Məhkəmə qərarları › İş №2(060)-953/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-953/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-953/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Cavabdeh X12 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh X12 Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 12 yanvar 2015-ci il tarixli №02/15SU əsas kredit müqaviləsi, Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 14 yanvar 2015-ci il tarixli № 021/15SU ipoteka müqaviləsinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 12 yanvar 2015-ci il tarixli № 02/15SU əsas kredit müqaviləsi ilə ona bir milyon manat AZN (manat) məbləğində 120 ay müddətinə, “12’‘ Yanvar 2025-ci il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit vermişdir. Müqavilənin 1.2, bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri Tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənməsi, 1.3.-cü bəndinə əsasən Əsas Kredit Müqaviləsi çərçivəsində “Borcalan’a verilən kreditlər Əlavə Kredit Müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit Müqavilələrində onun Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutulmalıdır. Müqavilənin 1,4,-cü bəndinə əsasən "Borcverən” öz mülahizəsinə əsasən Borcalan’a bu Müqavilənin 1.1 -ci bəndində nəzərdə tutulmuş müddət- ərzində və həmin bənddə müəyyən edilmiş kredit limitindən artıq olmayan məbləğdə dəfələrlə kredit verə və ya kreditin verilməsindən imtina edə bilər. Kredit verildiyi halda tərəflər arasında bağlanacaq əlavə kredit müqavilələrinin müddəti bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdən və “Borcalan”ın Əlavə kredit müqavilələri üzrə əsas borcunun ümumi məbləği bu Müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş kredit limitindən artıq ola bilməz. Cavabdeh- Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 14 yanvar 2015-ci il tarixli № 021/15SU ipoteka müqaviləsinə görə, İpoteka qoyan müqavilənin 1.2. bəndində nəzərdə tutulmuş Əsas Kredit müqaviləsi üzrə və əsas Kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 2 saylı ərazi idarəsi tərəfindən 05.07.2014-cü il tarixdə 18 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi **********, mülkiyyət hüququ üzrə ona məxsus olan və ipoteka kimi çıxış edən ünvan 1 ünvanında yerləşən 0.0718 ha torpaq sahəsini və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evini (bundan sonra "ipoteka predmeti”) İpoteka saxlayana ipoteka qoyur; Borc verənlə (ipoteka saxlayanla) borc alan (ipoteka qoyan) arasında Sumqayıt şəhərində bağlanmış 14.01.2015-ci il tarixli 02/15SU saylı Əsas kredit müqaviləsinə əsasən borc verən borc alana 1 000 000 (bir milyon) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə 14 yanvar 2025-ci il tarixinədək Əsas Kredit Müqaviləsi çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir, borc alan isə krediti və kreditdən istifadəyə görə Əlavə Kredit Müqavilələrində nəzərdə tutulmuş faizləri Əlavə Kredit Müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın ssuda hesabına daxil olduğu müvafiq günündə) boreverənə ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin 1.1. bəndində nəzərdə tutulmuş ipoteka predmeti Əsas Kredit müqaviləsi üzrə və Əsas Kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu Müqavilənin1.1. bəndində göstərilən daşınmaz əmlaka dair İpoteka saxlayanın ipoteka hüququ Əsas Kredit müqaviləsi çərçivəsində borcalana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, Əsas Kredit müqaviləsi çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla borcalan tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Cavabdeh “ Cavabdeh” Kommersiya Bankı ASC Sumqayıt filialı ilə bağlanmış 15 yanvar 2015-ci il tarixli, № 02/15SU əsas kredit müqaviləsi ilə aşağıdakılar müəyyən edilmişdir: 1.1 Bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti "Borcalan’ün mülkiyyətinə verir və "Borcalan’ isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən’ə qaytarmağı öhdəsinə götürür. 1.2 Bu müqavilə üzrə “Bank” tərəfindən “Borcalan’a verilən kreditin məbləği 23 000 (iyirmi üç min) ABŞ dolları təşkil edir. 1.2. Kredit 36 (Otuz, altı) ay müddətinə, 15 Yanvar 2018-ci il tarixinədək illik 22 (iyirmi iki) faiz ödəmək şərtilə verilir. 1.2. Kreditin məqsədli təyinatı: İslehlak-Mənzil alınması X13 Əliyev kredit götürənlərə güzəştlər edilməsini vurğulamışdır. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumuna təqdim olunmuş sənədlərdən göründüyü kimi, xarici valyutada olan kreditlər üzrə borcların ödənilməsi zamanı borcalanlanın maliyyə yükünün müqavilədə nəzərdə tutulmuş ödəniş qrafikindən çox fərqlənməməsi üçün banklar tərəfindən aylıq ödənişlərin əvvəlki səviyyədə aparılmasına imkan verən restrukturizasiya tədbirləri həyata keçirilir və bununla da borcalanlanın borc yükünün bir hissəsi banklar tərəfindən qarşılanır. Bununla belə 16 may 2015-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir. Müqavilə bağlandıqda cavabdeh tərəfindən həmin müqavilənn nəticələri şəraitin peşəkar, analtik təhlillə qiymətləndirmə imkanına görə onun tərəfindən icra edilə bilməyəcəyi barədə məlumatlı olmuşdur. Onun həmin analtik təhlilləri etmək imkanı yox idi. X15 tərəfindən manatın dəyərinin dollara nisbətdə qiymətdən düşməyəcəyi barədə əhaliyə müraciət edilmişdi. Lakin dərhal 2015-ci il 21 fevral və 22 dekabr tarixlərində Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100% faiz qiymətdən düşməsi onun həmin müqvilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir. Müqavilə bağlandıqdan sonra, yəni 21 fevral və 22 dekabr 2015-ci il tarixdə Azərbaycan manatı ABŞ dolları qarşısında birdənbirə 100 faizdən artıq ucuzlaşmış və bu hal onun həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün etmişdir. 2015-ci ilin fevralından başlamış 34 faizlik devalvasiyanı nəzərə alınsa, manat faktik olaraq il ərzində 100 faiz dəyər itirib. O, həmin müqaviləni imzalayarkən 1 dollar 0.78 qəpik idi. Yəni, o, müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almış və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi yox idi. İndi isə, ABŞ dollarının dəyəri birdən-birə 100 faizdən çox qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri, eləcə də onun əmək haqqısı və sair gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da mal və xidmətlərin qiymətlərinin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Digər tərəfdən də, ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qismətinin artmasına, bu da öz növbəsində Respublikadakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. O, daha, əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığı vaxt ümid etdiyi gəlirləri əldə edə bilmir. Beləliklə də, həmin müqavilə bağlanarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu dəyişikliyi isə. nə onun, nə də cavabdehin "ağlabatan şəkildə əvvəlcədən görə bilməsi" mümkün idi. Şəxsən o, əvvəlcədən milli valyuta olan manatın ABŞ dolları qarşısında birdən-birə və 10 faizdən çox ucuzlaşacağını görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 2 saylı ərazi idarəsi tərəfindən 05.07.2014-cü il tarixdə 18 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində, reyestr nömrəsi **********31-10301 qeydiyyat nömrəsi **********, qeydiyyat aparılmış, RX seriyalı 0420863№-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan və ipoteka kimi çıxış edən ünvan 1 ünvanında yerləşən 0.0718 ha torpaq sahəsini və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evini (bundan sonra “ipoteka predmeti”) İpoteka saxlayana ipoteka qoyulmuş, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti altmış beş min manat məbləğində müəyyənləşdirilmişdir. Hamıya aydındır həmin sahədə torpaq sahəsi və altı otaqlı fərdi yaşayış evi altmış beş min manat məbləğində qiymətləndirilə bilməz, Göstərilənləri nəzərə alaraq, “Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 12 yanvar 2015-ci il tarixli №02/15SU əsas kredit müqaviləsi, Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 14 yanvar 2015-ci il tarixli № 021/15SU ipoteka müqaviləsinin etibarsız sayılmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh X12 Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh KB ASC ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı milli manat ekvivalentində 19.767,18 ABŞ dolları məbləğində əsas, 1.871.98 ABŞ dolları məbləğində faiz, 10 ABŞ dolları cərimə, ümumilikdə 21.649,79 ABŞ dolları, bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 27 manat “Cavabdeh" KB ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 (altmış beş min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 21 649.79 ABŞ doliarı məbləğində pul, bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 27 manat pulun Cavabdeh KB ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə iddiaçı qətnamədən şikayət versədə qətnamə qismən təmin edilərək mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilmişdir. Hazırda iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Bu səbəbdən iddiaçının iddia qaldırması sadəcə onların xeyrinə olan qətnaməsinin icrasına mane olmaqdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh X12 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. İş materiallarında olan 12.01.2015-ci il tarixli, № 02/15SU saylı Əsas Kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh X12 Səhmdar Cəmiyyəti İddiaçı 120 ay müddətinə 1.000.000 manat məbləğində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh X12 Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 23000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh X12 Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0718 ha torpaq sahəsi və üzərində yerləşn 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 65000 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.08.2018-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Kommersiya Bankı ASC-nin cavabdehlər İddiaçı, X3ma, X11! oğluna və X1 qarşı "kredit müqaviləsinə xitam verilməsi, kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddias; qismən təmin edilmiş, Cavabdeh KB ASC ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı milli manat ekvivalentində 19.767,18 ABŞ dolları məbləğində əsas, 1.871.98 ABŞ dolları məbləğində faiz, 10 ABŞ dolları cərimə, ümumilikdə 21.649,79 ABŞ dolları, bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 27 manat “Cavabdeh" KB ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 (altmış beş min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 21 649.79 ABŞ doliarı məbləğində pul, bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 27 manat pulun Cavabdeh KB ASC-yə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması və iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 05 mart 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tələbin ipoteka predmetinə yönəldilməsinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbinin tam təmin edilərək, iddiaçı Cavabdeh Kb ASCnin tələbin ünvan 1 ünvanında yerləşən 0.0718 ha torpaq sahəsinə və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, qətnaməyə qismən dəyişiklik edilərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.0718 ha torpaq sahəsinə və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı Balaqadaş oğlunun kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1-da qeydiyyatdadır. “İpoteka Haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin 10 şərtləri üstünlük təşkil edir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda və Mülki Məcəllənin “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12-ci fəslində daşınmaz əmlakın ipotekaya qoyulması zamanı qeydiyyatda olan və ya istifadə hüququ olan şəxslərin razılığının alınmasını müəyyən edən müddəalar yoxdur. Bu qayda yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndində nəzərdə tutulmuşdur. Lakin həmin Təlimatın 49-cu bəndinin tələblərinin pozulması ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlı 14-cü fəslində və ya digər müddəalarında əqdlərin bu əsasa görə etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Əksinə Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin girov və ipoteka müqaviləsinə aid müddəalarında bu hal nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh X12 Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 12 yanvar 2015-ci il tarixli №02/15SU əsas kredit müqaviləsi, Cavabdeh Kommersiya Bankı ASC Sumqayıt filialı 14 yanvar 2015-ci il tarixli № 021/15SU ipoteka müqaviləsinin etibarsız sayılması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339, 342-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar