Məhkəmə qərarları › İş №2(062)-2293/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2293/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2293/2025 11.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 mart 2012-ci il tarixdə anadan olmuş Nəzrin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə İlkanə, xx.xx.2012-ci il tarixdə Nəzrin adlı uşaqları anadan olmuşdur. Uşaqlardan biri onun yanındadır. Özü heç bir yerdə işləmir. Cavabdeh qazancı qeyri-müntəzəm olduğundan sabit məbləğdə aliment ödəməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, ona qarşı qaldırılmış iddia tələbini qəbul etmir. O, heç bir yerdə işləmir. İddiaçı isə Rusiya Federasiyasında kommersiya işləri ilə məşğuldur. Əmlak vəziyyəti çox aşağıdır. İddiaçının isə maddi vəziyyəti kifayət qədər yaxşıdır. Ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh də onlara qarşı aliment tələbi ilə məhkəməyə müraciət edib və 200 manat aliment müəyyən edilibdir. Oğlu toylarda musiqi alətində ifa edir, maddi imkanları aşağıdır. Ona görə, bu tələblə məhkəməyə müraciət ediblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, birgə nikahlarından iki uşaqları var. Uşaqlardan biri hazırda onun himayəsindədir, digəri isə iddiaçının himayəsindədir. O, heç bir yerdə işləmir, əlavə heç bir gəlir yeri yoxdur. Hazırda atası evində yaşayır. İddiaçı isə Rusiya Federasiyasında kommersiya işləri ilə məşğuldur, həmçinin toylarda musiqi alətində ifa edir, maddi gəliri yaxşıdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz regional Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2012-ci ildə Qovlar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1347/2024 saylı qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 45 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü İlkanə adlı uşağın atası İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü Nəzrin adlı uşağın isə anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. X7 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025 il tarixdə verilmiş MŞT/MT024/2025-0394 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xərcləri (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası: Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx.xx.2008-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü İlkanə və xx.xx.2012-ci il təvəllüdlü Nəzrin adlı uşaqları doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1347/2024 saylı qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 45 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü İlkanə adlı uşağın atası İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü Nəzrin adlı uşağın isə anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İddiaçı hesab edir ki, uşaqların qayğısına qalmaq, onların tələbatlarını ödəmək hər iki valideynin borcudur. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Hazırki iş üzrə aliment ödəməli olan tərəf uşağın anasıdır. O, məhkəmə iclasında heç bir yerdə işləmədiyini, aliment ödəmək imkanının olmadığını bildirdi. Bununla bağlı məhkəmə qeyd edir ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Valideyn heç bir halda uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin 9.4-cü maddədə qeyd olunur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (160x12=2160 manat) mütənasib olan 39.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ödənilməmiş 39.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Ödənilməmiş 39.2 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar