Məhkəmə qərarları › İş №2(060)-901/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-901/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-901/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış nikahlarından anadan olmuş 1 övladının - xx.xx.2014-cü il təvəllüdlü X2 18 yaşına çatanadək onun himayəsində saxlanması üçün 235 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh ilə nikaha daxil olaraq ailə münasibəti qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin sentyabr ayının 25 günündə 105 nömrə ilə qeyd edilmişdir. Onların bu nikahlarından olan ailə münasibətlərindən 1 övladları - xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. İlk vaxtlar onların ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşməyə başlamışdır. Hal-hazırda isə aralarındakı bütün münasibətlər çox pisdir və ayrı yaşayırlar. Artıq birgə yaşamırlar. Faktiki olaraq ailə münasibətləri bitmişdir və ailə münasibətlərinin bərpası imkansızdır. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanılması mümkün deyil. Buna görə də cavabdehdən övladlarının saxlanılması üçün hər ay aliment tutularaq ona ödənilməsinə ehtiyac vardır. Bildirmək istəyir ki, övladı azyaşlıdır və ona çox bağlıdır. Həmçinin ana qayğısına və nəvazişinə ehtiyacı vardır. Onlar artıq cavabdehlə ayrı-yaşayırlar və övladları onunla birlikdə yaşayır. Artıq çox uzun zamandır ki, cavabdehlə yaşamırlar. O, övladına özü tək baxır. Lakin bu ona maddi cəhətdən çox problem yaradır. O, bu şəraitdə övladına maddi cəhətdən baxmaqda çətinlik çəkir. Cavabdeh isə övladına heç bir maddi yardım göstərmir. Bu isə onlara çox çətinlik yaradır. Həmçinin cavabdeh onunla və övladı ilə maraqlanmır. Artıq uzun zamandır ki, bu vəziyyət belə qalmaqda davam edir. Buna görə də cavabdehdən övladının saxlanılması üçün hər ay aliment tutularaq ona ödənilməsinə ehtiyac vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün X5” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Nəzərə almaq lazımdır ki, bu iş üzrə Məhkəmə qətnaməsinin qəbul edilməsi müəyyən bir müddət alacaqdır. Nəticədə isə 2024-cü il yanvarın 1-dən qüvvəyə minən sözügedən qanun həmin vaxt bu Məhkəmə işinə tətbiq edilə bilər. Həmçinin Məhkəmənin qətnaməsinin icrası da 2024-cü ilə təsadüf edəcək. Buna görə də bu müddəanın tələbləri nəzərə alınmalıdır. Buna əsaslanaraq 2024-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Buna görə də qeyd edir ki, onun cavabdehdən cavabdehlə birgə nikahlarından olan 1 övladları - xx.xx.2014-cü il təvəllüdlü X1 üçün uşaqlar üçün müəyyənləşmiş yaşayış minimumundan az olmayaraq aliment almaq hüququ vardır. Bu səbəbdən hesab edir ki, cavabdehdən cavabdehlə birgə nikahlarından olan övladının saxlanması üçün hər ay 235 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək bildirmişdir ki, o, övladının saxlanılmasına maddi yardım etməyə razıdır. Lakin o, övladının anasında qalmasını istəmir. İddiaçının əsəb problemləri var. Əsəblərini idarə edə bilmir. Buna görə də, övladının onun yanında qalmasını istəyir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər 25 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha girmişlər, bu nikahdan 07 sentyabr 2014-ci il təvəllüdlü X4 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixində, saat 12:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat alimentin tutulub ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasında 2024-cü il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda xx.xx.2014-cü il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının aliment tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 12 dekabr 2023-cü il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, tərəflərin faktiki nikahdan olan uşaq hazırda anasının himayəsindədir və cavabdeh bir ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Odur ki, iddiaçının aliment hissəsində iddia tələbini məhkəmə əsaslı hesab edir və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 84-cü maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar