Məhkəmə qərarları › İş №2(060)-90/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-90/2023

16.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Maddi ziyanın ödənilməsi - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-90/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, müqavilənin müddətsiz hesab edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində işdən azad olunma ilə bağlı xx.xx.2022-ci il tarixli müvafiq nömrəli əmrin ləğv edilməsi, müddətli əmək müqaviləsi və ona edilmiş əlavələrin etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanması, öz işinə bərpa olunması, xx.xx.2022-ci il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqımın ştat cədvəli üzrə ödənilməsi, xəstəlik vərəqələrinə əsasən müavinətlərinin ödənilməsi, 46 günlük məzuniyyət əvəzi 1948 manat kompensasiyanın ödənilməsi, iş günləri ərzində olan 624 saat olan əlavə iş saatlarına görə ikiqat əmək haqqının olaraq 11345 manatın ödənilməsi və istirahət-bayram günlərində ezamiyyətdə olduğu və istirahətsiz işlədiyi 71 günə görə ikiqat əmək haqqının olaraq 9379 manatın ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsinə, eləcə də mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanması, öz işinə bərpa olunmağı, xx.xx.2022-ci il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki ödənilmiş məbləğ üzrə ödənilməsi, xəstəlik vərəqələrinə əsasən müavinətlərimin ödənilməsi, 46 günlük məzuniyyət əvəzi 1948 manat kompensasiyamın ödənilməsi, iş günləri ərzində olan 624 saat olan əlavə iş saatlarına görə ikiqat əmək haqqı olaraq 11345 manatın ödənilməsi və istirahət-bayram günlərində ezamiyyətdə olduğu və istirahətsiz işlədiyi 71 günə görə ikiqat əmək haqqı olaraq 9379 manatın ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsinə, eləcə də mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanması, öz işimə bərpa olunmağı; xx.xx.2022-ci il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqımın hər ay üzrə faktiki ödənilmiş məbləğlə, yəni bir ay üçün 1200 (bir min iki yüz) manat məbləğində ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 205 saat artıq iş vaxtına görə 2 861,25 manat ödənilməsi; xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan xəstəlik vərəqəsinə əsasən ödənilməli olan xəstəlik müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanıb Cavabdeh MMC tərəfindən ödənilməsi, məzuniyyət haqqı üçün ödənilməli olan 1366,61 manat məbləğində pulun ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manatın ödənilməsinə, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsinə; mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5491/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən X6"nun X3 strukturunda (tabeçiliyində) olmaqla, aylıq ştat üzrə əmək haqqının 1200 (min iki yüz) manat olması müqabilində Təhlükəsizlik rəisi vəzifəsində faktiki olaraq işə başlamışdır. Qeyd olunan tarixdən də, öz vəzifə öhdəliklərini qanunamüvafıq şəkildə yerinə yetirmişdir. Hazırda isə görünən odur ki, əmək müqaviləsi 17 may 2021 -ci il tarixində "xxxx" MMC ilə rəsmiləşdirilmişdir. Lakin 2 (iki) nüsxədə hazırlanmalı olan əmək müqaviləsinin 1 (bir) nüsxəsi, rəsmi şəkildə müraciət etməyinə belə baxmayaraq, bu günə kimi ona təqdim olunmamışdır. Hətta, xx.xx.2022-ci il tarixində xxxxxxx000201 nömrəli əmək müqaviləsinin dəyişdirilməsi və ya yenidən bağlanması haqqında heç bir razılıq ərizəsi və məlumatı olmamışdır. Eyni zamanda 01 yanvar 2022-ci il tarixə kimi ştat strukturu olaraq "X6"-nun X3 tərkibində (tabeçiliyində) olsada, heç bir razılıq ərizəsi alınmadan "xxxx" MMC-nin X1 ştat strukturunun tərkibinə (tabeçiliyinə) verilmişdir. Qeyd edir ki, işçilər tərəfindən məhkəmələrə olan şikayətləri və şirkətdə olan ümumi mənzərəni araşdırarkən məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən əmək müqaviləsinin 2-ci nüsxəsinin işçilərə verilməməsi kütləvi və adəti bir hala çevrilmişdir. Nəticə etibarı ilə əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və gizlədilməsiylə bərabər, digər qeyd olunan bütün halları işəgötürən tərəfindən yol verilən qanun pozuntusu hesab edir. "xxxx" MMC-nin rəhbərliyi əmək qabiliyyətini müvəqqəti itirməyi ilə əlaqədar olaraq (xəstəliyi ilə) 17 may 2022-ci il tarixindən 29 may 2022-ci il tarixədək bülletendə olduğu müddətdə, daha da dəqiqləşdirərək qeyd edir ki, xx.xx.2022-ci il tarixində qavunvericiliyin tələblərinə zidd olaraq, ƏM-nin 68- ci maddəsinin b-bəndinə (müqavilə müddətinin qurtarması) əsasən, üzürlü səbəbdən iş yerində olmayan işçinin əmək müqaviləsinə xitam vermişdir. O, da öz növbəsində, bülletendə olması səbəbi ilə bu xitamı, ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz hesab edir. Eyni zamanda ƏM- nin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən müqavilə müddətinin 1 (bir) illik olması barəsində, heç bir razılıq ərizəsi alınmamışdır. Həmçinin bir Azərbaycan vətəndaşı kimi, işəgötürənlər üçün müddətli əmək müqavilələrinin ləğvinin daha asan və məsrəfsiz olmasını çox geniş yayılmış sui-istifadə halı kimi qiymətləndirir. Halbuki, əmək qanunvericliyinin tələblərinə əsasən "xxxx" MMC işəgötürən olaraq, sığortalı işçinin əmək qabiliyyətinin bərpa olunmasını gözləməli və üstəlikdə xəstəlik pulu olaraq bülletendə olan işçiyə müavinət ödəməyə borcludur. İşəgötürən müddətli əmək müqaviləsinə xitam verməmişdən 3 və ya daha çox gün əvvəl tabeliyində olan şəxsə müqavilənin ləğvi barədə məlumat verməyə borcludur. Burdan da görünən odur ki, işəgötürən 14 may 2022-ci ildə rəsmi şəkildə ona məlumat verməli olduğu halda, heç bir məlumat verməmişdir. Yalnız bundan sonra işdən çıxarılma ilə bağlı əmr verilə bilər. Əks halda Ali Məhkəmənin müvafiq Qərarına əsasən, işəgötürən xəbərdarlıq müddətinin gözlənilmədən müqaviləyə xitam verilməsinin səbəbini öz ərizəsində göstərməyə borcludur. Bu günə qədərdə qanunvericilik ilə nəzərdə tutulmuş sənədlər, əmək müqaviləsinin bir nüsxəsi, aylıq əmək haqqı barəsində arayış, o cümlədən işdən azad olunmağı haqqında əmr və son-haqq hesaba dair qanunamüvafıq sənədlər də, rəsmi şəkildə ona təqdim olunmamışdır. 20 may 2022-ci il tarixində son haqq-hesab olaraq ona 632 manatın ödənilməsini belə, tam ədalətsiz və qanunsuz hesab edir. Çünki aylıq əmək haqqısı 1200 manat olduğu halda, may ayının maaşı, yemək pulu, iş vaxtından artıq vaxtda görülən işə görə ikiqat əmək haqqısı, 46 günlük məzuniyyət kompensasiyası və üstəlikdə iki xəstəlik vərəqəsinə əsasən müavinətlərinin ödənilməliydir ki, bu da əlbətki 632 manat edə bilməzdi. Belə ki, son haqq-hesabının daha böyük rəqəm etməsi labüddür. Nəticə etibarı ilə son haqq-hesabın düzgün hesablanmamasını belə, qanunsuz hesab edir. Hətta, ƏƏSMN-nin E-sosial.az proqram təminatından da göründüyü kimi, "xxxx" MMC cavabdeh olaraq 2021-ci ilin sentyabr ayında ödənilməli olan xəstəlik pulunu (xəstəlik vərəqi nömrəsi 0232298) belə, 9 ay keçdikdən və 20 may 2022-ci il tarixində əmək müqaviləsinə qanunsuz şəkildə xitam verdikdən 12 gün sonra, 01 iyun 2022-ci il tarixində sistemə daxil etmişdir. Eyni zamanda Əmək Müfəttişliyinə şikayət etdikdən sonra, 2022-ci ilin fevral ayında ödənilməli olan xəstəlik vərəqəsi 02 iyun 2022-ci il tarixində "E-sosial.az" sistemə daxil edilmişdir. Lakin əmək müqaviləsi ləğv edildiyi üçün, DSMF ödənişdən imtina etmişdir. Buda bir daha əmək müqaviləsinə qanunsuz xitam verilməsinin və son-haqq hesabın düzgün aparılmamasının bariz sübutlarından biridir. Qeyd edir ki, öz üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirdiyi, eləcədə heç bir ixtisar olmadığı və işlədiyi sahə üzrə yerinə yetirdiyi əmək funksiyasına ehtiyac olmasına baxmayaraq, 21 illik iş təcrübəsinə malik, himayəsində 2 azyaşlı uşağı, əlil ailə üzvi və eyni zamanda özüdə müharibə əlili olan bir işçini formal olaraq əmək müqaviləsinin müddətinin bitməsi bəhanəsi ilə müqaviləsinə xitam vermək, ən azından xalq və dövlət qarşısında sosial təyinatlı bir şirkət kimi reklam olunan "xxxx" MMC üçün utancverici bir hal olmalıdır. İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixə tərtib olunmuş xxxxxxx000200 nömrəli əmək müqaviləsində olan imzalar, iddiaçıya məxsus deyildir. Həmin imzaların kim tərəfindən icra edilməsi barədə məlumatı yoxdur. Xüsusi olaraq qeyd edir ki, həmin müqavilənin 2-ci nüsxəsi nəinki iddiaçıya verilməmiş, hətta həmin müqaviləni görməmişdir. Yalnız hazrlıq iclasında iddiaçıya, hemin müqavilə ilə ilk dəfə tanış olmaq nəsib olmuşdur. xxxxxxx000200 nömrəli əmək müqaviləsi 04 aprel 2022-ci il tarixində qüvvədən düşməsi səbəbi ilə, artıq bu gün üçün heş bir hüquqi qüvvəsi yoxdur. Bu fakt e.sosial.az elektron kabinetinde bir daha öz təsdiqini tapmışdır İşə müraciətlə bağlı iddiaçı tərəfindən hər hansı bir ərizəyə imza atılması əmək münasibətlərinin şərtləri tərəfindən 3 aylıq sınaq müddətinin 1 (bir) illik müddətli müqavilənin və ya müqavilədə göstərilən digər bəndlərin) öncədən razlaşdırıması demək deyildir və ola da bilməz. Həmin ərizə yanız işə qəbul üçün nəzərdə tutulmuş bir sənəddir. Eyni zamanda istər ilkin əmək müqaviləsi, istərsə də sonradan dəyişdirilmiş əmək müqaviləsindəki imzalar iddiaçıya mexsus deyildir. İşəgötürən tərəfindən xitam əmri ilə bağlı xx.xx.2022-ci il tarixli məktub ilə işçiyə melumat verdiklərini bildirsələr də, kimə melumat verdikləri nəinki iddiaçıya, heç işəgötürənin özünə belə, bu gündə məlum deyildir. Bu fakt işəgötürən tərəfindən məhkəməyə təqdim olunan poçt qəbzinin üzərindəki çatdırılma tarixi və ad-soyadla bir daha öz təsdiqini tapmış olur. əmək qanunvericliyinin tələblərinə əsasən "xxxx" MMC işəgötürən olaraq, sığortalı işçinin əmək qabiliyyətinin bərpa olunmasını gözləməli və üstəlikdə xəstəlik pulu olaraq bülletendə olan işçiyə müavinət ödəməyə borcludur. Eləcə də, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, məzuniyyətdə olması) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi isə çıxdıqdan sonra, bir həftə ərzində işəgötürənin müəyyən etdiyi gündə xitam verilə bilər. Bu faktda bir daha onu təsdiq edir ki, işəgötürən işçinin işdə olmasını gözləməyə borcludur. Həmçinin, iddiaçı bülletendə olmağı və xəstələnməsi barədə faktiki olaraq üst rəhbəri X7 Eldəniz Quliyevə məlumat vermişdir. Eyni zamanda əmək qanunvericiliyində xatırladır ki, iddiaçının, qanunlara əsasən məlumat vermək kimi heç bir öhdəliyi yoxdur. Çünki, həmin günü 40 dərəcə qızdırma ilə nəfəs almaqda belə çətinlik çəkirdi. Bu halda İşəgötürən borcludur ki, işçinin harda olması barədə maraqlansın, zəng etsin və hər hansı bir qanunauyğunsuzluq varsa da, akt tərtib olunsun. Həmçinin, 30 may 2022-ci il tarixində xəstəlik vərəqəsi "X6" tərəfindən möhürlənib və imzalanmasıda təmin olunmuşdur. Dəfələrlə müraciət olunmasına baxmayaraq, OBA MARKET MMC rəhbərliyi tərəfindən iddiaçının şəxsi əmək kitabçası və əmək müqaviləsi nə iddiaçıya, nə də iddiaçının ünvanıma təqdim olunmamışdır. Belə ki, sonuncu iş günü işçiyə təhvil verilməli olan sənədlər, bu günə qədər də iddiaçıya təqdim olunmamışdır. Təqdim olunmuş xx.xx.2022-ci il tarixli poçt Qəbzinin isə saxtalığına əsaslı şübhələr vardır. Bir daha qeyd edir, həmin poçt qəbzi öncədən düşünülmüş və kobud şəkildə tərtib olunmuşdur. Məhkəmədə Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2021 -ci il tarixdə əmək müqaviləsi imzalanmaqla İddiaçı 3 ay sınaq müddəti ilə “Təhlükəsizlik bölmə rəisi” vəzifəsinə işə qəbul edilmişdir. Lakin iddiaçının iddia etdiyi kimi “razılıq ərizəsi alınmadan deyil” işə qəbul edilməsi barədə öz imzası ilə təsdiq etdiyi xx.xx.2022-ci il tarixli ərizəyə əsasən işə qəbul edilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh MMC onunla imzalanmış xx.xx.2021-ci il tarixli müqaviləyə qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində xəstəliklə əlaqədar stasionar müalicədə olduğu dövrdə, yəni xx.xx.2022-ci il tarixdə xitam vermişdir ki, bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz hesab olunur. İddiaçı ilə işəgötürən arasında imzalanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 229 №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əasən xitam verilmişdir və bu barədə iddaçıya xx.xx.2022-ci il tarixli bildirişlə məlumat verilmişdir. Bildiriş poçt vasitəsilə iddiaçının yaşadığı ünvana göndərilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı iddia edir ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilərkən cavabdeh Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələblərinə əməl etməmiş və iddiaçının əmək qabiliyyətinin müvəqətti olaraq itirilməsini nəzərə almamışdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci bəndinə əsasən, cavabdeh Məcəllənin 73-cü maddəsinin tələblərini pozmamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Yəni işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda da işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində göstərilən əsasla xitam verə bilər. Bundan əlavə İddiaçı müqaviləyə xitam verilən zaman əmək qabiliyyətinin itirilməsini iddia etsə də bununla bağlı cavabdehin İnsan Resursları strukturunun əməkdaşlarına, həmçinin öz struktur rəhbərinə məlumat verməmiş və faktı sübut edəcək hər hansı sənəd təqdim etməmişdir. Belə olan halda Cavabdeh MMC iddiaçının xəstəliklə bağlı müalicədə olduğu barədə xəbərdar ola bilməzdi. Həmçinin İddiaçı əmək qabiliyyətini itirdiyi dövr ərzində, daha dəqiq olaraq xx.xx.2022-ci il tarixdə qeyri-iş saatlarında "OBA MARKET” MMC-nin Yasamal rayonu, Hüseyn Cavid prospekti Mirvari Park y/s ünvanında yerləşən ofis binasında hansı səbəbdən olduğunu və bir müddət xidməti otağında qaldığını qeyd etmir. Halbu ki, iddiaçı əmək qabiliyyətini itirdiyi dövr ərzində ev şəraitində müalicədə olmalı idi. İddiaçının Cavabdeh MMC-nin ofisində olması faktı binanın videokameralarında qeydə alınmışdır. Eyni zamanda İddiaçı iddia edir ki, Cavabdeh MMC onunla əmək müqaviləsini 1 illik müddətə deyil, müddətsiz bağlamalı idi və müqavilənin müddətli bağlanması ilə bağlı ondan razılıq alınmamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndinə əsasən Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Bu halda qarşılıqlı razılığın xüsusi olaraq hər hansı sənədlə təsdiq edilməsinə dair qanunvericilik tərəfindən tələb müəyyən olunmayıb və tərəflərin müqaviləni öz imzaları və işəgötürənin möhürü ilə təsdiqləməsi onların müqavilə şərtləri ilə razılaşdığına dair sübutdur. Bundan əlavə Əmək müqaviləsi imzalanarkən və ondan sonrakı dövrdə İddiaçı müqaviləsinin müddətli imzalandığını bildiyi və bilməli olduğu halda müqavilənin müddətsiz bağlanmasına dair iddiasının müqaviləyə xitam verildikdən sonra qaldırılması əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə bu müddəti hər hansı üzürlü səbəb olmadan ötürmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsini imzalayarkən müqavilənin ikinci nüsxəsini aldığına dair müqaviləyə imza etmiş, onunla əmək müqaviləsinə xitam verildikdə isə işdə olmadığı üçün sənədlər təqdim edilməmişdir. Lakin İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək Əmək kitabçası, müqaviləyə xitam əmri və digər sənədlərin yaşadığı ünvana göndərilməsini xahiş etmişdir ki, cavabdeh də həmin sənədləri poçtla iddiaçıya göndərmişdir. Bununla bağlı təsdiqedici sənədlər var. İddiaçının əmək haqqı, məzuniyyət və ezamiyyət xərclərinin ödənilməsi tələbləri ilə bağlı bildirir ki, ona ödənilməsi olan son haqq-hesab, əmək haqqı və digər xərclər ödənilib. İddiaçı maddi və mənəvi zərər tələbləri hər hansı sübut əhəmiyyətli sənədlərlə əsaslandırılmadığı üçün qəbul edilmir və əsassızdır. Cavabdehin digər nümayəndəsi X9 məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, işdə olan elektron məlumat bazasında vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Cavabdeh MMC-də “Daxili Nəzarət Departamenti-Təhlükəsizlik bölməsində rəis vəzifəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə 350 (üç yüz əlli) manat məbləğində Prezident təqaüdü alır. İşə əlavə olan xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Daxili Nəzarət Departamenti- Təhlükəsizlik bölməsinə Təhlükəsizlik rəisi vəzifəsinə təyin edilmişdir. İşdə olan Cavabdeh MMC-nin işə qəbul etmə haqqında “Çıxarış”dan görünür ki, İddiaçı Cəmiyyətin Təhlükəsizlik bölməsinə xx.xx.2021-ci il tarixdən etibarən təhlükəsizlik rəisi vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 510 manat olmaqla ödənilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixində bitmiş və uzadılması nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilməsi barədə məlumat verilmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi barədə 229 nörməli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “b”-əmək müqaviləsinin müddətinin qurtarması” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2021ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilmiş 28.26 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7433 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatları nəzərə alaraq, İddiaçı əmək haqqısı 17 may 2021-ci il tarixdən 21 may 2022-ci il tarixədək faktiki 14700 manat hesablanmış, rəsmi 6213,16 manat hesablanmışdır və bu səbəbdən yaranmış fərq 8486,84 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan cədvəldən göründüyü kimi İddiaçı 17 may 2021-ci il tarixdən 21 may 2022-ci il tarixədək Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 205 saat artıq işləmiş və bu Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 2861,25 manat təşkil etdiyi müəyyən edilir. İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində olan xəstəlik vərəqsinə əsasən Cavabdeh MMC tərəfindən xəstəlik müavinətinin hesablanıb ödənilməsi halı müəyyən olunmur. İddiaçı məzuniyyət haqqı 1746.44 manat hesablanmış, ödənilmiş məbləğ 379,83 manat və yaranmış fərq 1366,61 manat təşkil etdiyi müəyyən edilir. İddiaçı 23 gün istirahət və bayram günlərində ezmiyyətdə olması və əmək haqqının iki misli miqdarında hesablanmasını nəzərə alaraq 2126,77 manat təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh MMCnin nümayəndəsi K.E.Vəzir oğlu mediator X2 xx.xx.2022-ci il tarixdə saat 14:00-15:00 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 42-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi əmək münasibətləri əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək münasibətlərinin tərəfləri əmək müqavilələri bağlamaqda sərbəstdirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər qarşılıqlı razlaşmaya əsasən müddətli (1 il müddətə) əmək müqaviləsi bağlamışlar. Məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır və İddiaçı həmin müqaviləni özü şəxsən imzalamışdı. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsaəsn əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Araşdırılan mübahisə üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla müddəti 20 may 2022-ci il tarixdə bitmişdir. Cavabdeh müqavilə müddətinin uzadılması ilə bağlı iradəsini bildirməmiş, əksinə müqavilə müddəti bitdiyindən əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya” nın 41- ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə, hesab edir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı cavabdeh cəmiyyətin iddiaçıya mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı, müqavilənin müddətsiz hesab edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar