Məhkəmə qərarları › İş №2(062)-2234/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2234/2025

28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2234/2025 28.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması tələbinə» dair mülki işə Tovuz şəhərində 28 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2020-ci ildə anadan olmuş Miran adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan tutulan aliment məbləğinin azaldılaraq hər ay 150 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə Miran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 150 manat aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Miran adlı uşaq cavabdehin himayəsindədir. Tovuz rayon Məhkəməsinin 8(062)-77/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya olunmuş, uşağın saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı həmin məbləği ödəməkdə çətinlik çəkir, işi yoxdur, başqa ailəsi, uşağı vardır. Eyni zamanda xəstə olmaqla əmək qabiliyyəti aşağıdır. Odur ki, İddiaçı 22 yanvar 2020-ci il tarixdə anadan olmuş Miran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin azaldılaraq hər ay sabit məbləğdə 150 manat aliment tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə prosesinə göndərdiyi ərizəsində iddianı qəbul etmədiyini, uşağının xəstə olmasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 22 yanvar 2020-ci ildə Miran adlı uşaqları anadan olmuşdur. Surəti işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 8(062)-77/2025 saylı, 21 fevral 2025-ci il tarixli qərardadından görünür ki, aliment indeksasiya olunmuş, uşağın saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 22 yanvar 2020-ci ildə Miran adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq anasının yanındadır. Tovuz Rayon Məhkəməsinin qərardadı ilə iddiaçı uşağın saxlanılması üçün aliment ödəyir. İddiaçı aliment məbləğinin azaldılmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına əsasən, nikahın pozulması və aliment tələblərinə aid iddialarda alimentin hesablanması ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq hesablanmalıdır. Məhkəmə iddiaçının yanında başqa uşağının olmasını, indeksasiyaya uyğun hesabladıqda alimentin məbləğinin uşaqlar üçün müəyyən olunmuş məbləğə münasibətdə tərəflərin yaşadıqları regiona uyğun olaraq nizamlanmasını nəzərə alaraq tutulan alimentin məbləğinin azaldılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 yanvar 2020-ci ildə anadan olmuş Miran adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,52 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşaqların mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın alimentin məbləğinin azaldılmasına aid qalan hissəsi təmin edilməməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə tələb olunan məbləğə mütənasib olan dövlət rüsumunun məbləği Mediasiya prosesində ödənilən dövlət rüsumundan az olduğu üçün dövlət rüsumunun müzakirə olunmasını məqsədəmüvafiq hesab etmir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 8(062)-77/2025 saylı 21 fevral 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 yanvar 2020-ci il tarixdə anadan olmuş Miran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,52 misli həddində müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar