Məhkəmə qərarları › İş №2(062)-1098/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1098/2023

10.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1098/2023 10.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh qarşı «bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın bağışlanılmasına dair xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh kimi nəvəsi X2, qanuni nümayəndəsi qismində Cavabdeh qeyd olunması, X6 ilə aralarında bağlanmış daşınmaz əmlakın bağışlanılmasına dair xx.xx.2022-ci il tarixli müqavilənin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********16 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X5 Cavabdeh ilə faktiki olaraq ailə qurmuşdur, onların birgə yaşayışlarından bir uşaqları doğulmuşdur. Hazırda aralarında narazılıq olduğuna görə onlar faktiki ayrılmışlar. Lakin cavabdeh hazırda sözügedən evdə yaşayır. Ona məxsus Tovuz rayonu Əyyublu kəndində reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 0.252 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92.9 kv.m., yaşayış sahəsi 70.3 kv.m. yardımçı sahəsi 22.6 kv.m.-dən ibarət 3 otaqlı fərdi yaşayış evi mövcuddur. Həmin evdə 1983-cü ildən yaşayır, ev və torpaq sahəsi ona məxsusdur. Oğlu ilə gəlini ayrılan zaman Mediasiya Şurasına çağırılmışdır. Mediasiya Şurasına gələn zaman ona hədə-qorxu gələrək qorxutmuşlar ki, oğlun tutulacaq, həmin torpaq sahəsini gəlininə bağışla. Həmin şəxs hakimiyyət nümayəndəsi olduğuna görə ona inanmış və torpaq sahəsini cavabdehə bağışlamışdır. Hazırda isə ona məlum olmuşdur ki, Mediasiya Şurasında onun yaşlı olmağından istifadə edərək onu aldatmışlar. Torpaq sahəsini nəvəsinə bağışlamışdır. Eyni zamanda torpaq sahəsini nəvəsinə bağışlasa belə, həmin torpaq sahəsini məhlənin ayaq hissəsindən nəzərdə tutmuşdur. Bundan başqa torpaq sahəsini nəvəsinə bağışlasa da, onun idarəçiliyi anası tərəfindən həyata keçirilir, cavabdeh isə torpaq sahəsinin uzunluğundan istəyir və həmin yeri satacağını bildirir. Bildirdiyi kimi torpaq sahəsini bağışlamasına əsas səbəb gəlini Cavabdeh ona hədə-qorxu gələrək, yaşlılığından (gözünün görməməsindən) istifadə edərək, oğlu X1 şərləyərək tutdurmaqla qorxutması olmuşdur. Həmçinin torpaq sahəsini nəvəsinə bağışlamağı nəzərdə tutsa belə gəlini ona qarşı çox aqressivdir, hətta onları evdən çıxarmaqla hədələyir. Hazırda cavabdeh və onların ailə üzvləri tərəfindən lazimi şəkildə təhqir olunur. Bu barədə 102 xidmətində məlumatda vardır. Yəni bir sözlə cavabdeh ona hazırda baxmır. Odur ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun niyyəti torpaq sahəsinin bir hissəsinin nəvəsinə bağışlanılmasından ibarət olmamışdır. Həmin müqavilə hədə-qorxu və təsir altında bağlanılmışdır. Belə ki, gəlini Çinarə tərəfindən ona təzyiq edilmişdir ki, əgər torpaq sahəsini nəvəsi Eltaca bağışlamasa onun oğlu Yadigarı polisə verərək tutduracaqdır. Yox əgər bağışlama baş tutsa belə bir addım atmayacaqdır. X3 da ona hədə-qorxu gəlinmişdir. O da ana olduğu üçün oğluna pislik edilməsinə qəlbi razı olmamış və məcburiyyət qarşısında qalaraq mübahisələndirilən bağışlama müqaviləsini bağlamışdır. Hazırda isə gəlini Çinarə onları döyür və evdə rahat yaşamalarına icazə vermir. Onların bir yerdə yaşamaları mümkün deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, nə onun tərəfindən, nə də Medasiya prosesi zamanı mediator tərəfindən iddiaçıya hər hansı təzyiq edilməmiş və ya hədə-qorxu gəlinməmişdir. Əgər belə bir hal olsa iddiaçı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilərdi. Necə ki, onun tərəfindən indi məhkəməyə müraciət edilmişdir. Aralarında olan daşınmaz əmlakın bağışlanılması müqaviləsi notarial qaydada bağlanmış və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Müqavilə elə İddiaçı iradə ifadəsinə uyğun bağlanılmışdır. Hazırda iddiaçının bu iddia tələbini məhkəməyə verməkdə məqsədi onu və nəvəsini yaşayış sahəsindən məhrum etməkdən ibarətdir. Halbuki, onların başqa yaşamağa yerləri yoxdur və günəmuzd işlərdə işləməklə özünün və uşaqlarının dolanışığını təmin edir. İddiaçı ona dəstək olmaqdan, əksinə onunla dalaşır və haqqında şər-böhtan xarakterli məlumatlar yayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Reyestr nömrəsi 4Ə-1742 olan notariat işindəki xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 0,252 ha olan torpaq sahəsinin ona məxsus 0,12 ha hissəsini hədiyyə alan X4 bağışlamışdır. Reyestr nömrəsi 4Ə-1742 olan notariat işindəki xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahəsini bağışlamaq istədiyini bildirmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qedyiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 məxsusdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsızlığı üzrə yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Birinci növbədə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verilməlidir. Çünki tələbin ikinci hissəsinin əsaslı olma ehtimalı bu hissədən qaynaqlanır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 666.1-ci maddəsində göstərilmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətləri vardır: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Məhkəmə qeyd edir ki, Notariat Ofisinə sorğu verilərək notariat işinin təsdiqlənmiş surətlərinin məhkəməyə göndərilməsi tələb edilmiş və həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan notariat işində olan sənədlər ilə müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış əsasında Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,252 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 92,90 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. Sonuncu xx.xx.2022-ci il tarixdə Notariat Ofisinə müraciət edərək həmin çıxarış üzrə ona məxsus olan əmlakı bağışlamaq istədiyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 0,252 ha olan torpaq sahəsinin ona məxsus 0,12 ha hissəsini nəvəsi X4 bağışlamışdır. Hazırda bağışlanılmış torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydə alınmışdır. Hazırda isə İddiaçı bildirir ki, bağışlama müqaviləsi bağlanılan zaman onun iradə ifadəsi əks olunmamış, müqavilə hədə-qorxu və təsir altında bağlanılmışdır. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Əqdin etibarsızlığının hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. Mülki Məcəllənin yuxarıda qeyd olunan fəslinin hər hansı normasını hazırki mübahisəyə tətbiq etmək qanuna zidd olar. İddiaçı tərəfindən etibarsızlığı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız iddiaçı ona hədə-qorxu gəlinməsini qeyd etmişdir ki, bu barədə özünün əqdi bağladıqdan sonra dərhal hər hansı hüquq mühafizə orqanına müraciət etməməsini göstərmişdir. Hansı ki, bu yanaşma ağlabatan deyildir. Çünki belə bir hal olacağı təqdirdə iddiaçı ən azından daxili işlər orqanlarına müraciət edərdi. Digər tərəfdən ona mediator tərəfindən də hədə-qorxu gəlinməsi göstərilmişdir ki, bu isə heç bir məntiqə sığmayan təfəkkürdür. Əksinə iş materialları ilə təsdiqin tapır ki, iddiaçı tərəfindən Notariat Ofisinə yazılı müraciət edilərək mülkiyyətində olan əmlakın bağışlanılmaq istəyinin olması ifadə edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının sübutları yetərsizdir. Ümumiyyətlə iddia ərizəsində İddiaçı özü ziddiyətli dəlillər qeyd etmişdir. Əvvəla müqavilənin hədə-qorxu, təsir altında bağlanılmasını, sonra torpaq sahəsini bağışlasa belə məhlənin ayaq hissəsindən nəzərdə tutduğunu, daha sonra isə müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamasını - yəni razılıq verdiyi əqdi deyil, başqa əqdi bağladığını bildirmişdir. Məhkəmə iclasında isə yalnız müqaviləni hədə-qorxu təsir altında bağladığını qeyd etmişdir. Digər dəlilləri isə aydın izah edə bilməmiş, bu barədə hər hansı izahat verməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2) Qeyd olunmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Göründüyü kimi iddiaçının iddiasının əsasını təşkil edən – yəni mübahisələndirilən bağışlama müqaviləsinin hədə-qorxu altında bağlanılması dəlili məhkəmə araşdırması zamanı təsdiqin tapmamışdır. İddiaçının özünün bu barədə izahatına isə məhkəmə tənqidi yanaşmışdır. Çünki iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Müqavilə bağlanan zaman hər hansı hüquq pozuntusuna yol verilməmiş, müqavilə tərəflərin iradə ifadəsində uyğun olmuşdur. Müqavilənin etibarsız sayılması nəticəsinə gəlinmədiyi üçün həmin müqavilə əsasında verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı üzrə araşdırılma aparılmır. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh qarşı «bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar