Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1861/2023 05.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən tutulan alimentin məbləğinin artırılması və birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Firuddin və xx.xx.2020-ci il təvəllüdlü Cavad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması və hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə evlənib ailə qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Firuddin və xx.xx.2020-ci il təvəllüdlü Cavad adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulduğundan ayrılmışlar. Azyaşlı uşaqları onun himayəsindədir. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmir. Bu barədə Mediasiya Şurasına müraciət etmiş və aralarında barışıq sazişi bağlanmışdır. Cavabdeh həmin sazişə əsasən bir uşaq üçün 125 manat məbləğində aliment ödəyir. Hazırda isə həmin məbləğ uşaqların maddi ehtiyaclarını ödəmir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və və əlavə olaraq göstərdi ki, uşaqlar onun himayəsində saxlanıldığı vaxtdan bu yana cavabdeh tərəfindən hər hansı alimentdən başqa könüllü maddi yardım edilməmişdir. Uşaqlar böyüdükcə onların xərcləri da artır, həmin xərcləri isə tək qarşılaya bilmir. Ona görə maddi sıxıntılar yaşayır. Həmçinin göstərdi ki, aliment barışıq sazişi üzrə tutulur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, alimentin tutulması mediasiya zamanı bağlanmış barışıq sazişi üzrə həyata keçirilir. Həmin sazişə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində aliment ödəyir. Həmin məbləğdən artığını ödəməyə gücü çatmır. Günəmuzd işlərdə çalışır və mədəsində qanaxma olduğu üçün ağır işlərdə işləyə bilmir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməsi mümkün deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında AZ İV 236480 və AZ İV 493931 saylı şəhadətnamələrdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Firuddin və xx.xx.2020-ci il təvəllüdlü Cavad adlı uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə 11 nömrə ilə Tovuz rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuşdur. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, azyaşlılar anasının himayəsində saxlanılmış, həmçinin onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh bir uşağa 125 manat olmaqla cəmi 250 manat məbləğində alimenti İddiaçı verməyi öhdəsinə götürmüşdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeydindən keçməklə ailə münasibətlərinə girmiş, onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Firuddin və xx.xx.2020-ci il təvəllüdlü Cavad adlı uşaqları doğulmuşdur. Onlar faktik olaraq ayrılmış, habelə nikahları məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Eyni zamanda onlar arasında mediasiya prosesi zamanı barışıq sazişi bağlanmışdır. Sazişin alimentlə bağlı şərtinə əsasən Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Firuddin və xx.xx.2020-ci il təvəllüdlü Cavad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimenti İddiaçı verməyi öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı barışıq sazişi üzrə müəyyən edilmiş aliment məbləğinin artırılmasına nail olmaq istəyir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanun özündə ehtiva etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilə bilər. Hansı ki, bu zaman aliment ödənilməsi barədə saziş olmamalıdır. Hazırda isə iddiaçı saziş üzrə müəyyən edilmiş alimentin artırılmasını tələb edir ki, bu da yuxarıda göstərilən Ailə Məcəlləsinin maddi hüquq normasının tələbləri üzrə yolverilməzdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1861/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1861/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver