Məhkəmə qərarları › İş №2(062)-1510/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1510/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1510/2023 06.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin tutulması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən xx.xx.2018-ci il təvəllüdlü Fidan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin oğlu Rauf Nağıyev ilə faktik ailə münasibətlərinə girərək ailə qurmuş və birgə yaşayışlarından xx.xx.2018-ci il təvəllüdlü Fidan adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin verdiyi xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən həmin uşağın yetkinlik yaşına çatana kimi 140 manat sabit pul məbləğində alimentin Rauf Nağıyevdən alınaraq ona verilməsi qət edilmişdir. Uşaq xəstədir. Keçmiş əri tərəfindən isə hər hansı köməklik göstərilmir və aliment ödənişindən yayınır. Cavabdehlər isə əmək pensiyası alır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və və əlavə olaraq göstərdi ki, keçmiş ərindən alimentin tutulması barədə qətnamə mövcuddur. Lakin o, Rusiya Federasiyasına getdiyi üçün qətnamə icra oluna bilmir. Uşağın tələbatlarını isə özü tək ödəyə bilmir. Ona görə alimentin baba və nənədən tutulması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, oğlu Raufun hazırda harada olmasından belə xəbəri yoxdur. Övlad olaraq heç onların da qeydinə qalmır. Həmçinin oğlu Raufdan alimentin tutulması barədə qətnamə vardır. Həmin qətnamə icra mərhələsindədir. Bu halda iddiaçının onlardan aliment tələb etməsi anlaşılan deyildir. Heç maddi imkanları aliment ödəməyə də çatmır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(076)-1654 saylı icra sənədindən görünür ki, X2 xx.xx.2018-ci il təvəllüdlü Fidan adlı uşağın atası hesab edilmiş, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü Fidan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin tutulması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(076)-1654 saylı icra sənədi üzrə X2 xx.xx.2018-ci il təvəllüdlü Fidan adlı uşağın atası hesab edilmiş və xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü Fidan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin ondan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda icra hərəkətləri davam etdirilir. Cavabdehlər isə azyaşlının baba və nənəsidir. İddiaçı hazırda onlardan da aliment tutulmasını istəyir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi qanun özündə ehtiva etmişdir ki, valideynlərindən maddi yardım ala bilmədikdə yetkinlik yaşına çatmayan şəxslər üçün baba və nənədən aliment tutula bilər. Hansı ki, hazırda azyaşlının atasından alimentin tutulması barədə məhkəmə qətnaməsi mövcuddur. Bu hal da iddianın təmin edilməsi yuxarıda göstərilən Ailə Məcəlləsinin maddi hüquq normasının tələbləri baxımından yolverilməzdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin tutulması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar