Məhkəmə qərarları › İş №2(062)-1090/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1090/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1090/2023 24.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Musatfayev Əli Nazim oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 18 aprel 2006-cə ildə anadan olmuş Lamiyə və xx.xx.2010-cu il tarixdə anadan olmuş Orxan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılmasına, cavabdehdən hər ay hər uşağa görə 220 manat cəmi 440 mnat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə evlənib ailə qurmuşlar. Nikahlarını xx.xx.2006-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 18 aprel 2006-cə ildə Lamiyyə və xx.xx.2010-cu il tarixdə Orxan adlı uşaqları anadan olmuşdur. Aralarında olan münasibətləri və xasiyyətlərində yaranan uyğunsuzluğa görə cavabdehlə ayrılmışlar. Nikahları 2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat məbləğində aliment qət edilmişdir. Uşaqların xərcləri dahada artır və o, uşaqların saxlanılmasında çətinlik çəkdiyi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda o, heç bir yerdə işləmir, uşaqlarının təlabatı artmışdır. Cavabdeh isə birgə nikahlarından anadan olmuş uşaqların saxlanmasına heç bir əlavə maddi yardım göstərmir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)-43/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 18 aprel 2006-cə ildə anadan olmuş Lamiyənin və xx.xx.2010-cu il tarixdə anadan olmuş Orxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər faktiki nikahda olmaları, bu faktiki nikahlarından iki övladlarının olması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda alimentin tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 aprel 2006-cə ildə anadan olmuş Lamiyənin və xx.xx.2010-cu il tarixdə anadan olmuş Orxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)-43/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qət edilmiş alimentin artırılmış məbləğinin illik məcmusu 2400 manat olduğundan 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 aprel 2006-cə ildə anadan olmuş Lamiyənin və xx.xx.2010-cu il tarixdə anadan olmuş Orxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)-43/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulsun. Qət edilmiş alimentin illik məcmusu 2400 manat olduğundan 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar