Məhkəmə qərarları › İş №2(062)-1087/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1087/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1087/2023 24.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat qət edilməklə alınıb xx.xx.2017-ci il tarixdə anadan olmuş İsmayıl adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(062)-535/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb İsmayıl adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. Bu məbləğ uşağın saxlanılması üçün azlıq təşkil edir. Belə ki, hazırda maddi vəziyyəti çox aşağıdır və onun heç yerdən gəliri yoxdur. Uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanılmasında ona heç bir əlavə yardım göstərmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o yük maşını ilə Gürcüstana gedib-gəlir. Kifayət qədər qazanca malikdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, onun maddi imkanı aşağıdır. Əvvəllər Gürcüstana gedərək yük daşısa da indi getmək imkanı yoxdur. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 18 fevral 2019cu il tarixli 2(062)-535/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş İsmayılın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan cavabdehə məxsus sərhəd keçmə məlumatlarından görünür ki, o 2022-ci ildə ay ərzində bir neçə dəfə Gürcüstana gedib-gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından bir övladlarının olması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Bundan başqa da cavabdehə məxsus sərhəd keçmə məlumatlarından da görünür ki, iddiaçının yük daşıma məqsədilə cavabdehin xarici ölkəyə gedib-gəlməsi ilə bağlı dəlilləri öz təsdiqini tapmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdeh kifayət qədər əmək qabiliyyətli olmaqla o ona təyin edilmiş 140 manat sabit pul məbləğində alimentdən artıq aliment verə bilmək imkanına malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixdə anadan olmuş İsmayılın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(062)-535/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(062)-535/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar