Məhkəmə qərarları › İş №2(062)-174/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-174/2023

18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-174/2023 18.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər növ gəlirindən X3 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması və onun sosial xərclərinin qarşılanması üçün 193 manat aliment, əlavə olaraq övladının 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, cəmi 293 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi şəkildə evlənib ailə qurmuş və nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci ildə X3 adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan onlar faktiki olaraq ayrılmışlar və o, hal-hazırda uşağı ilə birgə atası evində yaşayırlar. Heç bir yerdə işləmir, heç bir yerdən maddi qazancı yoxdur. Qeyd edir ki, cavabdehin maddi imkanı yaxşıdır, aliment verməyə imkanı çatır. Birgə nikahlarından xx.xx.2022-ci ildə anadan olmuş X3 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması və sosial xərclərinin qarşılanması üçün cavabdehdən hər ay hər növ gəlirindən uşaq üçün 193 manat, əlavə olaraq uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat, cəmi 293 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək, 200 manat məbləğində aliment ödəməyə imkanı olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçınıın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidır. Belə ki, nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2011-ci il tarixdə Sumqayıt ASAN xidmət mərkəzinin qediyyat şöbəsində 2203 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. 06 oktyabr 2022-ci il tarixli X2 iştirak edilməsi bardə arayşdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2022 tarixdə 10:00-da keçirilməsi nəzərdə tutulan X2 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Qeyd edilən Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. İddiaçı isə cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi uşağın 3 yaşına çatanadək aliment verilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki cavabdeh 200 manat məbləğində aliment ödənilməsinə razı olduğundan, iddia tələbi isə 193 manatın verilməsindən ibarət olduğundan tələb həmin hissədə təmin edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-cı il tarixdə anadan olmuş Ayxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidi, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qət edilmiş alimentin illik məcmusu 2316 manat olduğundan 43 manat 16 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qısmən təmin edilsin. xx.xx.2022-cı il tarixdə nanadan olmuş Ayxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qət edilmiş alimentin illik məcmusu 2316 manat olduğundan 43 manat 16 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənillsin. İddia qalan hissədə təmin edilkməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar