Məhkəmə qərarları › İş №2(062)-2421/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2421/2023

11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2421/2023 11.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə qeyri-rəsmi nikahlarından 06 oktyabr 2009-cu ildə anadan olmuş Gülşən və 06 aprel 2012ci il tarixdə anadan olmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğində 220 manat, cəmi 440 manat miqdarında alimentin alınıb ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə ailə qurmuşdur. Nikahları rəsimləşdirməmişlər. Birgə qeyri-rəsmi nikahlarından 06 oktyabr 2009-cu il tarixdə Gülşən və 06 aprel 2012-ci il tarixdə Ömər adlı iki uşaqları anadan olmuşdur. Xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar. Hazırda o, iki uşağı ilə birlikdə atası evində yaşayır. Cavabdeh uşaqların saxlanılmasında ona heç bir yardım göstərmir Ona görə də, Cavabdeh ilə birgə qeyri rəsmi nikahlarından 06 oktyabr 2009-cu il tarixdə anadan olmuş Gülşən və 06 aprel 2012-ci il tarixdə anadan olmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğində 220 manat, cəmi 440 manat miqdarında alimentin alınıb ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddia ərizəsi tərtib edilərkən uşaqlardan birinin adı Qəzənfər əvəzinə səhvən Ömər kimi getmişdir. Onun Gülşən və Qəzənfər adlı iki uşaqları vardır. Odur ki, həmin uşaqların yetkinlik yaşına çatanadək aliment məsələsinin həll edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, maddi imkanı zəifdir. Himayəsində xəstə anası vardır. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, Cavabdeh İddiaçı ilə qeyri-rəsmi nikahından 06 oktyabr 2009-cu ildə X4 və xx.xx.2012-ci ildə X3 doğulmuşdur. Hər iki uşağa münasibətdə atalıq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh 18 avqust 2023-cü il tarixdən başlayaraq 06 oktyabr 2009-cu ildə doğulmuş X2 və xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 180 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 66,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18 avqust 2023-cü il tarixdən başlayaraq 06 oktyabr 2009-cu ildə doğulmuş X2 və xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 66,20 (altmış altı manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar