Məhkəmə qərarları › İş №2(062)-2475/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2475/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2475/2025 18.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2018-ci ildə təvəllüdlü X3 və xx.xx.2016-ci ildə təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyinə görə onunla faktiki olaraq ər-arvad münasibətləri kəsilmişdir. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X3 anası Cavabdeh, xx.xx.2016-ci ildə anadan olmuş X4 isə atası X1 yanında saxlanılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə təvəllüdlü X3 və xx.xx.2016-ci ildə təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onu xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə evlənib ailə qurmuş və həmin nikahdan xx.xx.2018-ci ildə təvəllüdlü X3 və xx.xx.2016-ci ildə təvəllüdlü X4 anadan olmuşdur. Daha sonra ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və nikahları məhkəmə qaydasında pozulmuşdur. Qətnamə əsasında birgə nikahlarından doğulan uşaqların hər ikisi onun himayəsinə verilmişdir. O, uşaqların saxlanılmasında əziyyət çəkir və maddi imkanı zəifdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, uşaqlardan biri anasının, biri isə onun himayəsindədir və məhkəmə qətnaməsi ilə o, cavabdehə aliment ödəyir, lakin cavabdeh ona aliment vermir. Beləliklə, onun həm yanında olan uşağa baxmağa, həm də digər uşağına aliment verməyə maddi imkanı çatmır. Ona görə də cavabdehdən də ona aliment verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, heç yerdə işləmir və maddi imkanı zəifdir, həmçinin uşağın biri də onun himayəsindədir. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cu maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cu maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaya hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində uşaqların hər ikisinin iddiaçının himayəsində qalması göstərilsə də, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-445/2025 saylı qətnaməsinin surətindən və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından görünür ki, X4 atası X1, X3 isə anası Cavabdeh yanında və himayəsindədir. Məhkəmə əvvəlki qətnamə ilə müəyyən edilmiş bu halın preyudisial əhəmiyyətə malik olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarına əsasən eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.3-cu maddəsində müəyyən edilmişdir ki, əgər tərəflərin hər birində uşaq qalıbsa, bu zaman bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər və qanunvericilikdə valideynlərin hər ikisindən aliment tutulmasını müəyyən edən norma mövcud deyildir. Odur ki, məhkəmə valideynlərin hər ikisindən digər valideynin xeyrinə aliment tutulmasını ağlabatan hesab etmir. Belə ki, ailə hüququnda aliment dedikdə, ailə qanunvericiliyi və tərəflərin razılaşmasına əsasən ailə üzvlərinin birinin ailənin digər üzvlərinin xeyrinə ödəməli olduqları vəsaitlər başa düşülür. Göründüyü kimi aliment digər ailə üzvlərinin xeyrinə ödənilən vəsait olmaqla, yanlız bir tərəfdən tutulması göstərilmişdir. Odur ki, alimentin valideynlərin hər birindən digər valideynin xeyrinə tutulması alimentin hüquqi təbiətinə uyğun olmamaqla, həmin öhdəliklərin əvəzləşdirilməsinə gətirib çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar