Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-883/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları vardır. Onlar xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8r. Qeyd edir ki, cavabdehlə uzun müddət bir ailə kimi bir yerdə yaşamışlar. Lakin sonralar xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3935/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikah qeydinin ləğv olunması və birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər anası X2 verilməsi qət olunmuşdur. Nikahları pozulan zaman cavabdehlə aliment barəsində aralarında şifahi razılaşmalar olmuşdur ki, cavabdeh maddi cəhətdən uşaqlara yardım göstərəcəkdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Elə bu səbəbdən o məcbur olmuş, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çanatadək saxlanılmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 250 maanat olmaqla, ümumillikdə iki uşağa görə 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Məhz mediasiya sessiyasında iştirakları məcburi olduğundan ilkin olaraq sessiyasında iştirak etmişlər. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də məcbur olmuş, məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh ofisiant və gündəlik olaraq usta kimi ev təmiri işləri ilə məşğul olur. 2020-ci ildə nikahları pozulmuşdur. Razılaşma yolu ilə bütün proseslər baş vermişdir. Öncələr 150, 200 manat miqdarında ödənişlər etmişdir. Lakin sonralar ödənişlər etməmişdir. İlk öncə mediasiya orqanına müraciət etmiş və orada hər uşaq üçün 200 manat miqdarında alimentə razılaşmışlar. Cavabdeh 50 manat mediasiya rüsumunu ödəmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dövlət tərəfindən təyin olunmuş minimum aliment məbləğini tələb edir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, AZ-İ seriyalı, 369374 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 03-cü ayının 09-cu günündə 47 nömrə ilə qeyd edilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02451 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 8 gün əvvəlcədən məktub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 manat poçt xərcini ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(060)-3935/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə X5 arasında Sumqayıt Şəhər Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış, 1630 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası X1 yanında qalmaları, iddianın verilməsinə görə 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız aliment öhdəliyinin olması baxımından iddia tələbini müdafiə etməsinə baxmayaraq tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrinin əsasları ilə bağlı heç bir mötəbər sübutu məhkəmə müdafiəsinin predmeti olmamışdır. Bu baxımdan işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Tərəflər təqdim etmədiyi təqdirdə işdə olan mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Belə ki, iddiaçının hər uşaq üçün 250 manat məbləğində tələb etməsinə baxmayaq onu təsdiq edən sübutları təqdim etməməsi, eyni zamanda cavabdehin hər uşaq üçün 250 manat ödəmək iqtidarında olmasını qeyd etməsinə baxmayaraq qeyd olunanlar təsdiq olunmadığından məhkəmə bu qənaətə gəlir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, cavabdehin iddia tələbinə dair münasibət bildirməməsini, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumillikdə 400 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 11 dekabr 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 dekabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı verilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-883/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-883/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver