Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2373/2025 09.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-2373/2017 saylı qətnaməsinə əsasən ondan tutulması qət edilmiş aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün ökə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,45 misli məbləğində (hər uşaq üçün 180 manat) təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-2373/2017 saylı qətnaməsinə əsasən, ondan hər uşağa 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-22/2025 qərardadına əsasən, aliment məbləği indeksasiya edilmiş, hər uşaq üçün minimum aylıq əmək haqqının 1,173 misli miqdarında olmaqla indeksasiya edilmişdir ki, həmin məbləğ də aylıq hər uşaq üçün 469,2 manat edir. İki uşaq üçün isə hər ay 938,4 manat edir ki, həmin məbləğin ödənilməsi ümumiyyətlə onun imkanı xaricindədir. Tərəflərin izahatları. Məhkəmənin baxış iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş cə iddia tələbini müdafiə etmişdir. Məhkəmənin baxış iclasında Cavabdeh bildirmişdir ki, iddia ilə razı deyildir. Uşaqları saxlamaqda çətinlik çəkir. İddiaçı alimentin ödənilməsindən savayı uşaqlarla bağlı heç nəyə kömək etmir. Hər uşağa görə ən az 400 manat aliment tələb edir. İş materialları. X9 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞT/MT024/2025-0477 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X4 tərəfindən 50 manat ilkin mediasiya sessiyası xərci ödənilmişdir. Tovuz Rayon Məhkəməsinin 8(062)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizənin təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-2373/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin indeksasiya edilərək, xx.xx.2015-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşqaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınınn 1,173 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci maddəsi: Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilsin. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı: ...8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarına əsasən edilmiş dəyişiklik)
Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə, iş üzrə məhkəmənin müəyyən etdiyi hallar ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş, bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmuş və uşaqlar ananın – bu iş üzrə Cavabdeh himayəsində saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin 8(062)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(062)-2373/2017 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği indeksasiya edilərək, Ayan və Ləmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 cavabdeh Günel Əvəz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,173 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 2017-ci ildə təyin edilmiş aliment məbləği indeksasiya edildikdən sonra hər uşağa görə 469,2 manatın aliment həddən artıq yüksək məbləğdir və aliment ödəyən şəxsin maddi vəziyyətinə mənfi təsir göstərən diqqətəlayiq hal kimi qiymətləndirilməlidir. İddiaçı aliment məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli – yəni 180 manat (400 x 0,45 = 180) müəyyən edilməsini xahiş etsə də, məhkəmə uşaqların üstün maraqlarını nəzərə alaraq, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını daha məqsədəuyğun hesab edir. Bu zaman məhkəmə nəzərə alır ki, uşaqlar daimi olaraq cavabdehin yanında yaşayır və onların qulluq, sağlamlıq, təhsil, inkişaf və məişət qayğılarının əsas yükü cavabdehin üzərinə düşür. İddiaçı məhkəməyə 2025-ci ildə müraciət etmiş, həmin il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Bu məbləğə əsasən, təyin olunmuş 220 manat aliment məbləği minimum əmək haqqına bölündükdə (220 : 400 = 0,55) nəticə göstərir ki, aliment hər uşaq üçün aylıq olaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(062)-2373/2017 saylı qətnaməsi ilə nəzərdə tutulmuş və 8(062)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,173 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş aliment məbləği azaldılmalı və xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-2373/2017 saylı qətnaməsi ilə nəzərdə tutulmuş və həmin məhkəmənin 8(062)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,173 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş aliment məbləği azaldılmalı, xx.xx.2015ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev