Məhkəmə qərarları › İş №2(061)-1683/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1683/2025

04.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1683/2025 04.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması və aylıq gəlirə uyğun olaraq müəyyən olunması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin məbləğinin azaldılaraq onun 400 manat aylıq əmək haqqının ¼ hissəsi miqdarında müəyyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan qızı xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin tutulması qət edilmişdir. 100 manat alimenti həmişə vaxtında ödəmişdir. Sonradan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən alimentin miqdarı artmışdır. İndi həmin qərardada əsasən ondan hər ay 308 manat aliment tutulur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilən vaxt Pambıq zavodunda traktorçu işləmiş, hazırda da həmin Pambıq zavodunda traktorçu işləyir, aylıq maaşı 408 manatdır. Vergi və s. tutulmalardan sonra 378 manat əmək haqqı alır. Artırmadan sonra onun əmək haqqından 308 manat alimentə görə tutulur. Yeni ailə qurmamışdır. Alimentin məbləğinin azaldılması üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini və alimentin məbləğinin azaldılaraq onun 400 manat aylıq əmək haqqının ¼ hissəsi miqdarında müəyyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçıdan qızı - xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Qızının 8 yaşı var, imkansızlıqdan məktəbə göndərə bilmir. Bundan başqa qızında “beyn təzyiqi” xəstəliyi yaranıb, heç həkimə belə apara bilmir. Sonradan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçıdan tutulan alimentin miqdarı artmışdır. Heç 308 manat da uşağının təlabatını ödəmir. İddiaçıdan tutulan alimentin miqdarının dəyişdirilərək onun aylıq əmək haqqının ¼ hissəsi miqdarında müəyyyən edilməsi ilə razı deyildir. Ona görə də məhhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-2207/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ... hazırki İddiaçı xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin tutularaq hazırkı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 8(061)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-2207/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borclu İddiaçı hər ay 100 manat sabit pul şəklində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2018-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində müəyyən edilməklə indeksasiya edilmişdir. İşdə olan Tərtər 1 saylı Mediasiya təşkilatının mediatoru Mirməmməd Əyyubov tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, MŞT/MT055-2025-00118 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırma zamanı tərəflərin izahatından, araşdırılan iddia ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçıdan qızı xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin tutularaq hazırkı Cavabdeh verilməsi qət edilmişdir. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 15 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yeni redaksiyada verilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndinə uyğun olaraq Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçıdan tutulan alimentin miqdarının indeksasiyası aparılmışdır. Nəticədə iddiaçıdan tutulan alimentin miqdarı indeksasiyaya əsasən artmışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilən vaxt hazırkı iddiaçı Pambıq zavodunda traktorçu işləmişdir, hazırda da həmin Pambıq zavodunda traktorçu işləyir. O, yeni ailə qurmamışdır. Bir sözlə sözügedən qətnamənin qəbul edilməsindən sonra onun ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ödənilməsi qət edilmiş alimentin miqdarının dəyişdirilməsi (alimentin məbləğinin azaldılaraq onun 400 manat aylıq əmək haqqının ¼ hissəsi miqdarında müəyyyən edilməsi) barədə iddia versə də, alimentin tutulması barədə Tərtər Rayon Məhkəməsinin 2(061)-2207/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin çıxarılmasından sonra özünün (eləcə də cavabdehin) ailə və ya maddi vəziyyətində tutulmalı olan alimentin dəyişdirilməsinə əsas verə biləcək hər hansı bir dəyişikliyin olmasına, maddi imkanlarının azalmasına və s. dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin müddəalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 15 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yeni redaksiyada verilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində sərgilədiyi hüquqi mövqeyi əsas götürərək qeyd etməyi lazım bilir ki, indeksasiyaya uyğun olaraq artım tutulması qət edilən alimentin miqdarının dəyişdirilməsi üçün əsas kimi çıxış edə bilməəz. Digər tərəfdə məhkəmə qeyd etməyi lazım bilir ki, qanunvericilik aıimentin tutulmasının sabit pul formasında və ya aliment verməli olan şəxsin aylıq gəlirinin (qazancıının) müəyyən misli miqdarında müəəyyən edilməsini aliment verməli olan şəxsin deyil, aliment almaq hüququ olan şəxsin hüququ kimi təsbit etmişdir. Ona görə də məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddianı nə hüquqi, nə də ki, faktiki cəhətdən əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırda iddianın təmin edilməsi üçün əsaslar yoxdur və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması və aylıq gəlirə uyğun olaraq müəyyən olunması tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar