Məhkəmə qərarları › İş №2(061)-639/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-639/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-639/2025 01.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 60 manat olmaqla 2 uşağa görə 120 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh xx.xx.2023-cü ildə nikahları məhkəmə qaydasında pozulmuş, aliment tələb etmədiyindən uşaqların saxlanması üçün aliment təyin edilməmişdir. Birgə yaşadıqları dövrdə olmuş xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları onun yanında qalmışdır. Cavabdeh övladları ilə maraqlanmır. O, özü isə övladları azyaşlı olduğu üçün əmək fəaliyyəti ilə məşğul ola bilmir. Maddi vəziyyəti ağırdır, uşaqların gündəlik tələbatlarını valideynləri ödəyir. Uşaqların saxlanması cavabdehin atalıq borcudur. Uşaqları saxlamaqda çətinlik çəkir. O, əvvəlcə aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişlər, lakin cavabdeh həmin prosesdə iştirak etməmişdir. Həmin prosesdə 50 manat mediasiya xitmət haqqını ödəmişdir. Göstərdiklərinə əsasən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində alimentin və mediasiya sesiyası üçün ödənilmiş 50 (əlli) manat xidmət haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki işin materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclası ilə bağlı bildirişi imza etməklə almışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, hər ay hər uşaq üçün iddiaçıya 50 aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-241/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş rəsmi nikahın pozulmuş, tərəflərin birgə nikahdan olmuş xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasından sonrakı prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli 01807 saylı arayışdan görünür ki, İddiaçı uşaqlların yanında saxlanılması, aliment və yaşayış sahəsindən istifadə tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Hər iki tərəf ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin onlar ilkin mediasiya sessiyasından sonrakı prosesin davam etdirilə bilməsi ilə bağlı razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə onlar ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları iddiaçının yanında qalmışdır. Uşaqların gündəlik tələbatları artdığından iddiaçı onu saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. İddiaçının aliment tələbi haqlı olmaqla, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşır. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində uşaqların saxlanması üçün hər ay hər uşağa görə 50 manat aliment verə biləcəyini qeyd etmişdir. Ona görə də iddia təmin olunmalı və uşaqların maraq və mənafei nəzərə alınaraq onların saxlanması üçün aliment təyin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahıüçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddiası xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezientinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 (dörd yüz) manat hədində müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmçinin 14 yanvar 2025-ci il tarixdə Azərbaycan Respubikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilimiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamalarını habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik (400 x 0,15=60 manat x 2= 120 manat x12 = 1440) ümumilikdə 1440 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 34 (otuz dörd) manat alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqının yarı dəyəri, 25 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X3 verilməlidir. İş materiallarını, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,15 misli həddində sabit pul məbləğində aliment alınmalı, İddiaçı xeyrinə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,15 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı verilsin. Qərardad dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu olaraq 34 (otuz dörd) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqının yarı hissəsi, 25 (iyirmi beş) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar