Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1024/2023 10.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 na qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən tutulan alimentin məbləğinin artırılması, xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında olan nikah Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adlı uşaq onun himayəsinə verilmiş və uşaq üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaq onun himayəsindədir və uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanılması üçün hər hansı maddi köməklik göstərmir. Müəyyən edilmiş aliment məbləği isə uşağın saxlanılması üçün yetərli deyildir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və və əlavə olaraq göstərdi ki, uşaq onun himayəsində saxlanıldığı vaxtdan bu yana cavabdeh tərəfindən hər hansı alimentdən başqa könüllü maddi yardım edilməmişdir. Uşaq böyüdükcə onların xərcləri da artır, həmin xərcləri isə tək qarşılaya bilmir. Ona görə maddi sıxıntılar yaşayır. Cavabdeh isə kifayət qədər yüksək əmək haqqı alır. Cavabdeh Dəniz Administrasiyası tərəfindən təsdiq edilmiş proqram üzrə Ümumi Rayon Operatoru kursunu bitirmişdir. Türkiyə Respublikasında dənizçilik sahəsində çalışır. Aylıq gəliri 3000 ABŞ dolları civarındadır. Bu barədə aralarında olan telefon danışığı da vardır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Onu məhkəmə iclasında nümayəndəsi kimi atası təmsil etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adlı uşağın atası X3, anası isə İddiaçıdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-633 saylı qətnaməsindən görünür ki, X3 ilə İddiaçı arasında olan xx.xx.2018-ci il tarixli, 1184 saylı nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adlı uşaq anasının yanında saxlanılmış, xx.xx.2021-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdeh X1 175 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 30 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, uşağa 175 manat aliment müəyyən olunduğu 2021-ci ildən sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Hazırki iş üzrə aliment ödəməli olan tərəf uşağın atasıdır. Onun özü məhkəmə iclaslarında iştirak etmədiyi üçün aylıq qazancının hansı məbləğdə olması müəyyən edilə bilməmişdir. Bununla belə iddiaçı cavabdeh ilə aralarında olan telefon danışığını, habelə cavabdehə məxsus sənədləri təqdim edərək göstərmişdir ki, cavabdehin aylıq gəliri 3000 ABŞ dollarıdır. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin uşaq üçün 200 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği uşaq üçün 200 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 30 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və cavabdeh X1 tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1024/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1024/2023
10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver