Məhkəmə qərarları › İş №2(062)-1069/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1069/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1069/2024 29.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X1 və Cavabdeh nümayəndəsi (anası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunmuş dörddə bir hissədə tutulan alimentin azaldılması və aliment məbləğinin hər üç uşaq arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə birgə yaşayışlarından doğulan xx.xx.2020-ci il təvəllüdlü Aytən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aylıq qazancının dörddə bir hissəsinin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Bundan başqa ikinci dəfə Gülnar adlı şəxs ilə ailə qurmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü Rəsul və xx.xx.2023-cü il təvəllüdlü Fəxri adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq qazancının üçdə bir hissəsi miqdarında alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Alimentləri ödədikdən sonra özünə hər hansı vəsait qalmır. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X3 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, oğlu hərbçi işləyir və aylıq maaşı 1200 manat civarındadır. xx.xx.2020-ci il təvəllüdlü Aytən adlı uşaq üçün hər ay 323 manat, xx.xx.2022-ci il təvəllüdlü Rəsul və xx.xx.2023-cü il təvəllüdlü Fəxri adlı uşaqlar üçün isə hər ay 427 manat aliment tutulur. Doğrudur ki, həmin uşaqlar oğlunun yanındadır. Belə ki, oğlu ikinci evliliyi üzrə alimentin tutulması qət edilsə də, ailəsi ilə birgə yaşayır. Yəni faktik oğlu Yaşar ilə X7 ər-arvad münasibətlərində olmaqla evliliklərini davam etdirirlər. Lakin nəzərə almaq lazımdır ki, oğlu Yaşarın ikinci evliliyindən olan Rəsul adlı uşağının bir ayağı o birindən 11 sm qısadır. Bunun üçün yüksək məbləğdə pul vəsaiti gərəklidir ki, uşaq əməliyyat olunsun. Hansı ki, bu əməliyyatlar bir neçə dəfə həyata keçirilməlidir. Bunun üçün özləri kredit götürmüş, habelə, qohum-əqrəba da maddi köməklik etmişdir. Düşünür ki, aliment məbləğinin 200 manat həddində olması, həm uşağın mənafeyi baxımından həm də, oğlunun maddi durumu baxımından ədalətli olar. Bu kimi halların nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) X5 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı tərəf daim alimentlə bağlı problem yaratmışdır. Belə ki, həmişə alimentin azaldılması üçün əllərindən gələni etmişlər. Onlar nəzərə almırlar ki, iddiaçının hazırki ailəsi onunla birlikdə yaşayır və həmin yaşayışdan doğulan uşaqlar ata qayğısından məhrum deyillər. Sadəcə olaraq onların da yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulması barədə qətnamə vardır. Halbuki, iddiaçının nümayəndəsinin də bildirdiyi kimi, ailə olaraq bir yerdə yaşayırlar. Həmçinin, iddiaçının həmin ailə münasibətlərindən doğulmuş Rəsul adlı uşağı xəstə olduğu kimi, birinci ailəsindən də doğulmuş uşaq xəstədir. İddiaçının qızı ilə birgə yaşayışlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Aytən adlı uşağın da böyrəyində şiş vardır. Yəni uşaq onkoloji xəstədir. Qızı isə heç bir yerdə işləmir və uşağın saxlanılması valideyn olaraq onların üzərindədir. Bundan başqa iddiaçının nümayəndəsinin təklif etdiyi 200 manat aliment məbləğini qəbul etmir. Təklif olunan məbləğ tutulan alimentin məbləği ilə müqayisədə hədsiz aşağıdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tutulan alimentin miqdarı dəyişdirilmiş və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başalayaraq tərəflərin birgə yaşayışlarından xx.xx.2020-ci il tarixdə doğulmuş Aytən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı qazancın və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü Rəsul və xx.xx.2023-cü il təvəllüdlü Fəxri adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı aylıq qazanc və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınıb X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin verdiyi xəstəlik tarixindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Aytən adlı uşaqda böyrəküstü vəzinin xoşxassəli yenitörəməsi xəstəliyi vardır. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və X6 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Rəsul adlı uşaqda sol aşağı ətrafın anomaliyası vardır. Belə ki, ondan sol aşağı ətrafın 11 sm qısalığı müəyyən edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının azaldılması üzrə yaranan mübahisədir və Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları haqqında» Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə əsas olan konkret hallar müəyyən olunmuşdur. Bu hallara aiddir: Tərəflərin ailə vəziyyətində dəyişiklik olması; Tərəflərin maddi vəziyyətində dəyişiklik olması; Hər iki hal üçün xas olan ümumi cəhət ondan ibarətdir ki, bu vəziyyət qətnamə çıxarılandan sonra yaransın və təyin olunmuş alimentin miqdarının dəyişməsinə təsirə malik olsun. İşin halları bu normanın dispozisiya şərtləri əsasında təhlil olunduqda görünür ki, iddiaçı uşaq üçün aliment müəyyən olunan tarixdən sonra başqa qadınla ailə qurmuş, onların həmin birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Rəsul və xx.xx.2023-cü il təvəllüdlü Fəxri adlı uşaqları doğulmuşdur. Həmin uşaqlar hazırda iddiaçı ilə yaşayır. Bununla belə həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması barədə qətnamə də vardır. Həmin hal müəyyən olunmuş alimentin miqdarına təsir edən, alimentin azaldılmasına əsas olan bilən haldır. Çünki iddiaçı ikinci evliliyindən olan uşaqların maddi təminatı üzrə də öhdəlik daşıyır. Lakin alimentin dəyişdirilməsi məsələsi həll olunanda buna təsir edən bütün başqa hallar da araşdırılmalıdır. Yəni aliment müəyyən olunduqdan sonra onu ödəyən şəxsin ailə və maddi vəziyyətində baş vermiş, həm alimentin məbləğinin azaldılmasına səbəb olan, həm də alimentin artırılmasına rəvac verən dəyişikliklər məcmu halda araşdırılıb, uşağın mənafeləri baxımından tarazlaşdırıcı qiymət verilməlidir. «Uşaq Hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Hazırki iş üzrə iddiaçıdan tutulan alimentin miqdarı aylıq qazancının ¼ hissəsi miqdarı ilə müəyyən edilmişdir. İddiaçının maddi vəziyyətində dəyişiklik yoxdur. Dəyişiklik onun ailə vəziyyəti ilə bağlıdır. Belə ki, ikinci dəfə ailə qurmuş və həmin nikahdan onun iki uşağı dünyaya gəlmişdir. Həmçinin həmin uşaqların saxlanılması üçün iddiaçının aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin alınaraq X4 verilməsi barədə qətnamə də vardır. Məhz iddiaçı həmin qətnaməni əsas tutaraq alimentin azaldılmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hal alimentin azaldılması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, xx.xx.2023-cü il tarixli qətnamə ilə alimentin tutulması formal xarakter daşıyır. Çünki, işin hallarından, habelə, iddiaçının atasının verdiyi izahatdan məlum olur ki, onlar bir ailə kimi bir yerdə yaşayırlar. Hətta həmin uşağın tibbi xərcləri də iddiaçı və valideynləri tərəfindən qarşılanır. Bu kimi hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ikinci ailəsindən olan uşaqların saxlanılması üçün aliment tutulmasını məhz hazırki alimentin azaldılması üçün etmişdir. Bir yerdə ailə kimi yaşayan, ailənin xərcini çəkən və bütün öhdəlikləri üzərinə götürən atadan məhkəmə qətnaməsi qaydasında aliment tələb edilməsi ağlabatan və real görünmür. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının birinci evliliyindən doğulmuş və hazırda alimentin azaldılmasını tələb etdiyi uşaq da onkoloji xəstədir. Onun bütün xərcləri isə anası və onun valideynləri tərəfindən qarşılanır. İddiaçı və ailəsi həmin uşağa tibbi xərclər üzrə maddi dəstək göstərmir. Bu aspektdən də alimentin azaldılması yolverilən deyil. Bundan başqa o da qeyd olunmalıdır ki, iddiaçının ikinci nikahından doğulmuş uşaqlar onunla birlikdə yaşamaqla həm ata, həm də ana qayğısı ilə əhatə edilmişdir. Alimentin azaldılması xahiş olunan uşaq isə ata sevgisindən məhrumdur. Yəni ikinci ailədən olan uşağa atanın alimentdən başqa maddi yardım etməsi onunla birgə yaşadığı üçün real görünəndir. Yalnız ana himayəsində olan uşaq isə bundan məhrumdur. Onun atadan valideyn olaraq aldığı aliment yeganə əhatə olunduğu ata qayğısıdır. Bu kimi hallar da aliment məbləğinin aşağı salınmasına əsas vermir. Nəzərə alınmalıdır ki, uşaqlar böyüməklə onların tələbatları durmadan arır. Valideyn (yeni ailə qurduqda və həmin nikahdan uşağı doğulduqda belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Odur ki, iddia tələbi təmin edilmələlidir. «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar