Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1056/2024 29.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli 4Ə-291 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş **********65 reyestr nömrəli çıxarışın ləğv olunması barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsini və üzərində yerləşən 322,4 kv.m. olan yaşayış evini, habelə, digər tikililəri ataları Cavabdeh3 adına sənədləşdirmişlər. Həmin torpaq sahəsində iki ədəd ev tikdirmişlər. Evlərin hər birində iddiaçılar kimi onlar öz ailələri ilə birlikdə yaşayırlar. Həyətdə əl damı kimi nəzərdə tutulan hissədə isə onların valideynləri yaşayır. Bacıları Cavabdeh1 və Cavabdeh2 onlardan xəbərsiz atalarına etibarnamə yazdırmışlar. Etibarnamə əsasında xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi üzrə bütün əmlaklar bacıları Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Daha sonra həmin müqavilə əsasında cavabdeh olan bacıları Könülün adına **********65 reyestr nömrəli çıxarış alınmışdır. Bundan sonra isə onun tərəfindən İddiaçı1 evdən çıxarılma tələbinə dair iddia qaldırmışlar. Hesab edirlər ki, həmin bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarış onların mənafeyinə toxunur. Çünki, atalarının 95 yaşı var və fəaliyyət qabiliyyətli deyildir. Həmçinin bacılarının ayrıca evləri vardır və ayrı yaşayırlar. Onlara məxsus evlər bacıları tərəfindən qanunsuz yolla əldə edilmişdir. Halbuki, fərdi yaşayış evləri onlar tərəfindən inşa etdirilmişdir. Bütün pul vəsaiti onlara məxsus olmuşdur. Sadəcə olaraq narazılıq olmasın deyə əmlaklar atalarının adına rəsmiləşdirilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mübahisəli ünvanda üç ədəd fərdi yaşayış evi vardır. Lakin bütün hamısı bir əmlak kimi eyni çıxarış üzrə ataları Ələsin adına qeydə alınmışdır. Fərdi yaşayış evlərindən birində o və ailəsi, birində digər iddiaçı olan qardaşı İlham və ailəsi yaşayır. Evin biri isə digərlərinə nisbətən kiçikdir və orada valideynləri yaşayır. Ancaq həyət birdir və fərdi yaşayış evlərinin hamısına giriş eynidir. Özü və ailəsinin yaşadığı iki mərtəbəli fərdi yaşayış evini şəxsi vəsaiti hesabına tikdirmişdir. Bunu cavabdeh olan bacıları da təsdiq edə bilər. Həmçinin bu barədə müvafiq orqanlardan sənədlər də vardır. Hazırki fərdi yaşayış evləri adına rəsmiləşdirilən bacısı olan Könülün başqa yerdə özünə məxsus evi vardır. Lakin buna baxmayaraq onun və qardaşının pul vəsaiti hesabına inşa olunan fərdi yaşayış evlərini özünə götürmək istəyir. Evin bacısı olan Könülün adına qeydə alınmasından xəbəri olmamışdır. Yalnız ona qarşı evdən çıxarılma tələbinə dair iddia barədə məhkəmədən bildiriş gəldikdə bundan xəbər tutmuşdur. Dərhal da iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Necə olar bilər ki, bütün fərdi yaşayış evləri, hətta onların şəxsi vəsaiti hesabına belə inşa olunmuş evlər bacısının olsun. Axı həmin şəxsin evlərin inşa edilməsində hər hansı əməyi olmamışdır. Bundan başqa bacıları bu addımı atmaqla onların vərəsəlik hüquqlarına da müdaxilə etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qardaşının dedikləri ilə tam razıdır. Bacılarının fərdi yaşayış evlərinin inşasında hər hansı zəhməti olmamışdır. Bacıları onlara məxsus və ailəsi ilə birlikdə yaşadıqları fərdi yaşayış evlərini mənimsəməklə onları evsiz qoymağı düşünür. Hansı ki, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçılar onların qardaşlarıdır. Özünün şəxsi yaşayış yeri Avaztəpə adlı yerdədir. Mübahisəli ünvanda həqiqətən də üç fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evlərindən birində qardaşı Arzu ailəsi ilə birlikdə, birində qardaşı İlham ailəsi ilə birlikdə, birində isə valideynləri yaşayır. Aralarında yaranan mübahisə elə qardaşları İlham üstündə yaranmışdır. Belə ki, digər qardaşı olan Arzu onu evdən çıxarmaq istəmiş və onlar da İlhamı müdafiə etdikləri üçün ailədaxili münasibətləri pozulmuşdur. Bundan başqa qardaşları və onların arvadları tərəfindən valideynlərinə baxılmır. Daimi qardaşlarının arvadları tərəfindən valideynləri təhqirə məruz qalır. Məhz bu səbəbdən atası fərdi yaşayış evini ona bağışlamışdır. Atası uzun illər vəzifədə işləmiş və ali təhsilli olmuşdur. Hazırda da özünü şüurlu idarə edir və etdiyi bütün hərəkətləri anlayır. Atası özü iradə ifadəsinə uyğun olaraq notariata getmiş və mübahisəli fərdi yaşayış evlərini ona bağışlamışdır. Hətta orada notariat ofisinin nümayəndəsi atası ilə xeyli söhbət aparmış, etdiyi hərəkətin mahiyyətini, həmçinin nəticələrini ona tam izah etmişdir. Bundan sonra isə notarial qaydada bağışlama müqaviləsi bağlanmışdır. Bundan başqa həyətdə yerləşən fərdi yaşayış evlərinin biri Arzu tərəfindən inşa edilmişdir. Hansı ki, hazırda orada ailəsi ilə birlikdə yaşayır. Lakin Arzu fərdi yaşayış evini tikdirən zaman anlamamışdır ki, torpaq sahəsi onun deyildir. Bunu bilə-bilə nə üçün orada fərdi yaşayış evi inşa etdirirdi. Əgər yaşamaq istəmirsə qardaşı Arzu tikdirdiyi fərdi yaşayış evini söküb material şəkildən aparsın. Əslində hazırda iddiaçı olan qardaşları bir-biri ilə yaxşı münasibətdə deyillər. Sadəcə olaraq ona qarşı birləşmişlər. Hesab edir ki, iddia tələbi əsassızdır. Əgər qanunazidd hər hansı bir məqam olsa idi notariat kontoru əmlak üzrə əməliyyat aparmaz idi. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Prosesin digər işirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 623 saylı arayışdan görünür ki, İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 222,1 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi vardır. Tovuz şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 620 saylı arayışdan görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Tovuz Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 73 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında atasına məxsus həyətyanı sahədə ümumi sahəsi 222,1 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Tovuz şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3938 saylı arayışdan görünür ki, İddiaçı1 Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində daimi qeydiyyatda olmasına baxmayaraq ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. İddiaçı2 məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2011-ci ildən Tovuz şəhəri, F.Ələkbərov küçəsi ev 3 ünvanında qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 098014 nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi, habelə, onun üzərindəki ümumi sahəsi 322,4 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. Bu barədə xx.xx.2017-ci ildə qeydiyyat aparılmışdır. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli, 4Ə-291 reyestr nömrəli müqavilədən görünür ki, Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi, habelə, onun üzərindəki ümumi sahəsi 322,4 kv.m. olan fərdi yaşayış evi Cavabdeh1 bağışlanılmışdır. Müqavilənin bağlanılması zamanı Cavabdeh3 əvəzinə etibarnamə üzrə qızı Cavabdeh2 iştirak etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi, habelə, onun üzərindəki ümumi sahəsi 322,4 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və digərlərinə qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarış üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi üzrə yaranan mübahisədir, Mülki Məcəllənin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Birinci növbədə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verilməlidir. Çünki, tələbin ikinci hissəsinin əsaslı olma ehtimalı bu hissədən qaynaqlanır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 666.1-ci maddəsində göstərilmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətləri vardır: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Məhkəmə qeyd edir ki, Notariat Ofisinə, habelə reyestr xidmətinə müvafiq sorğular verilərək notariat işinin təsdiqlənmiş surətləri, eyni zamanda mübahisəli daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər iş materiallarında əlavə edilmişdir. Əldə edilmiş sənədlər, habelə, tərəflərin izahatları əsasında məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsində üç fərdi yaşayış evi mövcuddur. Həmin evlərdən birində İddiaçı1 və ailəsi, birində İddiaçı2 və ailəsi, birində isə tərəflərin valideynləri yaşayır. Orada yerləşən fərdi yaşayış evlərindən ümumi sahəsi 222,1 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi İddiaçı1 tərəfindən inşa edilmişdir. Hazırda da həmin evdə o və ailəsi yaşayır. Bu hal işin mübahisə olunmayan halıdır. ünvan 4 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi, habelə, onun üzərindəki ümumi sahəsi 322,4 kv.m. olan fərdi yaşayış evi vahid mülkiyyət hüququ üzrə xx.xx.2017-ci ildə Cavabdeh3 adına qeydə alınmışdır. Hansı ki, bu çıxarışda bütün fərdi yaşayış evləri bir əmlak kimi göstərilmişdir. Daha sonra həmin əmlaklar Cavabdeh3 adından etibarnamə üzrə çıxış edən qızı Cavabdeh2 tərəfindən bacısı Cavabdeh1 bağışlanılmışdır. Daşınmaz əmlakın bağışlanılması barədə müqaviləyə əsasən Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2023-cü il olan çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, məhkəmənin icraatında Cavabdeh1 İddiaçı1 və onun ailə üzvülərinə qarşı mübahisəli daşınmaz əmlakdan çıxarılma tələbinə dair iddiası vardır. Həmin mülki iş üzrə ekspertiza təyin edildiyi üçün icraat rəy daxil olana kimi dayandırılmışdır. Mülki Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır (Mülki Məcəllənin 1193 və 1200-cü maddələri). Məhkəmə göstərir ki, hazırda bağışlama müqaviləsinin olması iddiaçıların hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçılar cavabdeh olan ataları Cavabdeh3 oğlunun potensial birinci növbə vərəsələridir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 25.3-cü maddəsində göstərilmişdir ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göstərilən normalardan belə nəticə hasil olur kiu, mülkiyyət sahibi olan valideynin digər uşaqlarının – birinci növbə vərəsələrinin ziddinə əmlakı hər hansı övladına bağışlaması onları gələcəkdə əmlakdan vərəsəlik qaydasında pay almaq hüququndan məhrum edir. Bununla bağlı məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə diqqət yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərar qəbul etmişdir. Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Qərarın təsviri hissəsində göstərilmişdir ki, müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqlarıilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarınıtəsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsindəməcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi məhkəmələr üçün məcburidir. Məhkəmə göstərir ki, hazırki halda bağışlama müqaviləsinin bağlanılması iddiaçıları gələcək vərəsəlik hüququ üzrə məcburi pay almalarından məhrum etmişdir. Belə ki, daşınmaz əmlak özgəninkiləşdirilmiş və hazırda da əmlak xeyrinə özgəninkiləşdirilən bacı qardaşlarına qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Hansı ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq bu halın mövcudluğu bağışlama müqaviləsinin etibarsızlığına dəlalət edir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 337.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Eyni zamanda iddiaçılar məhkəmə hazırlıq iclasında bildirmişlər ki, gələcək üzrə miras əmlakdan imtina etmək kimi niyyətləri yoxdur. Çünki onlar mübahisəli fərdi yaşayış evlərində yaşayırlar, hətta yaşadıqları fərdi yaşayış evləri onların atalarının adına qeydə alınmasına baxmayaraq özləri tərəfindən inşa edilmişdir. Bununla bağlı məhkəmə göstərir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına yönəldilməsini zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsaslıdır. Odur ki, bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Müqavilənin etibarsız sayılması nəticəsinə gəlindiyi üçün həmin müqavilə əsasında verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli, 4Ə-291 reyestr nömrəli müqavilə etibarsız hesab edilsin. Həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1056/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1056/2024
29.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver