Məhkəmə qərarları › İş №2(062)-264/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-264/2024

18.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-264/2024 18.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının alınması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının alınması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə aralarında olan xx.xx.2019-cu il tarixli, 3M-84 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin həmin əmlakdan çıxarılması, xx.xx.2023-cü il tarixə olan 805 manat icarə haqqının cavabdehdən alınaraq ona verilməsi, həmin tarixdən sonra cavabdehin əmlakdan çıxacağı günə kimi ödənilməli icarə haqqının cavabdehdən alınaraq ona verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ona məxsus ümumi sahəsi 59 kv.m. olan qeyri-yaşayış sahəsi vardır. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan həmin obyekti cavabdehə icarəyə vermişdir. Əmlakın dövlət qeydiyyatına alınmış hissəsi 59.1 kv.m. təşkil edir. Qeydiyyata alınmamış hissəsi isə 60 kv.m.-dir. Müqavilə qeydiyyata alınmış hissə ilə bağlı aylıq 80 manat icarə haqqı ödənilmək şərti ilə bağlanmışdır. Əmlakın qalan hissəsi isə öz aralarında şifahi formada razılaşma əsasında icarəyə verilmişdir. Ora üçün isə aylıq icarə haqqı 220 manat olmuşdur. Cavabdeh 2023-cü ilin oktyabr ayına kimi aylıq icarə haqqını ödəmiş və cəmi 285 manat borcu qalmışdır. Həmin ilin oktyabr ayında isə 80 manat ödəniş etmiş və 220 manat borcu qalmışdır. Noyabr ayında isə ümumiyyətlə ödəniş etməmişdir. Beləliklə, cavabdehin 805 manat ona borcu yaranmışdır. Hazırda cavabdeh həmin borcu ödəməyəcəyini bildirmiş və ödənişlərdən imtina etmişdir. Bu səbəbdən icarə müqaviləsinin 8-ci bəndinə uyğun olaraq müqavilənin ləğvinə dair cavabdehə xx.xx.2023-cü il tarixli yazılı ərizə ünvanlanmış, lakin cavabdeh müqavilənin ləğvi ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki üzrə icraata «aralarında olan xx.xx.2019-cu il tarixli, 3M-84 nömrəli icarə müqaviləsinin ləğv edilməsi» hissəsində işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, aralarında bağlanmış icarə müqaviləsinə görə aylıq icarə haqqı sənəd üzrə 80 manat müəyyən edilsə də, əslində cavabdeh ona hər ay 300 manat icarə haqqı ödəyirmiş. Çünki cavabdehə özünə məxsus lakin daşınmaz əmlakda qeydiyyatdan keçməmiş ümumi sahəsi 60 kv.m. sahəni də icarəyə vermişdir. Cavabdehin ona hər ay 300 manat icarə haqqı ödəməsi bank qəbzləri ilə də təsdiq edilir. Cavabdeh mütəmadi olaraq ödənişlər etsə də, aralarında 2023-cü ilin oktyabr ayının əvvəlindən narazılıq yaranmışdır. Belə ki, həmin vaxt obyektin elektrik sayğacında nasazlıq olmuş və cavabdehin bu səbəbdən 185 manat xərci çıxmışdır. Cavabdeh həmin xərci özü ödəməli olsa da, obyektin icarəsindən çıxmışdır. Həmçinin həmin tarixə kimi cavabdehin 100 manat da pandemiya vaxtından borcu qalmışdır. Beləliklə, cavabdehin 2023-cü ilin oktyabr ayına 285 manat borcu yaranmışdır. Elə həmin vaxtdan da mübahisələri başlamışdır. Bundan sonra cavabdeh ona bildirmişdir ki, icarə müqaviləsində hansı məbləğ yazılıb onu ödəyəcək. Bu səbəbdən müqavilənin ləğvi üzrə ona yazılı xəbərdarlıq etmişdir. Lakin cavabdeh məhəl qoymamışdır. Oktyabr ayı üçün 80 manat icarə haqqı vermiş, 220 manat borclu qalmışdır. Noyabr ayı üçün isə ümumiyyətlə ödəniş etməmişdir. Ondan pulunu tələb etsə də, cavabdeh həm pulunu vermir, həm də müqavilənin tələblərin pozsa da obyektdən çıxmır. Cavabdeh onunla razılaşmaq istəsə də, obyektini ona təkrarən icarəyə vermək istəmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ilə bağlı göstərdi ki, aralarında olan xx.xx.2019cu il tarixli icarə müqaviləsinə görə icarəyə verən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 59.1 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2029-cu il tarixə kimi aylıq 80 manat icarə haqqı ödənilməsi şərti ilə ona icarəyə vermişdir. Həmin obyektin ətrafında da ümumi sahəsi 60 kv.m. olan yer olmuş və həmin yeri iddiaçı icarəyə vermək istəyən zaman belə qərara gəlmişdir ki, həmin sahəni də özü götürsün. Çünki başqa şəxs oranı icarəyə götürəcəyi halda aralarında narazılıq yarana biləcəyini düşünmüşdür. Bu səbəbdən şifahi olaraq iddiaçı ilə razılaşmış və aylıq icarə haqqı 300 manat müəyyən edilmişdir. Ümumi bütöv həmin sahəni tək icarəyə götürmüşdür. Göstərilən məbləği 2023-cü ilin oktyabr ayının əvvəlinə kimi ödəmişdir. Həmin vaxta kimi yalnız pandemiya vaxtından 100 manat borcu qalmışdır. Oktyabr ayında elektrik sayğacında olan nasazlığa görə 185 manat xərc çəkmişdir. Bunu iddiaçıya bildirmiş və icarə haqqından çıxacağını söyləmişdir. Lakin iddiaçı onunla razılaşmamışdır. Bu səbəbdən aralarında narazılıq yaranmış və iddiaçı ona müqavilənin ləğv edilməsi üzrə yazılı məlumat göndərmişdir. Buna hər hansı reaksiya verməmişdir. Oktyabr ayı üçün iddiaçıya müqaviləyə uyğun olaraq 80 manat icarə haqqı ödəmiş, noyabr ayını isə ümumilikdə verməmişdir. Bu hal onun maddi vəziyyəti ilə bağlıdır. Hazırda yenə iddiaçı ilə razılaşmaq istəsə də, iddiaçı onunla razılığa gəlmir. Bundan başqa göstərdi ki, obyekti icarəyə götürən zaman orada xeyli abadlıq işləri aparmışdır. Hansı ki, həmin işlərə görə iddiaçıdan hər hansı pul almamış və ya çəkdiyi xərci icarə haqqından çıxmamışdır. İddiaçı bunları belə nəzərə almır. Mövcud durumda obyektdən çıxmağı düşünmür. Yalnız özünə həmin ərazidə uyğun obyekt tapacağı təqdirdə çıxacaqdır. Ən yaxşı halda üç ya dörd aya obyektdən çıxmağı düşünür. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri yaşayış sahəsi və onun yerləşdiyi 0,009 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən mülkiyyət hüququ əsasında özünə məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri-yaşayış sahəsini aylıq 80 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2029-cu il tarixə kimi icarəçiyə icarəyə vermişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlı yaranmış mübahisədir və yaranan mübahisəyə mülkiyyətin müdafiəsi üzrə tətbiq edilməli olan normalar, habelə icarə hüquq münasibətləri əsasında hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlin obyektdən çıxarılmasını tələb etmək hüququna malikdir. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. İş materialları ilə təsdiqin tapmışdır ki, tərəflər arasında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə icarəyə verən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 59.1 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2029-cu il tarixə kimi aylıq 80 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə vermişdir. Tərəflər arasında icarə hüquq münasibətləri üzrə narazılıq yarandığından iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini cavabdeh tərəfə bildirməklə müqaviləni ləğv etmişdir. Yəni hazırda cavabdehin iddiaçının mülkiyyətində olan obyektindən istifadəsi qanuni əsaslara söykənmir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından cavabdeh Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri yaşayış sahəsi və onun yerləşdiyi 0,009 ha torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbinin icarə haqqının verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq icarə haqqı ümumi sahəsi 59.1 kv.m. olan obyektə görə 80 manat olsa da, onlar şifahi razılaşdığı üçün cavabdeh ümumi sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsini də icarəyə götürmüşdür. Razılaşma üzrə isə ümumilikdə cavabdeh iddiaçıya hər ay 300 manat icarə haqqı ödəyirmiş. Lakin 2023-cü ilin oktyabr ayında tərəflər arasında elektrik sayğacına çəkilmiş xərcə görə narazılıq yaranmışdır. Belə ki, həmin tarixə cavabdehin iddiaçıya cəmi 100 manat borcu qalmışdır. Hansı ki, bu pul pandemiya vaxtından qalıq qalmışdır. Elektrik sayğacına çəkilmiş 185 manat xərci də cavabdeh özü ödədiyi üçün iddiaçının icarə haqqısından çıxmışdır. Oktyabr ayında cavabdeh müqaviləyə uyğun 80 manat ödəniş etmiş, noyabr ayında isə ümumiyyətlə ödəniş etməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 805 (100+185+220+300=805) manat icarə haqqı borcu yaranmışdır. İşin qeyd olunan halı tərəflərin izahatları ilə təsdiq edilmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 448.1-ci maddəsi). Sadalanan hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehdən ödənilməmiş icarə haqqında 805 manat icarə haqqı pulu alınaraq iddiaçıya verilməlidir. Bununla belə məhkəmə onu da qeyd edir ki, tələbin cavabdehin əmlakdan çıxacağı günə kimi ödənilməli icarə haqqının cavabdehdən alınaraq ona verilməsi hissəsi qeyrimüəyyən olduğundan və qətnamənin icrası zamanı çətinlik yaradacağından təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri yaşayış sahəsi və onun yerləşdiyi 0,009 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh ödənilməmiş icarə haqqının əvəzi kimi 805 (səkkiz yüz beş) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar