Məhkəmə qərarları › İş №2(061)-1851/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1851/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1851/2025 18.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Asif (Asifovnaya) qızına qarşı “aliment ödəməkdən azad olunma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh Asif (Asifovnaya) qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xaricdə yaşadığı üçün Tərtər Rayon Məhkəməsinin 2(061)- 728 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan tutulan alimenti ödəməkdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan uşaqları – xx.xx.2015-ci təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat alimentin tutularaq hazırkı Cavabdeh verilməsi qət edilmişdir. Həmçinin Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli digər qətnaməsinə əsasən onun uşaqları – xx.xx.2015-ci təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 hər ayın birinci və üçüncü həftəsinin bazar günü saat 10:00-dan saat 16:00-dək ünsiyyətdə olması qət edilmişdir. Lakin 5-6 aydır ki, o, uşaqlarını görə bilmir. Belə ki, cavabdeh uşaqlarını da götürüb X4 şəhərinə getmişdir. Həmin vaxtdan uşaqları ilə əlaqə saxlaya, görüşə bilmir. Uşaqlarıını görə bilmədiyi üçün ondan tutulmalı olan alimenti ödəmək istəmir. Alimentin ləğv edilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək hazırki İddiaçı uşaqları – xx.xx.2015-ci təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat alimentin tutularaq hazırkı Cavabdeh verilməsi ... qət edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin Tərtər Rayon Məhkəməsinin 2(061)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli digər qətnaməsinin surətindən görünür ki, hazırki İddiaçı uşaqları – xx.xx.2015-ci təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 hər ayın birinci və üçüncü həftəsinin bazar günü saat 10:00-dan saat 16:00-dək ünsiyyətdə olması ... qət edilmişdir. İşdə olan Tərtər 1 saylı Mediasiya təşkilatının mediatoru Mirməmməd Əyyubov tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, MŞT/MT055-2025-00128 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh Asif (Asifovna) qızı mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırma zamanı iddiaçıının izahatından, araşdırılan iddia ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək hazırkı iddiaçıdan uşaqları – xx.xx.2015-ci təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat alimentin tutularaq hazırkı Cavabdeh verilməsi qət edilmişdir. Həmçinin Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli digər qətnaməsinə əsasən hazırkı iddiaçının uşaqları – xx.xx.2015-ci təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 hər ayın birinci və üçüncü həftəsinin bazar günü saat 10:00-dan saat 16:00dək ünsiyyətdə olması qət edilmişdir. İddiaçının bildirməsinə görə cavabdeh bir müddət əvvəl uşaqlarını da götürüb X4 şəhərinə getdiyindən iddiaçı uşaqlarını görə bilmir və bu səbəbdən, o, ondan tutulmalı olan alimenti ödəmək istəmir. İddiaçı məsələnin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilən vaxt hazırkı iddiaçının ailə və maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamış, o, yeni ailə qurmamışdır. Yəni sözügedən qətnamənin qəbul edilməsindən sonra onun ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. İddiaçı hazırkı iddianı sözügedən qətnamənin qəbul edilməsindən sonra onun ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı deyil, məhz uşaqlarını görə bilməməsindən irəli gələrək vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ödənilməsi qət edilmiş alimenti ödəməkdən azad olunması barədə iddia versə də, alimentin tutulması barədə Tərtər Rayon Məhkəməsinin 2(061)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin çıxarılmasından sonra özünün ailə və ya maddi vəziyyətində tutulmalı olan alimentin dəyişdirilməsinə əsas verə biləcək hər hansı bir dəyişikliyin olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, o, məhkəmə iclasında iddiasını məhz uşaqlarını görə bilməməsi ilə əsaslandırməışdır ki, bu hal Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə nəzərdə tutulmuş hal olmamaqla onun ailimenti ödəməkdən azad olunması üçün əsas olaa bilməz. müddəalarını Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddianı nə hüquqi, nə də ki, faktiki cəhətdən əsaslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırda iddianın təmin edilməsi üçün əsaslar yoxdur və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçının ödəmiş olduğu dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh Asif qızına qarşı “aliment ödəməkdən azad olunma tələbi”nə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar