Məhkəmə qərarları › İş №2(062)-2262/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2262/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2262/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehdən 09 yanvar 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 235 manat alimentin alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, birgə nikahdan iki uşaq doğulmuş, həmin uşaqlardan biri anasının, digəri isə onun himayəsində saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay 150 manat məbləğində alimentin ondan alınaraq Səbayelin yanında qalan uşağın saxlanılması üçün qət edilmişdir. Belə olduğu halda hesab edir ki, 235 manat məbləğində aliment də cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, o "xxxx"QSC-də işləyərək 854 manat əmək haqqı alır. Cavabdehin isə kifayət qədər imkanları vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o uşaqlardan birinin atasının himayəsində qalmasını nəzərə alaraq 150 manat alimentlə kifayətlənmişdir. Özü gözəllik salonunda işləyir. Özünün qazancı ilə ancaq özünün yaşayış minimunu təmin edə bilir. Halbuki onun yanında qalan uşağın təlabatları daha böyükdür. 150 manat uşaq üçün yetərli deyildir. Əgər onun imkanı olsaydı o atasının yanında qalan uşağı üçün pul verərdi. Odur ki, nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Tovuz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hər ay 150 manat məbləğində alimentin X1 alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş X4 atasının, X3 isə anasının himayəsində saxlanılmasına dair razılıq əldə edilmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin hər birində uşaq qalmışdır. Yəni, X4 atasının, X3 isə anasının himayəsində saxlanılmasına dair tərəflər arasında razılıq vardır. Belə olan halda iddiaçı özünün az təminatlı, cavabdehin isə daha çox təminata malik olmasını sübut etməlidir. Elektron məhkəmə informasiya sistemindən əladə edilmiş məlumatlardan və iddiaçının özünün izahatından da müəyyən edilir ki, iddiaçı "xxxx"QSC-də işləyərək 854 manat əmək haqqı almaqla müəyyən təminata malikdir. O cavabdehin ondan daha çox təminatlı olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar