Məhkəmə qərarları › İş №2(062)-152/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-152/2024

26.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-152/2024 26.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X1 Xidmət Mərkəzi Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış AN İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Abulbəyli kəndində yaşamaqla Bozalqanlı kəndi ərazisində fəaliyyət göstərən süd zavodunda işləyir. Uzun müddətdir ki, kirayə yaşayır və 2022-ci ilin sonunda ev almaq qərarına gəlmişdir. Cavabdeh3 məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 79,9 kv.m. olan fərdi yaşayış evini satın almışdır. Alqı-satqının rəsmiləşdirilməsi üçün X1 Xidmət Mərkəzi Notariat Ofisində olan zaman ona bildirmişlər ki, əcnəbilər Azərbaycan Respublikasında torpaq sahəsi satın ala bilməzlər. Bu səbəbdən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi onunla, evin yerləşdiyi torpaq sahəsinə dair alqısatqı müqaviləsi isə formal olaraq arvadının (rəsmi nikah yoxdur) bacısının əri Cavabdeh2la bağlanılmışdır. Hazırda həmin əmlak faktiki onun və ailəsinin sahibliyindədir. Torpaq sahəsini arvadının adına rəsmiləşdirmək istəyən zaman Cavabdeh2 müxtəlif bəhanələr gətirərək sənədləşmənin aparılmasından imtina etmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, Türkiyə Respublikası vətəndaşıdır və müvəqqəti yaşamaq üçün icazə vərəqəsi əsasında Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində fəaliyyət göstərən süd zavodunda işləyir. Azərbaycan dilini tam şəkildə bilir, deyilənləri anlayır və öz fikrini rahat ifadə edə bilir. Ona görə tərcüməçiyə ehtiyacı yoxdur. Cavabdehlərdən Cavabdeh2 onun bacanağı düşür. Belə ki, elə həmin şəxsin istəyi üzrə onun baldızı ilə evlənmiş, lakin nikahları rəsmiləşdirilməmişdir. Hazırda da həmin şəxslə birlikdə faktik ailə münasibətlərindədir. Özü ailəsi ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndində yaşayır. Əmək haqqısı yüksək olduğu və maddi durumu yerində olduğundan özünə fərdi yaşayış evi almaq qərarına gəlmişdir. Bu səbəbdən cavabdehlərdən Cavabdeh3 ilə tanış olmuşdur. Həmin şəxsə məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 79,9 kv.m. olan fərdi yaşayış evini alması barədə onunla razılığa gəlmişdir. Bu səbəbdən birlikdə notariat ofisinə getmişlər. Notariat ofisində ona bildirilmişdir ki, əcnəbi olduğundan ölkə ərazisində torpaq sahəsi ala bilməz. Ona görə də özünə yaxın insan kimi bacanağı Ramini notariat ofisinə dəvət etmişdir. Cavabdeh2 daşınmaz əmlak almaq istəyini, lakin, torpaq sahəsinin adına rəsmiləşdirilməsinə qanununun yol vermədiyini bildirmişdir. Odur ki, torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh2 da öz növbəsində onunla razılaşmış və nəticədə Cavabdeh3 ilə torpaq sahəsinə dair alqı-satqı onların arasında bağlanılmışdır. Hətta orada notarius da bütün bunları onlara birlikdə izah etmişdir. Fərdi yaşayış evinə dair isə alqı-satqı isə onunla bağlanılmışdır. Bundan sonra alqı-satqı müqavilələri notarial qaydada bağlanmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən müvafiq çıxarış alınmışdır. Hazırda mübahisəli torpaq sahəsini arvadının adına rəsmiləşdirmək istəsə də, Cavabdeh2 torpaq sahəsini qaytarmır. Əsassız olaraq ondan pul tələb edir. Halbuki, torpaq sahəsinin dəyərini özü ödəmişdir. Sadəcə olaraq adına rəsmiləşmə mümkün olmadığından bu addımı atmışdır. Eyni zamanda torpaq sahəsi də, fərdi yaşayış evi də faktiki onun və ailəsinin sahibliyindədir. Onu da qeyd etdi ki, Cavabdeh2 heç vaxt borc pul almamışdır. Maddi durumu kifayət qədər yüksəkdir. Cavabdeh2 bu barədə yalan danışır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, ona məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 79,9 kv.m. olan fərdi yaşayış evi vardır. Özü rayon ərazisində yaşamadığı üçün həmin daşınmaz əmlakı satmaq qərarına gəlmişdir. Bu əsasla İddiaçılə tanış olmuşdur. Aralarında torpaq sahəsinin, habelə, fərdi yaşayış evinin dəyəri ilə razılaşma olmuş və birlikdə X1 Xidmət Mərkəzi Notariat Ofisinə getmişlər. Bütün prosedurlar həyata keçirilmiş, lakin, İddiaçı əcnəbi olduğundan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən əvvəllər tanımadığı və ilk dəfə notariat ofisində gördüyü Cavabdeh2 iddiaçı tərəfindən dəvət edilmişdir. Asan Xidmət Mərkəzində iddiaçı Raminə bütün olanları onun yanında danışmışdır. Raminin sonradan iddiaçının bacanağı olduğunu öyrənmişdir. Cavabdeh2 razılaşmış və torpaq sahəsinə dair alqı-satqı müqaviləsi onunla bağlanılmışdır. Əmlakın dəyəri iddiaçı tərəfindən ona ödənilmiş və alqısatqı üzrə razılaşma onlar arasında olmuşdur. Cavabdeh2 əvvəllər tanımamış və hec vaxt alqı-satqı barədə aralarında danışıq olmamışdır. Hətta notarius iddiaçıya bildirmişdir ki, torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşir və gələcəkdə həmin əmlakı qaytarmama ehtimalı vardır. İddiaçı isə cavabında bütün məsələnin ona aydın olduğunu və Raminin onun yaxını olduğundan belə bir halın olmasının mümkün olmayacağını bildirmişdir. Hazırda isə onlar arasından mövcud mübahisə yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçı onun bacanağıdır. Lakin baldızı ilə iddiaçı arasında olan nikah rəsmi qaydada qeyd edilməmişdir. Bununla belə, onlar faktik ər-arvad münasibətində olmaqla birlikdə ailə kimi yaşayırlar. İşin halları belə olmuşdur ki, iddiaçı özünə fərdi yaşayış evi almaq qərarına gəlmiş, bu əsasla da, digər Cavabdeh3 ilə tanış olmuşdur. Həmin şəxsi o əvvəllər tanımamışdır və ilk dəfə notariat ofisində görmüşdür. Həmin şəxslə aralarında heç vaxt alqı-satqı müqaviləsi üzrə danışıq olmamışdır və hətta torpaq sahəsinin dəyərini ona özü ödəməmişdir. Torpaq sahəsinin də, fərdi yaşayış evinin də dəyəri iddiaçı tərəfindən digər Cavabdeh3 ödənilmişdir. Mübahisəli torpaq sahəsi isə onun adına iddiaçı əcnəbi olduğundan rəsmiləşdirilə bilməməsi üçün rəsmiləşdirilmişdir. İddiaçı ona zəng vuraraq X1 Xidmət Mərkəzi Notariat Ofisinə gəlməsini istəmiş və onun istəyi üzrə notariat ofisinə yollanmışdır. İddiaçının istəyi əsasında onunla digər Cavabdeh3 arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Hətta notarius belə iddiaçıya torpaq sahəsinin onun adına rəsmiləşdirilməməsi üzrə baş verə biləcək nəticələri izah etmişdir. İddiaçı da bunu qəbul edib və bütün şərtlərlə razılaşmışdır. Əmlakın dəyərini iddiaçı özü ödəmişdir. Lakin hazırda həmin torpaq sahəsini qaytarmaq istəmir. Çünki iddiaçı ondan 6000 manat borc pul almış, əvəzində həmin torpaq sahəsini ona verəcəyini bildirmişdir. Bu səbəbdən də torpaq sahəsini iddiaçı borc aldığı pulu ona verəcəyi təqdirdə qaytaracaqdır. İddiaçıya borc pul verməsi barədə sübutları yoxdur. Öz aralarında bu bu razılaşma olmuşdur. Torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin iddiaçıya məxsus olması və onun ailəsi ilə birlikdə orada yaşamasını bilir. Mübahisəli əmlak daimi olaraq iddiaçının sahibliyində olmuşdur. Bununla belə mübahisəli torpaq sahəsini qaytarmaq niyyəti yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X1 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinə dair məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AN – İ ******* nömrəli müqavilədən görünür ki, satıcı Cavabdeh3 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən ümumi sahəsi 79,9 kv.m. olan fərdi yaşayış evini alıcı İddiaçı 35000 manat müqabilində satmışdır. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AN – İ ******* nömrəli müqavilədən görünür ki, satıcı Cavabdeh3 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsini 5000 manat müqabilində alıcı Cavabdeh2 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh2, həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 79,9 kv.m olan fərdi yaşayış evi isə İddiaçı adına qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyəti, mülkiyyət hüququ və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsasları və həyata keçirilməsi qaydası mülki qanunvericiliklə müəyyənləşdirilir. Həmçinin müqavilə və digər öhdəlik münasibətlərinin, habelə sair əmlak münasibətlərinin və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi mülki qanunvericiliklə həyata keçirilir. Mülki qanunvericilik bu vəzifələri həyata keçirərkən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsini əsas prinsiplər kimi müəyyən edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 2.2 və 6-cı maddələri). Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən olunmuşdur. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İş materialları ilə müəyyən edilmişdir ki, Tovuz rayonu, Abulbəyli kəndində 0,06 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 79,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olmuşdur. Qeyd olunan daşınmaz əmlakın alqısatqısı barədə Cavabdeh3 ilə İddiaçı arasında razılaşma olmuş və onlar rəsmiləşmə üçün X1 Xidmət Mərkəzi Notariat Ofisinə getmişlər. Həmin vaxt iddiaçı əcnəbi olduğu üçün torpaq sahəsinin onun adına qeydə alınmasının mümkün olmaması bildirildiyindən iddiaçı torpaq sahəsinin bacanağı Cavabdeh2 adına rəsmiləşdirilməsi qərarına gəlmişdir. Bu səbəbdən mübahisəli torpaq sahəsi barədə notarial qaydada alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh2 arasında, həmin torpaq sahəsin üzərində yerləşən fərdi yaşayış evinə dair notarial qaydada alqı-satqı müqaviləsi isə Cavabdeh3 ilə iddiaçı Akdoğan Cengiz arasında bağlanılmışdır. Həm torpaq sahəsinin, həm də, fərdi yaşayış evinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Hazırda da mübahisəli daşınmaz əmlak faktik olaraq iddiaçının sahiblik və istifadəsindədir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (Mülki Məcəllənin 568.1 və 568.2-ci maddələri). Məhkəmə alqı-satqı müqaviləsi üzrə diqqətə çatdırır ki, hazırda tərəflər arasında olan alqı-satqı müqaviləsi müqavilələrin əşyanın mülkiyyətə və digər əşya hüququna verilməsinə yönələn müqavilə qrupun aiddir. Alqı-satqı müqaviləsi təbiətinə görə tərəflər arasında hüquq və vəzifələrin bölünməsi baxımından ikitərəfli olması ilə xarakterizə olunur. Yəni müqavilənin hər iki tərəfi üçün hüquq və vəzifələr əmələ gətirir. Tərəfin hər ikisi həm hüquqlara malik olur, həm də vəzifələr daşıyır. Belə ki, müqavilə nəticəsində hüquq əldə etmiş tərəf eyni zamanda digər tərəfə münasibətdə vəzifə daşıyır. Belə nəticə hasil olur ki, hər iki tərəf bir-birinə münasibətdə borclu və kreditor rolunda çıxış edirlər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, tərəflərin izahatları ilə təsdiqin tapmışdır ki, mübahisəli torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşməsinə səbəb iddiaçının əcnəbi olmasıdır. Bu dəlil ağlabatan və qanunidir. Çünki, Torpaq Məcəlləsinin 3cü maddəsinin İİİ hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. Həmin Məcəllənin 48-ci maddəsinin İİİ hissəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Göründüyü kimi iddiaçı torpaq sahəsini alqı-satqı üzrə ala bilməzdi və bu səbəbdən mübahisəli torpaq sahəsinə dair onun istəyi üzrə bacanağı olan Cavabdeh2la alqı-satqı bağlanmışdır. Həmçinin alqı-satqı müqaviləsi üzrə ödənilməli pul vəsaitləri iddiaçı tərəfindən mülkiyyətçi olan Cavabdeh3na ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Ramin İsmayılovu hüquq və vəzifələrin bölünməsi baxımından ikitərəfli olması ilə xarakterizə olunan alqı-satqı müqaviləsinin tərəfi hesab etmək olmaz. Məhkəmə qeyd edir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarı). Mübahisələndirilən əqd tərəflərin iradə ifadəsinin həqiqi mənası baxımından təhlil edilən zaman aşkar edilir ki, alqı-satqı müqaviləsi üzrə tərəf olmuş Cavabdeh3 ilə Cavabdeh2 arasında torpaq sahəsinin alqı-satqısına dair əvvəllər danışıq olmamış, onlar bir-birilərini yalnız notariat ofisində görmüşlər. Buna səbəb isə həqiqi alıcı olan iddiaçının əcnəbi olması olmuşdur. Yəni cavabdeh Ramin İsmayılovun iradə ifadəsi torpaq sahəsini almağa yönəlməmişdir. Hətta əmlakın pulu belə iddiaçı tərəfindən verilmişdir. Bir məqamı da məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin iddiaçı tərəfindən, lakin, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 tərəfindən alınması ağlabatan deyildir. Təsadüfi deyildir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə işin göstərilən hallarını yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirib, habelə Konstitusiya Məhkəməsinin müvafiq Qərarlarında əks olunmuş göstərişləri rəhbər tutmaqla hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi Cavabdeh2 iradə ifadəsini əks etdirməmişdir. Çünki onun niyyəti həmin torpaq sahəsini almaqdan ibarət olmamış, torpaq sahəsinin alqı-satqısı üzrə mülkiyyətçisi ilə əvvəldən danışıqlar aparılmamış, habelə, alınan daşınmaz əmlakın dəyəri onun tərəfindən ödənilməmişdir. Bu səbəbdən məhkəmə alqı-satqı müqaviləsini uydurma əqd hesab edir və göstərir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmçinin məhkəmə Cavabdeh2 torpaq sahəsinin iddiaçıya verdiyi borcla əvəzləşdirilməsi dəlili ilə bağlı qeyd edir ki, bu dəlil əsassızdır. Belə ki, Cavabdeh2 iddiaçının ondan 6000 manat borc almasını, bunun müqabilində isə hazırda mübahisələndirilən torpaq sahəsini ona verməsini bildirsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bu dəlil yalnız onun özünün izahatı ilə təsdiqlənmişdir. Başqa sübutlar ilə təsdiqin tapmamışdır. Odur ki, onun dəlili qəbuledilən deyildir. Hansı ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki mübahisə üzrə hərəkətləri hüquqdan suiistifadədir. Nəzərə alınmalıdır ki, qanunverici şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmasa da, onların öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqlarını təsbit edərək, mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğunu tələb edib, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadəni və sui-istifadəni qadağan etdiyini açıq bəyan etməklə, bu qadağanın pozulacağı hallarda qeyd edilən əsasla həyata keçirilən razılaşmaların (hərəkətlərin) etibarsız sayılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarında da şərh olunmuşdur ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62).” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Daşınmaz əmlakın alqı-satqısı barədə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN – İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar