Məhkəmə qərarları › İş №2(062)-2388/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2388/2023

07.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2388/2023 07.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbinə qarşı «əmək haqqı» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən onun dərs yükünün azaldılması nəticəsində 2018-ci ilin sentyabr ayından 2023cü il mart ayınadək olan müddət ərzində ona kəsilmiş əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(104)-186/2017 nömrəli qətnaməsinə əsasən Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbinin onun barəsində verilmiş 14 iyun 2016-cı il tarixli əmri ləğv edilmiş, onun Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi üzrə verilmiş 01 iyul 2017-ci il tarixli 131 saylı əmrə əsasən onu yenidən Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbinə ibtidai sinif müəllimi təyin etmişlər. Ona məcburi iş buraxmaya görə bütün əmək haqqı ödənilmiş və 1 il müddətində ona tam əmək haqqı ödənilməklə ibtidai sinif müəlliminin dərs saatı verilmişdir. O, 2017-2018-ci il dərs ilində hər ay 315 manat əmək haqqı almışdır. Lakin 2018-2019-cu dərs ilində onun dərs yükü bilərəkdən azaldılaraq onun əmək haqqı azaldılmış və o hər ay 92 manat əmək haqqı almışdır. 2019-2020-ci il illərdə o 220, 2021-2022-ci dərs ilndə 260 manat, 2022-2023-cü dərs ilində isə 268 manat əmək haqqı almışdır. 2023-cü ilin mart ayından etibarən onun dərs yükü bərpa edilmiş və o 382 manat əmək haqqı almağa başlamışdır. Bu müddət ərzində o dəfələrlə məktəb rəhbərliyinə dərs yükünün əsassız azaldılması ilə bağlı müraciət etmişdir. Hər dəfə müraciət edəndə ona başqa-başqa bəhanələr gətirilərək dərs yükünü azaldaraq ona maddi və mənəvi zərər vurmuşdur. Belə ki, o Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(104)186/2017 nömrəli qətnaməsinə əsasən işə bərpa olunmuş və onun dərs yükü qəsdən azaldılmışdır. Hesab edir ki, cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən onun dərs yükünün azaldılması və bununla da əmək haqqının azaldılması tam qanunsuzdur. Ona görə də, Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən onun dərs yükünün azaldılması nəticəsində 2018-ci ilin sentyabr ayından 2023-cü il mart ayınadək olan müddət ərzində ona kəsilmiş əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onu həmin məktəb direktoru diaqnostik qiymətləndirməyə buraxmamışdır, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbin direktoru X2 iddia tələbini qəbul etməyərək məhkəməyə etiraz qeydlərini təqdim edib izahatında göstərmişdir ki, İddiaçı hüquqlarının pozulmasını 2017-ci ildən bildiyi halda 6 ildən sonra məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 13 noyabr 2019-cu il tarixli 737 nömrəli Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbin məktubundan görünür ki, Gəncə Apelyyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(104)-186/2017 nömrəli qətnaməsinə əsasən məktəbin xx.xx.2017-ci il tarixli 130 nömrəli əmri ilə məktəbə müddətsiz müqavilə ilə bərpa olunmasına baxmayaraq MİQ –dən kənar işə qəbul olunduğu nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 236/1 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumitəhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostiq qiymətləndirilməsinin aparılması qaydalarının 5.5-ci bəndində nəzərdə tutulduğuna görə ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10%-dən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirlir. Buna baxmayaraq İddiaçı 2019-2020-ci dərs ilində Təhsil Nazirliyi Aparatının rəhbəri M.Məmmədovun xx.xx.2019-cu il tarixli Ə- 6265/04/09 nömrəli məktubuna əsasən 12 saat dərs yükü ilə təmin olunmuşdur. Əlavə olaraq xx.xx.2019-cu il tarixdə rayonun ümumtəhsil məktəblərində işləyən, diaqnostik qiymətləndirmədə iştirak etməyən digər pedaqoji işçilərlə bərabər İddiaçı adı Təhsil Nazirliyinə təqdim olunması məqsədi ilə 6 saylı ƏMHM-Ə göndərilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuz regional ərazi şöbəsinin 30 iyul 2021-ci il tarixli **********5 saylı məktubundan görünür ki, İddiaçım şikayəti əsasında aparılmış araşdırma nəticəsində 01 iyun 2021-ci il tarixli Köhnəqala kənd tam orta məktəbində və 21 iyul 2021-ci il tarixli Tovuz rayon Təhsil Şöbəsindən Müfəttişliyə daxil olmuş məktublarda bildirilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə işə bərpa olunmuşdur. Daha sonra müəllimlərin diqanostik qiymətləndirilməsi imtahanın nəticələrinə əsasən dərs bölgüsü aparılmış və “diaqnostik qiymətləndirmənin aparılması qaydalarının” 5.5-ci maddəsinə əsasən 6 saat dərs yükü ilə təmin edilmişdir. Daha sonra Təhsil Nazitliyi Aparatının rəhbəri Muxtar Məmmədovun xx.xx.2019-cu il tarixli Ə-6265/04/09 nömrəli məktubuna əsasən iptidai sinif müəllimlərinin dərslərinin dinlənilməsinin nəticələrini nəzərə alaraq 12 saat dərs yükü ilə təmin edilmişdir. Eyni zamanda Tovuz rayon Təhsil Şöbəsindən Müfəttişliyə daxil olmuş 21 iyun 2021-ci il tarixli **********6 nömrəli məktubda müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdiyi, topladığı balın 32.1482000 olduğu və keçid balının İddiaçı tərəfindən toplanılmadığı bildirilmişdir. Eyni zamanda müəllimlərin işə qəbulu müsabiqəsində toplanılmış balın müsabiqənin bütün mərhələrindən uğurla keçdiyi və müvafiq məktəbə təyinat alındığı halda nəzərə alındığı bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçini işə götürmək, onunla əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək işəgötürənin səlahiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ə-15028/10-24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərlə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbul və yerdəyişməsi qaydalarına əsasən respublikanın ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu Təhsil Nazirliyinin rəsmi internet saytında vakant yerlər barədə verilmiş elan əsasında mərkəzləşmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin bütün mərhələlərindən uğurla keçən namizədlər ümumi təhsil müəssisələrinə ixtisaslar üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllim təyin edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələtində tədris ili üçün dərs yükü müəssisə rəhbər tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Məktəb rəhbərliyi İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsində göstərdiyi nəticəyə uyğun olaraq ixtisası üzrə 12 saat dərs yükü ilə təmin etmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Xidmətinin 19 avqust 2021-ci il tarixli **********3 saylı məktubundan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı Xidmətin Tovuz Regional ərazi şöbəsinə daxil olmuş sənədlərə baxış zamanı xx.xx.2017-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı Tovuz rayon Köhnəqala kənd tam orta məktəbinə müddətsiz müqavilə ilə bərpa olunmuş və diaqnostik qiymətləndirmənin nəticəsinə uyğun 6 saat dərs yükü ilə təmin edilmişdir. Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixdə Qazax şəhərində keçirilən vətəndaş qəbulunun nəticəsinə uyğun olaraq onun 12 saat dərs yükü ilə təmin olunması barədə Təhsil Nazirliyinin Aparat rəhbəri M.Məmmədov tərəfindən tapşırıq verilmişdir. Eyni zamanda Tovuz rayon Təhsil şöbəsi tərfindən Xidmətin Tovuz regional ərazi şöbəsinə göndərilmiş məktubda müəllimlərin işə qəbul imtahanında iştirak edərək topladığı 32.1482 balın keçid balı üçün kifayət etmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli Ə-6265/04/09 saylı məktubundan görünür ki,Tovuz rayonu Köhnəqala kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarının qəbulu qrafikinə uyğun olaraq 13 avqust 2018-ci il tarixdə Qazax şəhərində Azərbaycan Respublikasının təhsil nazirinin qəbulunda olarkən dərs yükünün artırılması və diaqnostik qiymətləndirmədə iştirak etməklə bağlı müraciət etmişdir. Köhnəqala kənd tam orta məktəbində ibtidai sinif müəllimlərin dərslərinin dinlənilməsinin nəticələrini nəzərə alaraq, növbəti tədris ilindən İddiaçı 12 saata qədər dərs yükü ilə təmin olunması tapşırılmışdır. İş materiallarında olan Qazax-Tovuz Regional Təhsil İdarəsinin 01 mart 2023-cü il tarixli 3-29/2-Ə-1010-4 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətinə cavab olaraq 2022/2023-cü tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində topladığı balın müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmə balına bərabər tutulması, dərs yükü bölgüsü zamanı nəzərə alınması və əmək haqqının Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli, 270 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun ödənilməsi olə bağlı Tovuz rayonu üzrə təhsil sektoruna müvafiq tapşırıq verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli, 2(62)-777/2017 saylı qətnaməsi tamamilə ləğv edilmiş, İddia təmin edilmişdir.İddiaçı Tovuz rayonu Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbi üzrə verilmiş 14 iyun 2016-cı il tarixli əmri ləgv edilmiş, İddiaçı Tovuz rayonu Tovuz rayon Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuş və ona məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Resapubliksı Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlıəlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılmasıüçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin «b» bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı madəsinin 1-ci bəndinə uyğun olaraq, bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşin hallarından göründüyü kimi iddiaçı hüququnun pozulmasını 2017-2018-ci tədris ilində bilmişdir. Buna baxmayaraq o pozulmuş hüquqlarının bərpası ilə bağlı Əmək Məcəlləsində göstərilmiş müddətlərdə istər fərdi əmək mübahisılərinə baxan orqana, istərsə də məhkəməyə müraciət etməmişdir. İşin hallarından göründüyü kimi iddiaçının əsas tələbi ondan ibarətdir ki, məktəb direktoru tərəfindən onun diaqnostik qiymətləndirlmədə iştirakı təmin edilməmiş, nəticədə o imtahanda iştirak etmək hüququndan məhrum edilmişdir. Məhkəmə onu da qeyd edir ki, göründüyü kimi iddiaçı ali təhsilli şəxs olmaqla Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarından məlumatlı olmuşdur. Belə ki, həmin Qaydaların 5.5-ci bəndinə əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədən iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6)müəyyənləşdirilir. Bundan başqa da Azərbaycan Respublikasının təhsil nazirinin 1 mart 2017-ci il tarixli, 122 nömrəli əmri ilə 2017-ci ilin aprel-may aylarında Mingəçevir, Naftalan şəhərlərinin, Ağdam, Ağdaş, Ağstafa, Balakən, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Göyçay, Kəlbəcər, Laçın, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tərtər, Tovuz, Xocalı, Xocavənd, Yevlax, Zaqatala və Zəngilan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilməsi əmr edilmiş və əmrlə adları çəkilən şəhər (rayon) təhsil idarələri (şöbələri) diaqnostik qiymətləndirmədə iştirak edəcək kontingentin siyahısının 10 gün müddətinə Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etmələri göstərilmişdir. Göründüyü kimi müəllimin adının iştirak edəcək kontingentin siyahısına salınması məktəb direktorunun vəzifəsi deyildir. Məkhəmə qeyd edir ki, hər bir halda iddiaçı diaqnistik qiymətləndirilmədə iştirak etdikdən sonra 12 saatlıq dərs yükü ilə təmin edilməli olduğunu bilirdi. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə əsaslı olduğundan təmin edilmə, ərizə tətbiq edilməklə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbinə qarşı «əmək haqqı tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar