edilmiş, 11.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment və uşaq üç yaşına çatanadək hər ay 50 manat maddi yardımın tutulub ona ödənilməsi qət edilmişdir. Alimentin və maddi yardımın tutulması müddəti 10.02.2017-ci il tarixdən müəyyən edilmişdir. Qətnamənin icra mərhələsində cavabdehlə barışmışlar. Həmin nikahdan digər övladları 05.10.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. İkinci övladı dünyaya gələndən sonra cavabdehlə münasibətləri yenidən pisləşmişdir. Hazırda cavabdeh nə ona, nə də uşaqlara maddi yardım göstərmir. Uşaqların böyüməsi ilə onların təlabatları da günü-gündən artır. O, hazırda uşağa baxılması ilə bağlı olaraq işləmir, analıq məzuniyyətindədir. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3551/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddiası təmin edilmiş, 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment, habelə 11.12.2015-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 (əlli) manat maddi yardım tutulub İddiaçı ödənilməsi, alimentin və maddi yardımın tutulması müddəti 10.02.2017-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AZ-İV seriyalı 366030 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 05.10.2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3551/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cavabdehdən tərəflərin birgə nikahdan olan digər övladları 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ nəzərə alınmaqla, 06 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəyə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə cavabdehin əmlak vəziyyətini, üzərində aliment öhdəliyinin yaranması ilə bağlı halları, cavabdehin həmin öhdəliyi yerinə yetirməsi ilə bağlı zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, uşağın üç yaşı çatanadək ananın saxlanılması ilə bağlı aliment tələbi hissədə iddia təmin edilməməlidr. MPM-nin 234.2, 234.2.1-ci maddəsinin tələblərinə əsasən 05.10.2019-cu il təvəllüdlü X4 münasibətdə qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119, 112, 113-cü maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş mediasiya xərci nəzərə alınmalı, 12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3551/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 11.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. 06 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh 05.10.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiq beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. 05.10.2019-cu il təvəllüdlü X4 münasibətdə məhkəmə qətnaməsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 12 (on iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar