Məhkəmə qərarları › İş №2(062)-2374/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2374/2023

05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2374/2023 05.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 05 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə yaşayışlarından 11 yanvar 2021-ci ildə anadan olmuş Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 220 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə evlənmişlər. Birgə yaşayışlarından 11 yanvar 2021-ci ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında narazılıq yarandığına görə faktiki olaraq ayrılmışlar. Uşaq onun himayəsindədir. Rəsmi nikahları olmadığına görə uşağın atalığı müəyyən olunmuşdur. Ayrıldıqdan sonra cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Mediasiya prosesində 150 manat aliment müəyyən edilmişdir, lakin həmin məbləğ uşağın artan tələbatını ödəmir. Mediasiya prosesində imzalanmış barışıq sazişi üzrə alimentin artırılması mümkün olmamışdır. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də birgə yaşayışlarından 11 yanvar 2021-ci ildə anadan olmuş Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 220 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə yaşayışlarından 11 yanvar 2021-ci ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər evlənmiş, nikahlarını qeyd etdirməmişlər. Birgə yaşayışlarından 11 yanvar 2021-ci ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. 11 yanvar 2021-ci ildə anadan olmuş Hüseyn adlı uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərməmişdir. Mediasiya prosesində 150 manat aliment müəyyən edilmişdir, lakin həmin məbləğ uşağın artan tələbatını ödəmir. Mediasiya prosesində imzalanmış barışıq sazişi üzrə alimentin artırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 05 oktyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 190 manat aliment alınıb 11 yanvar 2021-ci ildə anadan olmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşağın mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın məhkəmənin icraatına qəbul edilməsinə və baxılmasına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, tərəflər 14 fevral 2022-ci il tarixdə Mediasiya prosesində barışıq sazişi imzalamaqla 150 manat məbləğində aliment ödənilməsi barədə razılığa gəlmişlər. Bundan sonra iddiaçı mediasiya prosesində bağlanmış barışıq sazişinə əsasən müəyyən edilmiş alimentin miqdarını artırmaq üçün məhkəməyə müraciət etmiş, lakin tələb Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinin tələblərinə zidd olduğuna görə rədd edilmişdir. Hazırda iddiaçı aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. Uşağın maddi təminatı “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsində təsbit edilmişdir. Uşaq hüquqları Konvensiyası uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki şəxslər və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Bu nöqteyi-nəzərdən yanaşmaqla məhkəmə iddianın icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Eyni zamanda məhkəmə ərizənin icraata qəbul edilməməsini məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ona görə də iddianın icraata qəbul edilməsi və mahiyyəti üzrə baxılması qanuna müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Nəzərə alınmalıdır ki, tərəflər Mediasiya Prosesi zamanı alimentin ödənilməsi barədə razılığa gəlmişlər və barışıq sazişinə əsasən, mütəmadi olaraq iddiaçıya aliment ödənilir. Ona görə də aliment tutulmasının əvvəli qətnamənin çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 2280 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 42,80 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 05 oktyabr 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə yaşayışlarından 11 yanvar 2021-ci ildə anadan olmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 42,80 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar