Məhkəmə qərarları › İş №2(062)-2151/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2151/2025

28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2151/2025 28.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmənin 8(062)-78/2025 saylı qərardadı ilə indeksasiya olunmuş 412 manat aliment məbləğinin azaldılaraq 150 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Cavanşır qızı ilə ailə həyatı qurmuş və onların nikahından xx.xx.2016-ci il təvəllüdlü X3 anadan olmuşdur. Daha sonra cavabdehlə ailə münasibətlərinin pozulmasına görə Tovuz Rayon Məhkəməsinin 2(062)-2693/2017 saylı qətnaməsi ilə nikahımız pozulmuşdur. Həmin qətnamədə onların birgə nikahından doğulmuş Mələk adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan 120 manat aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Sonradan Tovuz Rayon Məhkəməsinin 8(062)-78/2025 saylı qərardadı ilə alimentin məbləği minimum əməkhaqqının 1.03 misli həddində (412 manat) indeksasiya olunmuşdur. Lakin o, heç bir yerdə işləmədiyinə görə maddi gəliri yoxdur və həmin məbləği ödəməsi mümkün deyildir. Onun yanlız hər ay uşaq üçün 150 manat aliment ödəməyə maddi imkanı çatır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və göstərdi ki, onun hazırda işi olmadığından və aliment miqdarının çox yüksək məbləğə indeksasiya olunduğundan alimenti ödəyə bilmir. O, hazırda 150 manat aliment ödəyə bilər. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, uşaq xəstə olduğuna görə onun xərcləri artmışdır ki, həmin xərcləri təkbaşına qarşılamağa maddi imkanı çatmır. Odur ki, uşağın ehtiyaclarının qarşılanması üçün 150 manatın çox az olmasına görə alimentin 200 manatdan az təyin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-78/2025 saylı qərardadın surətindən görünür ki, alimentin məbləği minimum əməkhaqqının 1.03 misli həddində (412 manat) indeksasiya olunmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə yaşayışlarından bir övladlarının olması, uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı alimentin indeksasiyadan sonra minimum əməkhaqqının 1.03 misli həddində müəyyən edilməsinin onun maddi və sosial vəziyyətinə uyğun olmadığını əsas gətirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğin azaldılmasını xahiş edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işləmir və rəsmi qaznc yeri yoxdur. Qeyri-rəsmi gəlirlərin olması barədə isə cavabdeh məhkəməyə sübutlar təqdim edə bilməmişdir. 2017ci ildən 2025-ci ilədək 120 maanat aliment ödəyən və yaxud bu imkana sahib olan birinin hər ay 412 manat məbləğində indeksasiya edilmiş alimenti ödəməsi real olaraq qeyrimümkündür. Belə ki, iddiaçının faktiki gəliri olmamaqla, müəyyən edilmiş aliment özünün yaşayış minimumundan da çox olmaqla, alimentin onun tərəfindən ödənilməsi imkanları da real görünmür. Eyni zamanda məhkəmə alimentin indeksasiya edilmiş həddə qeyri-mümkünlyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının tələb etdiyi miqdaradək alimentin azaldılması da uşaqların maraqlarına uyğun deyildir. Odur ki, alimentin məbləği 200 manat müəyyən edilməlidir. İndeksasiya edilmiş aliment məbləği iddiaçının ödəmə qabiliyyətindən açıq-aşkar yüksək olduğuna görə hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcuddur. Bu norma aliment ödəyicinin faktiki gəlir səviyyəsi ilə aliment öhdəliyi arasında ədalətli və proporsional münasibət yaradılmasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-78/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılaraq 200 manat müəyyən edilməlidir. Məhkəmə xərci ilə bağlı məhkəmə onu qeyd edir ki, MPM-nin 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə isə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ödəniləcək alimentin illik məcmusu 2400 manat olduğundan, 44 manat məbləğində dövlət rüsumu iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-cc il tarixli 8(062)-78/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılaraq 200 manat müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla xx.xx.2016-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment İddiaçı alınaraq Cavabdeh verilsin. 44 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar