Məhkəmə qərarları › İş №2(062)-232/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-232/2024

06.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-232/2024 06.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisinə və Cavabdeh2 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisinə və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin etibarsız sayılması icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh2 MMC arasında bağlanılmış ********* saylı müqavilənin etibarsız hesab edilməsi və Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ-9161 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-9161 saylı icra qeydinə əsasən ondan 1185,66 manat pulun alınaraq Cavabdeh2 MMC-yə verilməsi qərara alınmışdır. Həmin icra qeydinin tərtib edilməsinə əsas kimi onun ilə Cavabdeh2 MMC arasında bağlanmış ********* saylı müqavilə göstərilmişdir. Halbuki, onlar arasında heç bir müqavilə bağlanılmamış və nömrə ona təhvil verilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ- 9161 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ-9161 saylı icra qeydindən görünür ki, Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı 1185,66 manat pulun tutulması qərara alınmışdır. Pulun tutulması üçün əsas kimi ********* saylı müqavilə göstərilmişdir. Notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar Cavabdeh2 MMC tərəfindən borclu İddiaçı xx.xx.2021-ci il tarixli, ********* saylı abunə müqaviləsi üzrə 1185,66 manat məbləğində pulun tutulması barədə icra qeydinin verilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icra qeydinin ləğv edilməsi üzrə yaranan mübahisədir və «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu, habelə, əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ-9161 saylı icra qeydi üzrə ********* saylı müqavilə əsasında Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı 1185,66 manat pulun tutulması qərara alınmışdır. Halbuki, tərəflər arasında ümumiyyətlə həmin tarixli və həmin nömrəli müqavilə bağlanmamışdır. Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli, AZF-SL/2020/2275 nömrəli abunə müqaviləsi bağlanmışdır. İşin bu halı Cavabdeh2 MMC tərəfindən iddiaya qarşı göndərilmiş etirazda öz əksin tapmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun icra qeydlərindən bəhs edən XV fəslinin 76-cı maddəsində qeyd olunmuşdur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 78-ci maddəsində qeyd olunmuşdur ki, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Qeyd olunmalıdır ki, notarius tərəfindən icra qeydi verilən zaman qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, icra qeydinin verilməsinə əsas ********* saylı müqavilə göstərilmişdir. Lakin icra qeydinin verilməsi barədə ərizəyə həmin müqavilə əlavə edilməmişdir. İşin göstərilən halı sorğu əsasında əldə edilmiş notariat işi ilə təsdiqin tapır. Digər tərəfdən Cavabdeh2 MMC özü iddia ərizəsinə qarşı ünvanladığı etiraz ərizəsində borcun xx.xx.2020-ci il tarixli, AZF-SL/2020/2275 nömrəli abunə müqaviləsi əsasında yarandığını bildirmişdir. Göstərilənlərdən belə nəticə hasil olur ki, icra qeydi Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmamış bir müqavilə üzrə verilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Həmin Qanunun 27-ci maddəsinə görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Məhkəmə hesab edir ki, icra qeydinin verilməsi ilə bağlı göndərilmiş ərizəyə həmin ərizənin təsdiqi kimi sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunmadığından, habelə, icra qeydinin verilməsinə əsasə olmuş müqavilənin əslində tərəflər arasında bağlanılması təsdiq olunmadığından notarius tərəfindən verilən icra qeydi qanunsuz hesab edilməlidir. Çünki aparılmış icra qeydi tələbin mahiyyətinə və onun təsdiqi kimi əlavə edilmiş sənədlərə uyğun olmamışdır. Məhkəmə diqqətə çatdırır ki, ərizə üzrə tərəflər arasında bağlanılmamış müqaviləyə istinad olunmaqla icra qeydinin verilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Nəzərə alınmalıdır ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bütün bu hallar isə icra qeydinin ləğv edilməsini özünə ehtiva edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ- 9161 saylı icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Tovuz regional «Asan Xidmət Mərkəzi» Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ-9161 saylı icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı şamil edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar