Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-917/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20.08.2020-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 01.09.2021-ci il təvəllüdlü X4 adlı bir övladları anadan olmuşdur. Nikahlarının ilk aylarında münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. O, məcbur olub hamilə olan zaman cavabdehi tərk etmişdir. Hamiləlik dövrü və uşağın doğuşu zamanı cavabdehə dəfələrlə maddi yardım ilə bağlı müraciət etsə də, o, heç bir maddi yardım göstərməmişdir. Uşağın doğuşu ilə bağlı 2445.33 manat məbləğində pul xərcləmiş, cavabdehdən həmin məbləği tələb etsə də o, razı olmamışdır. 01.09.2021-ci il tarixdən isə cavabdehdən uşağın saxlanması üçün aliment tələb etsə də, cavabdeh uşağın saxlanması üçün köməklik etməmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsində ona qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin hamiləliyi səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli qərarı ilə işin icraatına xitam verilmişdir. O, məhkəmədən öncə cavabdehə aliment ilə bağlı yazılı müraciət etmiş, sonra isə Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdehdən aliment və maddi yardım almaq mümkün olmamışdır. Hesab edir ki, cavabdeh ona doğuşla əlaqəli çəkdiyi 2445.33 manat məbləğin yarısını yəni, 1223 manat pul, sabit pul məbləğində aliment və maddi yardım 01.09.2021-ci il tarixdən başlayaraq verməlidir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 01.09.2021-ci il tarixdən başlayaraq 01.09.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə 200 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatana kimi 100 manat maddi yardım, hamiləlik və doğuş zamanı çəkdiyi 2445.33 manat məbləğin yarısı, yəni 1223 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 14.01.2022-ci il tarixdə iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh 01.09.2021-ci il tarixdən başlayaraq 01.09.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə 200 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatana kimi 100 manat maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, tərəflər qısa müddət bir yerdə yaşamışlar. Daha sonra münasibətləri pisləşmiş və Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı evi tərk etmişdir. Uşağın doğulmasında və saxlanmasında cavabdeh heç bir köməklik etməmişdir. Sentyabr ayından mediasiyaya müraciət etmiş və cavabdeh bu barədə xəbərdar edilmişdir. Bu baxımdan hesab edir ki, aliment həmin tarixdən tutulmalıdır. Ona görə də məhkəmədən hər ay cavabdeh M.G. Abdullazadədən iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının xeyrinə 01.09.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatana kimi 100 manat maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı ilə qısa müddət bir yerdə yaşamışlar. Yanvar ayının 10-da iddiaçı evi tərk etmişdir. İddiaçı onun barəsində alçaldıcı ifadələr işlətmişdir. Həmçinin qeyd etdi ki, yoldaşının hamilə olmasını 8 ay olanda bilmişdir. Mediasiya prosesində iştirak etmiş, lakin iddianı qəbul etməmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Uşağın saxlanması üçün aliment ödənilməlidir, lakin bu məbləğ ağlabatan olmalıdır. Belə ki, cavabdehin tələb olunan 300 manat məbləği ödəmək imkanı yoxdur, arayışdan da göründüyü kimi 525 manat əmək haqqı alır. Onun ¼ hissəsini ödəməyə razıdırlar. Hüquqlarını təmsil etdiyi şəxsin başqa gəlir əldə olunan yeri yoxdur, həmçinin yaşlı valideynləri onun himayəsindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan nikahın bağlanması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 20 avqust 2020-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1246 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullazadə Banu Murad qızı 01.09.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızıdır. İş materiallarında olan 27.11.2021-ci il tarixli №2021-008043 saylı ilkin meddiasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 27.11.2021-ci il tarixdə 12:00-dan 12:35-ə kimi keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. İş materiallarında olan 19.01.2022-ci il tarixli, 37/39-004 №-li arayışdan görünür ki, Cavabdeh AR FHN DYMX Sumqayıt şəhər X5 İdarəsinin 24 nömrəli X2 yanğınsöndürəni vəzifəsində xidmət edir və aylıq əmək haqqı 525.39 manat təşkil edir. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçının cavabdehlə rəsmi nikahından olan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından hər ay 200 sabit pul məbləğində aliment və 100 maddi yardımın tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X6” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin rəsmi nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, cavabdehin aldığı əmək haqqının məbləğini, maddi vəziyyətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, 01.09.2021-ci il təvəllüdlü Abdullazadə Banu Murad qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment və 50 manat maddi yardım tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad ərindən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunan qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 13.12.2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01.09.2021-ci il təvəllüdlü Abdullazadə Banu Murad qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 13.12.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində maddi yardım tutulub iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-917/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-917/2022
21.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver