Məhkəmə qərarları › İş №2(062)-1770/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1770/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1770/2024 15.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh Zakir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Zakir oğluna qarşı “aliment tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zakir oğlundan 23 may 2013-cü ildə anadan olmuş X1 və 17 avqust 2014-cü ildə anadan olmuş X2 böyüyüb boya-başa çatanadək hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Zakir oğlu ilə 05 avqust 2011-ci ildə evlənib ailə qurmuşdur. Nikahları 10 aprel 2013- cü ildə qeydə alınıb. Birgə nikahlarından 23 may 2013-cü ildə Nail, 17 avqust 2014-cü ildə Amil adlı uşaqları olmuşdur. Cavabdeh Zakir oğlu ilə aralarında yaranan narazılığa görə 2019-cu ildən faktiki olaraq ayrılmışlar və nikahları məhkəmənin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Tovuz rayon məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə 23 may 2013-cü ildə anadan olmuş Nail cavabdehin, 17 avqust 2014- cü il ildə anadan olmuş oğlu Amil isə onun yanında saxlanılmışdır. Cavabdeh Zakiir oğlu başqası ilə evlənib ailə qurub. Oğlu faktiki olaraq nənəsi Çımnaz Əsgərovanın yanında yaşayırdı. Nail üç aydan artıqdır ki, könüllü olaraq onun yanında yaşayır. Uşaq nənəsinin və atasının yanında yaşamaq istəmir. Hesab edir ki, Nailin 10 yaşı bitdiyindən dəyişən hüquq münasibətləri yaranmış və onun və ya qeyri-şəxslərin təsiri olmadan daimi yaşamaq məqsədi ilə onun yanına gəlmiş və hal-hazırda Tovuz rayonu Aşağı Quşçu kəndində atasına məxsus evdə yaşayır. Cavabdeh Bakı şəhərində fərdi əməklə məşğul olur və onun sabit əmək haqqı olmadığından sabit pul məbləğində aliment ödəməlidir. Uşaqların hər ikisi faktiki olaraq onunla yaşadığından və uşaqların böyüyüb tərbiyə olunması ata kimi cavabdehin vəzifə borcu olduğundan aliment ödəməlidir. Ona görə də, Cavabdeh Zakir oğlundan 23 may 2013-cü ildə anadan olmuş X1 və 17 avqust 2014-cü ildə anadan olmuş X2 böyüyüb boya başa çatanadək hər ay hər uşaq üçün 200 manat cəmi 400 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, maddi imkanı zəifdir. Özü marketdə işləyir və əmək haqqı 270-300 manat təşkil edir. Uşaqların ikisi 5 aydır ki, onun yanındadır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Zakir oğlu bildirdi ki, onun başqa nikahdan bir övladı var. Özü fəhlədir və maddi imkanı zəifdir. Bir uşağa 180 manat ödəyə bilər. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə Tovuz Rayon Məhkəməsinin 2(062)-383/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikahı pozulmuş və birgə nikahdan anadan olmuş Nail adlı uşaq Cavabdeh Zakir oğlunun, Amil adlı uşaq isə İddiaçı yanında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə X3 və xx.xx.2014-cü ildə X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş məlumatdan görünür ki, Cavabdeh Zakir oğlu qəssab işləyir və əmək haqqısı 625 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh Zakir oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin başqa nikahdan da uşağının olmasına dair dəlillərini əsaslı saymır. Belə ki, o bunu təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan isə onun başqa nikahdan uşağının olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin daha çox qazancı barədə sübutlar təqdim edilmədiyindən iddia göstərilən həddə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 180 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay bir uşaq üçün 180 manat olmaqla cəmi 360 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh Zakir oğlundan 63,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Zakir oğlundan 24 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 180 ( yüz səksən) manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh Zakir oğlundan 63 (altmış üç) manat 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar