Məhkəmə qərarları › İş №2(062)-2309/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2309/2025

07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2309/2025 07.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 07 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahlarından 10 mart 2021-ci ildə anadan olmuş Zeynəb adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit məbləğdə 300 manat aliment və uşaq sağalanadək hər ay 150 manat müalicə xərcinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh ilə faktiki evlənməklə, nikahlarını 10 iyun 2020-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 mart 2021-ci ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə faktiki olaraq ayrılmışlar. Uşaq onun himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün ona normal maddi yardım göstərmir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Eyni zamanda uşaqda autizm xəstəliyi var. Ona görə də birgə nikahlarından 10 mart 2021-ci ildə anadan olmuş Zeynəb adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 300 manat aliment və uşaq sağalanadək hər ay 150 manat müalicə xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə faktiki evlənməklə, nikahlarını 10 iyun 2020-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 mart 2021-ci ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Uşaq iddiaçının himayəsindədir. İddiaçıya ən çoxu 200 manat aliment ödəyə bilər. Başqa evliliyindən 2 uşağına da hər ay aliment ödəyir. Ona görə də qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 mart 2021-ci ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər nikahlarını 10 iyun 2020ci ildə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 10 mart 2021-ci ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrı yaşayırlar. Uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərmir. Həmçinin Tovuz rayon Məhkəməsinin 2(062)- 1379/2020 saylı 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay başqa nikahdan olan uşaqlara görə 140 manat, cəmi 280 manat aliment ödəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına əsasən, nikahın pozulması və aliment tələblərinə aid iddialarda alimentin hesablanması ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq hesablanmalıdır. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 17 iyun 2025-ci il tarixdən başlayaraq 10 mart 2021-ci ildə anadan olmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,53 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşaqların mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsaəsn, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İş materiallarından göründüyü kimi, iddiaçı uşağın autizm xəstəsi olmasını göstərsə də, bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda iddiaçı uşağın müalicəsi üçün aylıq məbləğ tələb edir, lakin həmin məbləğin hansı əsasa görə miqdarının müəyyən edilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın uşaq sağalanadək cavabdehdən hər ay müalicə xərcinin tutulması hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı məbləğ təşkil edir. Ona görə də Cavabdeh əlavə 45,44 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 17 iyun 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 10 mart 2021-ci ildə anadan olmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,53 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 45,44 (qırx beş manat qırx dörd qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar