Məhkəmə qərarları › İş №2(062)-1519/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1519/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1519/2025 10.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın müalicəsinə çəkilmiş xərclərin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il tarixində anadan olmuş X3 adlı uşağın müalicə xərcləri üçün çəkilmiş 15.000 manat məbləğində pulun yarısının, mediasiya Şurasına ödənilmiş 50 manatın, dövlət rüsumu olaraq ödənilmiş 85 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə 806 saylı aktla nikahlarını rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2019-cu ildə X3 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən o, cavabdehə qarşı Tovuz Rayon Məhkəməsinə “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-1568/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən (hakim Zaur Hünmətov) aralarında olan nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü Səidin onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə hər ay bir uşağa görə 140 manat məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azyaşlı oğlu Səid 3 yaşından etibarən skalioz, rinit bronxit, yastı pəncə xəstəliklərindən əziyyət çəkir. Hal-hazırda 6 yaşı tamam olmuşdur. O, öz hesabına Səidi xəstəlikləri üçün dəfərlərlə Bakı, Gəncə, Tovuz şəhərində işləyən həkimlərdə müalicə etdirmişdir. Həkimlərin tərtib etdiyi reseptləri almaq üçün cavabdeh heç bir köməklik etmir. Səidin 3 illik müalicəsi üçün həkim qəbuluna və müalicə reseptlərinə 15.000 manat məbləğində xərc çəkmişdir. Bütün bunlar qəbzlərdə, həkim kağızlarında öz əksini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbə etiraz edərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 həqiqətən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Medera Hospital MMC-də həkim fizioterapevt Musa Kılıçın qəbulunda olmuş, müayinələrdən keçmiş, 21 günlük fizioterapiya kursu almışdır. pəncəsində sağa 160 dərəcə-yastıpəncəlik, sola 161 dərəcə pes planus diaqnozu qoyulmuşdur. İşdən görünür ki, iddiaçı tərəfindən uşağın müalicəsi üçün çəkilmiş real xərclərin cəmi məbləği 1947 manat 10 qəpik təşkil etmişdir. İddiaçı da çəkilmiş xərcin yarısını tələb etdiyindən, məhkəmə hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən alınaraq iddiaçıya verilıməlidir. İddiaçı işə xərclərlə bağlı digər sübutlar da əlavə etsə də, o həmin xərclərin həqiqətən də bu uşaqla bağlı olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bəzi pul köçürmələri müalicə müəssisəsinin özünə bir başa deyil, müxtəlif şəxsi kartlara köçürülmüşdür ki, həmin kart sahiblərinin də uşağın müalicəsi ilə bağlı pulu qəbul edən şəxs olmaqları sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd edilən Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilən Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 manatı və mediasiya təşkilatına ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 973 manat 55 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat,mediasiya sessiyasına görə ödənilmiş 50 manat olmaqla, cəmi 1053,55(min əlli üç)manat(əlli beş) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar