Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1647/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu ildə anadan olmuş X3, xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə evlənib ailə qurmuş və nikahlarını 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu ildə X6, xx.xx.2012-ci ildə X2 və xx.xx.2013-cü ildə X7 anadan olmuşdur. Lakin sonradan cavabdehlə ayrılmış və nikahlarıTovuz Rayon Məhkəməsinin 2(062)306/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən məhkəmə qaydasında pozulmuş, uşaqları onun yanındadır. Cavabdeh uşaqlarına heç bir qayğı göstərmir, onların sosial xərclərini ödəmir. O heç bir yerdə işləmir, heç bir yerdən maddi gəliri yoxdur, uşaqlara baxmaqda çətinlik çəkir. Ona görə də, 3 uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona maddi köməklik lazımdır. Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu ildə anadan olmuş X3, xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh Rusiya Federasiyasında işləyir. O yenidən başqa qadınla nikaha girmişdir. Uşaqların saxlanmasında çətinlik çəkir. Qızı xəstədir və müalicəsinə pul lazımdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçünçü şəxs X12 bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından bir övladı vardır. Cavabdeh Rusiyada yaşayır və məlumatına görə dövlət işində işləyir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2021-ci il tarixdə 54 nömrə qeydi ilə pozulmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə X6, xx.xx.2012-ci ildə X2 və xx.xx.2013-cü ildə X7 adlı uşqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-3519/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X9 birgə nikahlarından anadan olmuş Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat məbləğində aliment Cavabdeh tutularaq X10 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X3, xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddianın iddia ərizəsində göstərilən həcmdə təmin edilməsini əsaslı hesab etmir. Belə ki, cavabdeh digər nikahdan olan bir uşağa münasibətdə aliment ödəyicisidir. İddianın tam təmin edilməsinin həmin uşağın maraqlarına toxunması istisna edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 180 manat olmaqla cəmi 540 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay bir uşaq üçün 180 manat olmaqla cəmi 540 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 66,80 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 08 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X3, xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 66 (altmış altı) manat 80 (səksən) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1647/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1647/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver